Bir neçə gün öncə Türkiyədə təhlükəsizlik ilə əlaqədar bəzi ölkələr diplomatik və konsulluq nümayəndəliklərini müvəqqəti bağlayıb.
Bura ABŞ, Hollandiya, İsveçrə, İsveç, İngiltərə, Almaniya, Belçika, Fransa və İtaliya daxildir. Bu ölkələrin nümayəndəlikləri Xarici İşlər Nazirliyinə çağırılıb və onlara Ankaranın mövqeyi izah edilib.
Türkiyə Daxili İşlər naziri Süleyman Soylu isə səfirliklərin bu addımını psixoloji müharibə adlandırıb. Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi analitik Hasan Oktay bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Türkiyə seçkidən əvvəl çox ciddi bir dövrünü yaşayır. Rəcəb Tayib Ərdoğan yenidən seçilmək, müxalifət isə Ərdoğanı iqtidardan göndərmək üçün böyük bir mübarizəyə girişib.

Politoloqun fikrincə, bu mübarizə bütün dünyanın diqqətini öz üzərinə çəkib.
“İsveçdə Quranın yandırılması hadisəsi Türkiyədə daxili siyasətdə vasitəyə çevrildi. Hökümət rəsmiləri mütəmadi olaraq İsveçə əlaqəli olan bu hadisə ilə bağlı etirazlarını bildirirdilər.
Bu etirazlar zaman-zaman təhdid hərəkətlərinə çevrilməyə başladı. Daha sonra İŞİD-in yaxın zamanlarda hərəkətə keçəcəyi ilə bağlı xəbərlər gündəmdə yer aldı”-deyən politoloq qeyd edib ki, bəzi ölkələr İstanbulda 11 noyabrda törədilən canlı bomba hadisəsi kimi bir partlayış və ya birbaşa səfirliklərə hücum ehtimalını nəzərə alaraq İstanbuldakı konsulluqlarını bağlayır və bu hadisələrdə hədəf olmaq istəmirər.
Hasan Oktayın sözlərinə görə, Daxili İşlər naziri Süleyman Soylu hər nə qədər terror hadisələrinin olmayacağını, buna icazə verilməyəcəyini və eyni zamanda Türkiyədə teror aktlarının törədilməyəcəini desə də, dekabrın 30-da Ankaranın mərkəzində Sinan Atəşin öldürülməsi ilə bağlı heç bir söz deməməsi, hadisənin araşdırılmaması, hətta qatilləri istiqamətləndirənlərin məlum olmasına rəğmən hərəkətə keçməməsi, konsulluqları ciddi şəkildə narahat etmişdi.
O qeyd edib ki, Avropa Birliyi bu konsulluqların bağlanılması davranışı ilə iqtidara Avropa Birliyinə daxil olma mövzusunda açıq şəkildə mövqe bildirmiş oldular.
NATO ölkələri də eyni zamanda İsveç mövzusunda Türkiyənin münasibətinə görə mövqe tutmuş oldular.
“Seçkilərlə əlaqəli hərəkət olmamaqla yanaşı seçki nəticələrinə təsir edəcək olan bu mövqe qarşısında Türkiyə seçkiləri deyil, Türkiyənin gələcəyini nəzərə alaraq, Aİ və NATO ilə yenidən müzakirələri davam etdirməyə və bu səhv başadüşülmələri aradan qaldırmağa çalışmaldırlar”-deyə politoloq vurğulayıb.
İradə Cəlil, Bizimyol.info