Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada komediya filmindən Putinin tənqidçilərinin kadrlarını siliblər
Rusiyada komediya filmindən Putinin tənqidçilərinin kadrlarını siliblər

Rusiyada bütün istiqamətlərdə ifadə azadlığı boğulur, Kremlə, ölkə rəhbərliyinə qarşı tənqid qəbul olunmur. Buna görə şimal dövlətində repressiya hökm sürür. Söz azadlığının tamamilə məhvi üzündən Rusiyanı neçə-neçə siyasət adamı, incəsənət xadimi tərk edib. Kreml onları istənilən halda cəzalandırmağa çalışır. Həmin şəxslərin ölkədəki obyektlərinin müsadirə olunacağı gözlənilir. Aktyorların isə hətta filmlərdəki kadrları silinir.

Bizimyol.info xəbər verir ki, “Eduard Surovı. Braytonun göz yaşları” filmi ekranlara yarımçıq çıxıb. Çünki Putinin tənqidçisi kimi tanınan Maksim Qalkin və İvan Urqantın filmdəki kadrları silinib.

Alla Puqaçova, Maksim Qalkin Maksim Qalkin və Alla Puqaçova uşaqları ilə birlikdə

Film 2019-cu ildə istehsal edilib. Əvvəllər də ekranlara çıxıb. Bu dəfə isə TNT-də yarımçıq peyda olub. Daha Qalkinlə Urqantı burada görmək mümkün deyil. Üstəlik, filmdəki bu ifadələr də silinib: “Partiya bizə deyəcək “sağa”, biz dərhal sağa gedəcəyik. Düz iş üçün sağa gedirik. Birdən desələr, sola da gedəcəyik”.

Telekanaldan bildiriblər ki, senzurasız versiyaya striminq servisi olan “TNT-Premier”də baxmaq mümkündür. Maksim Qalkin və İvan Urqant Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayan kimi bunu pisləmişdilər. Qalkin tezliklə həyat yoldaşı Alla Puqaçova ilə ölkəni birdəfəlik tərk etmişdi. Eyni yolu tutan Urqant da hakimiyyətin düşməninə çevrilib. Birinci kanal aktyoru cəzalandırmaq üçün onun iştirakı ilə əyləncəli proqramı ləğv etmişdi.

Keçən il sentyabrın 16-da Rusiya Federasiyası Ədliyyə Nazirliyi Maksim Qalkini “xarici agent” elan edib. Qurum Qalkinin siyasi fəaliyyətlə məşğul olduğunu və xarici mənbədən – Ukraynadan vəsait aldığını iddia etmişdi. Puqaçova məsələyə biganə qalmamışdı. Məşhur müğənni həyat yoldaşının müdafiəsinə qalxmışdı. O, Putinə məktub yazaraq özünün də “xarici agent” elan olunmasını istəmişdi. Kreml buna heç bir reaksiya verməmişdi.

İncəsənət adamlarının kino nümunələrindəki kadrlarının silinməsi təklifi ilk dəfə bu ilin ilk günlərində Dövlət Dumasında səslənmişdi.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »