Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kadırov Çeçenistanı kənardan idarə edir
Kadırov Çeçenistanı kənardan idarə edir

Çeçenistanın rəhbəri Ramzan Kadırov müharibənin ilk mərhələsində həmişə iddialı açıqlamaları ilə seçilirdi. O, Ukrayna Prezidenti Volodimir Zelenskini hədələyir, qonşu dövləti tamamilə ələ keçirəcəklərini açıq dilə gətirirdi. Son vaxtlar Kadırovun səsi gəlmir. Çeçenistan rəhbəri vəziyyətin Kreml üçün heç də yaxşı olmadığını gözəl anlayır. Onun hətta respublikanı kənarda idarə etdiyi bildirilir.

Bizimyol.info xəbər verir ki, Rusiyada müstəqil jurnalistlər Çeçenistanın Kadırovun qohumlarının ümidinə qaldığını yazır. “Don” hətta bir aya yaxındır ictimaiyyət arasında görünmür. Onun vacib tapşırıqları Maldiv adalarından, Dubaydan verdiyi iddia olunur.

Kadırov bir-birinin ardınca qohumlarını yüksək vəzifələrə təyin edir. Hökumətə yaxın media onun respublikada olması görüntüsü yaratmağa çalışır. Amma hiss olunur ki, kadrlar xeyli əvvəllə aiddir.

Kadırov yanvarın 29-da maliyyə təşkilatlarından birinin açılışında “iştirak edib”. Halbuki onun həmin günlərdə Maldiv adalarında olması dəqiqdir. Yerli media ictimaiyyəti sakitləşdirmək üçün əlindən gələni edir.

Kadırovun “Airbus ACJ319” təyyarəsi fevralın 1-də Qroznıdan Moskvaya uçub. Ertəsi gün təyyarə Maldiv adalarına istiqamət alıb. Uçuşu mümkün qədər gizli həyata keçirməyə çalışıblar. Dəyəri 80 milyon dollar olan təyyarə sonradan Çeçenistanda fevralın 5-də görünüb. Bundan sonra hava gəmisi yenə yoxa çıxıb.

Çeçenistan rəhbəri fevralın 2-də Maldiv adalarından qardaşı oğlu Həmzət Kadırova vəzifə verib. O, yaxınını əmlak və torpaq münasibətləri naziri təyin edib. Kadırov bu barədə “VKontakte”də yazıb: “Kimə inanıramsa, onu da təyin edirəm”.

Kadırov təkcə yanvar-fevral aylarında iki həftə respublikadan kənarda olub. Hələ ilin əvvəlində onun “Airbus ACJ319” təyyarəsi Dubayda görünmüşdü.

Kadırov vəzifə paylayanda öz övladlarını da unutmur. 2021-ci ildə qızı Ayşatı mədəniyyət naziri etmişdi. 2022-ci ildə isə oğlu Əhməd uşaq və gənclər təşkilatına rəhbərlik etməyə başlayıb. Digər qardaşı oğlu İbrahim Zakriyev də vəzifəsiz qalmayıb.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »