Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya məhkum qadınları müharibəyə göndərir
Rusiya məhkum qadınları müharibəyə göndərir

Rusiya Ukrayna ilə müharibəyə qadın məhbusları cəlb etməyə başlayıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd edilir ki, onlar artıq Rusiya ərazisində hərbi təlimlərə başlayıblar.

Yaxın vaxtlarda rus qadın məhbusların müharibədə müxtəlif sahələrə cəlb ediləcəyi qeyd olunub. Bu isə onu deməyə əsas verir ki, Rusiya Silahlı Qüvvələrində ciddi itkilər var və Rusiya bu itkilərin yerini qadın məhbuslarla doldurmağa çalışır. Ya da Ukraynanın da iddia etdiyi kimi onlar sadəcə müharibəyə “ətdən çəpər” rolunu oynamağa göndərilirlər.

Politoloq Məhəmməd Əsədullazadə bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiyanın Ukrayna ilə müharibəyə qadın məhbuslar göndərməsi Rusiya silahlı qüvvələrində şəxsi heyət arasında problemlərdən irəli gəlir. Politoloqun fikrincə, fərariliyin artması, Ukrayna silahlı qüvvələrinə könüllü təslim olma halları da getdikcə çoxalıb.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

Təbii ki, bu da Rusiya silahlı qüvvələrində ciddi böhran olduğunu göstərir. M.Əsədullazadə hesab edir ki, məhbusların Ukrayna ilə müharibəyə göndərilməsi və bu xüsusda hərbi təlimlərə cəlb edilməsi heç də qadınların yüksək döyüş qabiliyyətinin yüksəldilməsinə xidmət etməyəcək.

“Bu cinayətkar, həbsdə olan qadınları prossesə qoşmaq heç də uğurlu deyil. Müharibənin bir ili tamam olur və bu bir il ərzində Rusiya öz hərbi və siyasi hədəflərinə çatmayıb. Heç Dombasın inzibati sərhədlərinə çata bilməyib. Artıq Qərbdən də Ukraynaya ağır silahlar, ballistik raketlər və uzaqvuran artilleriya sistemləri verilir. Bu da yaxın günlərdə müharibənin daha da müsibətli şəkildə davam edəcəyini göstərir”-deyə ekspert bildirib.

O, vurğulayıb ki, yaz aylarında Ukraynanın hücuma keçməsi də gözlənilir. Qərb, xüsusən Vaşinqton prossesi idarə edir və müharibənin əsas fazası apreldə daha da aydın olacaq. Bundan sonra diplomatik danışıqlar da başlaya bilər.

“Ümumilikdə Rusiya öz hədəflərinə çatmadı. Bu prosses danışıqlar üçün tərəflər arasında hər-hansı bir ciddi orta məxrəcə gəlmək üçün də uyğun deyil. Nə Moskva, nə də Kiyev öz şərtlərindən geri çəkilmir. Burada Moskvanın irəli sürdüyü şərtlər qeyri-qanunidir. Ona görə də müharibə davam edəcək və bu gərginlik yalnız döyüş meydanında həll ediləcək”.

İlahin, Bizimyol. info

Son xəbərlər
Bütün xəbərlər »