Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Allahın "dəsti-xətti": Onu Qiyamətə məcbur etmək necə olur...
Allahın "dəsti-xətti": Onu Qiyamətə məcbur etmək necə olur...

İslam peyğəmbəri həzrəti Muhəmməd dünyaya gəlməmişdən 52 gün öncə həm ərəb, həm də ümumi İslam dünyasında “Allahın dəsti-xətti” kimi tanınan, zalimlər üçün ibrət, məzlumlar üçün isə iman, inanc və ümid qaynağı olan məşhur hadisə baş verir:

Həbəşistan hökmdarı tərəfindən Yəmən bölgəsinə vali olaraq göndərilən Əbrəhə, nəzarəti altında olan torpaqlarda zülmü ilə tanınıb, İbrahimin dinindən olanlara zorla xristianlığı qəbul etdirir, özünə biət etməyənləri isə sərt şəkildə cəzalandırıb, zülm edir. Məkkəliləri Kəbəni tərk edib, Sina adlanan bölgədə yerləşən bir kilsəni təvaf etməyə çağırır. Ancaq aralarında hənif dininin daşıyıcıları olanlar bunu rədd edir və İbrahimin dinini tərk etmirlər. Bundan qəzəblənən Yəmən valisi tərkibində fillərin də olduğu ordusu ilə Məkkə istiqamətində yürüşə keçir. Şəhərin girişindən bir qədər aralıda ordu çadır qurur və şəhər əhalisi nəzarətə götürülür. Şəhərdən kənarda məkkəli bir çoban dəvə otaran zaman Əbrəhənin əsgərləri qoyunları qabaqlarına qatıb aparırlar. Abdulmuttalib ibn Haşim (həzrəti Məhəmmədin babası) dəvələrinin oğurlandığını eşidib, onları geri almaq üçün Əbrəhənin çadırına gəlir və ondan dəvələrini istəyir. Əbrəhə, qarşısında duran bu qocanın dəvələrin sahibi olduğunu eşitdikdə təəccüblənir və bildirir ki, O, bura Məkkəni alıb, Kəbə evini yerlə yeksan etməyə gəlib, amma qarşısındakı qoca ondan sadəcə öz dəvələrini istəyir. Abdulmuttalib təmkinini pozmur: “Qoyunların sahibi mənəm, Kəbənin sahibi isə tək olan Allahdır. Mən öz qoyunlarımdan məsulam. Kəbənin rəbbi isə odur. O, öz evini qoruyar”.

Beləliklə, Abdulmuttalib öz dəvələrini alıb, Məkkəyə geri dönür. Bir neçə gün sonra Əbrəhənin piyada ordusu Məkkəyə hücuma keçir. Şəhərdən içəri girməmiş, ordunun qabağında gedən fillər ani olaraq dayanırlar və hərəkət etmək istəmirlər. Bu vaxt müqəddəs Qurani-Kərimin “Fil” surəsində anladılan o hadisə baş verir: əbabil quşları tərəfindən başlarına isti gil daşlar yağdırılan fillər qorxuya düşərək geriyə qaçan zaman Əbrəhənin piyadalarını əzib keçirlər. Kəbənin rəbbi olan Allah, azğın valinin ordusunun başına göydən daş yağdırıb, onları öz fillərinə əzdirir. Beləliklə də Abdullmuttalibin dediyi söz də doğrulanmış olur – Kəbənin rəbbi Kəbəni qoruyur...

Bu hadisə Allahın müqəddəs kəlamı Qurani-Kərimdə anladılan, İslama iman gətirənlərin isə inanıb qəbul etdikləri ayələrlə bizlərə bildirilir. Bəli, şəriki olmayan Allah öz evini qoruduğu kimi, öz kəlamını qoruyacağını da vəd edib: “Şübhəsiz ki, Quranı Biz nazil etdik və əlbəttə, onu Biz qoruyacağıq!” (Hicr surəsi, 9-cu ayə)

İsveçdə Qurani-Kərimi yandıraraq, İslam dünyasının qəzəbini üzərinə çəkənlər və İslamı öz siyasi ambisiyalarına, təxribatlarına alət edənlər, şübhəsiz ki, Əbrəhədən daha ağıllı, daha böyük dünyagörüşə sahib, Qərbin “çağdaş” insanlarıdır. Ancaq o çağdaş, modern dövlətlər yeri gəldiyi zaman, İslamın tarixini də, Qurani-Kərimin həqiqətlərini də sıravi müsəlmandan daha da yaxşı bilir, mənimsəyir, araşdırırlar.  Lakin bütün bunlara baxmayaraq, həmsərhədində az qala nüvə müharibəsinə çevriləcək bir “cəhənnəm”dən də sanki xəbərsizdirlər. Hər cümə bir Qurani-Kərim yandırmaqla hər iki cəhənnəmi özünə biraz da yaxınlaşdıranlar, yenə də o yandırdıqları kitabın ayələrində deyildiyi kimi, …kar, lal və kordurlar, doğru yola qayıtmazlar.

Qulaqlarının dibində get-gedə nüvə savaşına çevrilən bir müharibədə Qurani-Kərimi yandırmaq, uca Yaradanı Qiyamətə məcbur etmək deyil də, nədir?! Məşhur lətifədə deyildiyi kimi, Allah qarı dağın zirvəsinə düz bir il öncədən yağdırıb, daha necə xəbərdarlıq etməli idi…

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »