Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsraildə terror törədilib, nəticədə 7 nəfər ölüb
İsraildə terror törədilib, nəticədə 7 nəfər ölüb

Cümə günü gecə Şərqi Qüdsün Neve Yaakov yəhudi məhəlləsində sinaqoq qarşısında törədilən terror aktı nəticəsində 7 nəfər öldürülüb.

Bizimyol.info xəbər verir ki, bununla bağlı məlumatı İsrail polisinin mətbuat xidməti verib.

“Qüdsdə terror aktı törədilib. Bu gecə yerli vaxtla saat 20:30 radələrində bir terrorçu Qüdsdəki Neve Yaakov bulvarındakı sinaqoqa gəlib və yaxınlıqda olan bir neçə nəfəri atəşə tutmağa başlayıb. Tezliklə hadisə yerinə gələn polis qüvvələri terrorçunu müəyyən edib və ona atəş açıb. Terrorçu zərərsizləşdirilib”, - deyə polis tvitində bildirib.

"Terror aktı nəticəsində 7 günahsız insan həlak olub, çoxlu sayda insan yaralanıb", - məlumatda deyilir. Bundan əvvəl “The Jerusalem Post” və daha bir neçə İsrail mediası səkkiz nəfərin öldüyünü bildirib.

Şərqi Qüdsdə yəhudilərin yaşadığı Neve Yaakov rayonunda sinaqoqlardan birinin yaxınlığında silahlı hücum cümə günü axşam şənbənin başlamasından sonra baş verib. İsrail polisi dərhal hadisəni terror aktı kimi qiymətləndirdiklərini bildirib.

Şərqi Qüdsdə sinaqoqa hücum Fələstin-İsrail münaqişəsində gərginliyin artmağa başladığı bir vaxta təsadüf edib. Cümə axşamı İsrail təhlükəsizlik qüvvələri İordaniya çayının qərb sahilində yerləşən Cenin şəhərində genişmiqyaslı xüsusi əməliyyat keçirib və bu əməliyyatda məqsəd İsraildə terror aktları hazırlayan radikal İslami Cihad təşkilatının silahlıları olub. Basqın zamanı, müxtəlif mənbələrə görə, 6-dan 11-ə qədər fələstinli həlak olub.

Buna cavab olaraq, cümə günü gecə radikallar Qəzza zolağından İsrail ərazisinə bir neçə raket atıblar, onların hamısı ya İsrailin hava hücumundan müdafiə qüvvələri tərəfindən tutulub, ya da Fələstin anklavı ərazisinə düşüb, itki yoxdur.

Bundan sonra İsrail Müdafiə Qüvvələrinin Hərbi Hava Qüvvələri elə həmin gecə Qəzza zolağına zərbələr endirib və radikal HƏMAS hərəkatının iki hədəfini vurub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »