Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün Məhəmməd Əmin Rəsulzadənin ad günüdür - Foto, Video
Bu gün Məhəmməd Əmin Rəsulzadənin ad günüdür - Foto, Video

“Bir kərə yüksələn bayraq, bir daha enməz”… Bu, Onun ifadəsi idi. O, Azərbaycanın müstəqil bir ölkə olacağına inanırdı. Bunun üçün mücadələ verirdi. Hətta Türk Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürk, Məhəmməd Əmin Rəsulzadə haqqında deyirdi: “Cənab Mehmet Emin, mən dünyaya gözümü sizdən 3 il əvvəl açmışam. Amma ilk Türk bayrağını siz qaldırmısınız. Bayraq enməsin deyə mən onu sizdən aldım və Türkiyə səmalarında dalğalandırdım. Enməz demişdiniz. Bu bayraq enməyəcək!”

Məhəmməd Əmin Rəsulzadə 1884-cü ilin bu günündə Bakının Novxanı kəndində dünyaya göz açmışdı. Din xadimi olan atası, övladına təhsil verməyi düşünür və onun “rus-müsəlman” məktəbinə qoyur. Məhəmməd Əmin Rəsulzadə təhsilini rus dilində davam etdirir. Rəsulzadə təhsil aldığı illərdə Azərbaycanın çağdaş tarixində ilk gizli təşkilat olan “Müsəlman Gənclər Təşkilatı Müsavat”ı yaradır. 1903-cü ildən başlayaraq, müxtəlif müxalifət qəzet və jurnallarında məqalələr yazmağa başladı. O dövrdə onun antimonarxist platforması və Azərbaycanın milli muxtariyyəti tələbləri onu sosial-demokratlar və gələcək kommunistlərlə birləşdirir. Rəsulzadə 1904-cü ildə ilk müsəlman sosial-demokrat təşkilatı “Hümmət”i yaradıb. Onun “Qaranlıqdakı işıqlar” adlı dramatik pyesi 1908-ci ildə Bakıda tamaşaya qoyulub.

Milli istiqlal savaşına öz dövründən başlayan Məhəmməd Əmin Rəsulzadənin ədəbi araşdırmaları çox maraqlıdır. Onun ədəbi tədqiqatları mühacirət dövrünə təsadüf edir. Həmin dövrə qədər M.Ə.Rəsulzadə özü bir neçə pyes yazsa da, daha çox publisist kimi mətbuatda məqalələri dərc edilib. Məhəmməd Əmin Rəsulzadə mühacirətdə Azərbaycan ədəbiyyatını yaxından izləyib, bütün yazıçıların həyat və yaradıcılığından yazıb.

Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Milli Davasına öncülük etmiş, bu davanı bütün türk xalqlarına göstərmişdi. 1908-ci ildə İrana gələn Rəsulzadə məqalələrində İran Türklərinin tarixini, mədəniyyətini və sivilizasiyasını, haqq səsini və bu dövrdən etibarən yaşadıqları ağrıları dilə gətirir. Rusiyanın təhdidi nəticəsində buradan çıxıb Türkiyəyə gedən Rəsulzadə İran Türkləri ilə bağlı yazılarını “Türk Yurdunda” dərc etdirib. Məhəmməd Əmin Rəsulzadə burada Türklük və islamla bağlı fikirlərini sərbəst ifadə edə bilmiş və onun kimi düşünən Ziya Gökalp, Yusuf Akçura, Ədalət Ağaoğlu kimi ziyalılardan ilham alırdı.

1913-cü ildə Məhəmməd Əmin Rəsulzadə Müsavat partiyasına qoşulur. Əvvəlcə panislamist, pantürkist və sosialist ideyalarını, daha dəqiq desək, Türk dünyası ilə daha böyük mədəni əlaqələrə meyilli olan panislamizmi təbliğ edir və nəticədə Azərbaycan millətçi partiyasına çevrilən Müsavatın qısa zamanda lideri olur. 1918-ci il mayın 28-də Rəsulzadənin başçılıq etdiyi Azərbaycan Milli Şurası müstəqil Azərbaycan Respublikasını elan edir. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra Rəsulzadə sovetləşməyə müqavimət göstərmək üçün Bakını tərk edir.

Məhəmməd Əmin Rəsulzadə ömrünün sonuna qədər Türkiyədə yaşayıb. O, 1928-ci ildən 1931-ci ilə qədər Türkiyədə müxtəlif məqalələr, qəzet və jurnallar dərc etdirməyə davam etdirib. Məhəmməd Əmin Rəsulzadə 1953-cü ildə Amerikanın Səsi ilə Azərbaycan xalqına müraciətində onun bir gün yenidən müstəqil olacağına ümid etdiyini vurğulayıb.

Məhəmməd Əmin Rəsulzadə 1955-ci ildə vəfat etmiş və Ankaradakı Cebeci Asri qəbiristanlığında dəfn edilib. Bu gün yolu Ankaradan düşən hər kəs, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət etməyi özünə borc bilir.

Ankara Asri məzarlığında Məhəmməd Əmin Rəsulzadənin məzarı Azərbaycan və Türkiyə bayraqları ilə əhatələnib. Xalq bu gün də Məhəmməd Əmin Rəsulzadəni ehtiramla anır.

Qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadənin xanımı Leyla Rəsulzadənin məzarı da Ankara da eyni məzarlıqda, amma Məhəmməd Əmin bəyin məzarından xeyli aralıda yerləşir. Ziyarətə gələnlər hər zaman öncə Məhəmməd Əmin bəyin məzarını ziyarət edir, ardınca Leyla xanımın məzarını…

Məhəmməd Əmin Rəsulzadənin xanımı Leyla Rəsulzadənin məzarı / Foto: İradə Cəlil, Bizimyol.info Məhəmməd Əmin Rəsulzadənin xanımı Leyla Rəsulzadənin məzarı / Foto: İradə Cəlil, Bizimyol.info

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »