Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya yenidən Kiyevə hücum edə bilər - Polşanın baş naziri
Rusiya yenidən Kiyevə hücum edə bilər - Polşanın baş naziri

"Rusiya diktatoru Vladimir Putin heç vaxt təslim olmayacaq və buna görə də, ondan Ukrayna paytaxtını ələ keçirmək üçün yeni cəhd gözləmək olar".

Bizimyol.info xəbər verir ki, bunu Polşanın baş naziri Mateuş Moravetski Almaniyanın "Bild" nəşrinə müsahibəsində deyib.

“Hesab edirəm ki, təəssüf ki, Vladimir Putin təkcə Ukraynaya nifrət etmir, o, həm də xalqına bir daha göstərmək istəyir ki, uzun müddətli oynayır, heç vaxt təslim olmayac və yenidən Kiyevə hücum edəcək. Bəli, qorxularım ki, bu, baş verəcək”, - deyə Moravetski bildirib.

Polşa hökumətinin başçısı vurğulayıb ki, Rusiya 200 mindən 500 minədək insanı səfərbər edib, həmçinin çoxlu sursat, silah və maliyyə resurslarına malikdir. Moravetski hesab edir ki, mövcud resurslar Ukraynaya 2-3 istiqamətdən hücum etmək üçün kifayət edə bilər: “Məncə, Putin və onun Rusiya ordusunun yeni baş komandanı təyin etdiyi Valeri Gerasimov kimi adamlarının planı Ukraynanı mühasirəyə salmaqdır. Və bütün bu planları hazırlayarkən, yəqin ki, iki-üç fərqli istiqamətdən hücuma keçməli olduğunu düşünür. Ona görə də hesab edirəm ki, ukraynalılar Belarusdan – Ukraynanın şimalında hücumları istisna edə bilməzlər, ona görə ki, Kiyev Qərbdən mühasirəyə alına bilər”, - deyə o əlavə edib.

Moravetskinin sözlərinə görə, böyük hücum mart və ya apreldə, bütün palçıq və bataqlıqların quruduğu vaxt başlaya bilər.

Son həftələr Rusiyanın yeni genişmiqyaslı hücuma başlaya biləcəyi ilə bağlı xəbərlər getdikcə artır. Hələ dekabr ayında Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı xəbərdarlıq etmişdi ki, Rusiya Kiyevə və Ukraynanın digər şəhərlərinə hücum üçün çoxlu sayda əsgər hazırlayır.

Milli Təhlükəsizlik və Müdafiə Şurası da Rusiya Federasiyasının maksimum eskalasiyaya hazırlığı barədə xəbərdarlıq edib, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı qeyd edib ki, işğalçılar fəal şəkildə kəşfiyyat aparır və bəzi istiqamətlərdə hücuma hazırlaşır. Rusların yeni hücuma hazırlaşması ilə bağlı məlumatları NATO-nun baş katibi Yens Stoltenberq və Amerika Müharibənin Öyrənilməsi İnstitutunun analitikləri də təsdiqləyir.

Milli Təhlükəsizlik və Müdafiə Şurası hücumun 1-2 ay ərzində baş tuta biləcəyini bəyan edib. Eyni zamanda, Ukraynanın müdafiə naziri Oleksiy Reznikov hesab edir ki, Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı işğalın ildönümünü andıran yeni hücum vaxtını təyin edə bilər. Reznikov deyir ki, işğalçılar iki istiqamətdə hücuma cəhd edə bilərlər: "Bu Donbass da ola bilər, cənub istiqaməti də seçilə bilər", - deyib.

Litva Silahlı Qüvvələrinin komandanı Valdemaras Rupşisin sözlərinə görə, Rusiya Federasiyası Ukrayna ordusu daha çox Qərb texnikası almamışdan əvvəl bu hücumu həyata keçməyə tələsir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »