Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
MTN generalı: “İranlı casus snayperlə Prezidentə sui-qəsd hazırlamışdı”
MTN generalı: “İranlı casus snayperlə Prezidentə sui-qəsd hazırlamışdı”

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin keçmiş rəisi, 2021-ci ilin aprelindən həbsdə olan general Mövlam Şıxəliyev, eləcə də üç polkovnik Sahib Ələkbərov, Yasin Məmmədov və Vüsal Ələkbərov onlar haqqında Bakı Hərbi Məhkəməsinin çıxardığı 8 ildən 12 ilə qədər həbs hökmündən narazı qalaraq, apellyasiya şikayəti veriblər. Onların şikayətinə hazırda Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyilə baxılır.

Bizimyol.info xəbər verir ki, yanvarın 30-da keçirilən məhkəmə iclasında general Mövlam Şıxəliyev çıxış edib. O bildirib ki, verilən ittihamların heç birini qəbul etmir, özünü təqsirli bilmir: “Biz Müdafiə Nazirliyinin işçiləri deyilik. Mən də korpus komandiri deyiləm ki, işçilərin hamısı mənə tabe olsun, göstərişlərimi yerinə yetirsin. Mən idarəyə daxil olan sənədlərin qeydiyyatına nəzarət eləmişəm, bölgüsünü həyata keçirmişəm. Nəzarətdə saxlamışam ki, süründürməçilik olmasın. İttihamı elə yazıblar ki, sanki istintaq qrupunun üzvləri bizimlə oturub, görüb ki, mən öz işçilərimi yığıram, onlara tapşırıq verirəm, sonra rüşvət toplayıram. Qanunda da yazılıb, istintaqa prosessual rəhbərliyi prokuror həyata keçirir. İstəmirəm, jurnalistlər gedib yazsınlar ki, Mövlam Şıxəliyev hər şeyi prokurorluğun üstünə atdı. Mənə nə Baş prokuror, nə Rüstəm Usubov qanunsuz göstəriş verib. Mən deyirəm ki, ümumiyyətlə, təqsirim yoxdur. Mənə 32 epizod üzrə ittiham verilib. Heç bir epizod üzrə bircə sübut ortaya qoyulmayıb”.

Təqsirləndirilən general bildirib ki, MTN işi üzrə Baş prokuror Kamran Əliyevə də yalan məlumat verilib. Mövlam Şıxəliyev deyir ki, ittihamda ona 2008-ci ildə general rütbəsi alması münasibətilə “Vertu” telefonu verildiyi yazılıb. Halbuki, o, bu rütbəni 2010-cu ildə alıb: “Bu məsələni belə, araşdırmayıblar. Yazıblar ki, guya mən 28 May küçəsində evimin qapısında rüşvət alanda kənardan bunu görüblər. Halbuki, mən 28 May küçəsində yaşamamışam. Mənim evim Nizami küçəsindədir, Maliyyə naziri Samir Şərifovla qapı qonşuyuq”.

Bu cinayət işində zərərçəkmiş qismində tanınanlardan biri də ləğv olunmuş “Texnikabank”ın keçmiş rəhbəri Etibar Əliyevdir. İddia olunur ki, onu həbs edib, bir neçə milyonluq əmlakını əlindən alandandan sonra azadlığa buraxıblar. Mövlam Şıxəliyev bunu da təkzib edib: “Tamamilə yalandır. Onun həmin əmlakı necə satılıb, niyə araşdırılmadı? O əmlakı Eldar Ələkbərov adlı şəxs alıb, pulu notarial qaydada verilib ailəsinə. Ailəsi də kredit borclarını ödəyib. Ondan sonra da həmin əmlakı Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev alıb. Mənə nə aidiyyəti var bu məsələnin ki, mənə ittiham verilib? Etibar Əliyev mənim kabinetimdə həbsdən buraxılandan sonra olub. Onda da gəlmişdi ki, ölkədən çıxışıma stop qoyulub. Məlum oldu ki, əməliyyat idarəsi qoyub. Onda dedi ki, rəhbərliklə münasibəti var, özü həll edəcək. Vəssalam...”

Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Mövlam Şıxəliyev və onunla birlikdə mühakimə olunan digər üç nəfərə 8 ildən 12 ilə qədər həbs cəzası verilməklə yanaşı, onların orden və medalları, hərbi rütbələri də əllərindən alınıb. O, çıxışında bu haqda da danışıb:

“O mükafatlar, rütbələr bizə xidmətlərimiz qarşılığında verilib. Biz prezidentə sui-qəsdin qarşısını almışdıq. Heydər Əliyev mərkəzinin qarşısında iranlı casus ev kirayələmişdi, yüksək dəqiqliklə vuran snayperlə prezidentə sui-qəsd hazırlanmışdı. Vüsal Ələkbərov və Sahib Ələkbərovun sayıqlığı nəticəsində onun qarşısı alındı. O, uzunmüddətli həbsə göndərildi. Hacı Məmmədovun dəstəsi Bakıya vəlvələ salmışdı, 12 qətl hadisəsi törətmişdi. Biz necə çətinliklə onun qarşısını aldıq. Elmar Hüseynovun qatillərini aşkarladıq. Biz bu işlərə görə almışıq o rütbələri, orden və medalları. Bir cümlə ilə yazırlar ki, alınsın o rütbələr, orden və medallar...”

Mövlam Şıxəliyev Bakı Hərbi Məhkəməsinin hökmüylə müsadirə olunmuş əmlaklarının geri qaytarılmasını da tələb edir. Onun sözlərinə görə, həmin əmlakların bir qismi ailə üzvlərinə vərəsəlik əsasında keçib: “1953-cü ildə babamdan qalmış evi də müsadirə ediblər. Yaxud qızım 2004-cü ildə ailə qurub, 2014-cü ildə həyat yoldaşıyla birlikdə mənzil alıblar, həmin əmlakı da müsadirə ediblər...”

Növbəti məhkəmə iclasında digər sabiq MTN-çilər çıxış edəcək. Zərərçəkmişlər isə onların dediklərinə etiraz edir, onların danışdıqlarının həqiqətə uyğun olmadığını, özlərini müdafiə məqsədilə yalan söylədiklərini bildirirlər.

Mövlam Şıxəliyev 2021-ci ilin aprelindən həbsdədir. Sentyabrın 21-də Bakı Hərbi Məhkəməsində hökm oxunanda digər üç nəfər də məhkəmə zalında həbs edildi. Mövlam Şıxəliyev 12 il, Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edildi.

Cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən, hədə-qorxu ilə adamların 5 milyon 77 min manatının ələ keçirilməsindən söhbət gedir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »