Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Tehranda Azərbaycan səfirliyinə hücumla bağlı başsağlığı verib.
“Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyirəm. Diplomatik missiyalara qarşı hücumlar qəbuledilməzdir. Azərbaycanla həmrəy olduğumu və qurbanlara başsağlığımı bildirirəm”.
Xatırladaq ki, bu gün səhər saatlarında Azərbaycanın Tehranda səfirliyinə silahlı hücum olub. Hadisə zamanı iki nəfər xəsarət alıb və səfirliyin mühafizə orqanının əməkdaşı həlak olub. İran polisi hadisənin məişət zəmnində törədildiyini qeyd etsə də, terrorun öncədən planlaşdırılmış, məqsədli şəkildə həyata keçirilən hadisə olduğu ehtimalı da var.Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı açıqlama yayıb.
Nazirliyin məlumatında qeyd edilir ki, səfirliyin yerləşdiyi ölkə olaraq İran tərəfi Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn səfirliyin mühafizəsinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq öhdəliyini yerinə yetirməli idi. Son zamanlar İranda ölkəmiz əleyhinə anti-Azərbaycan kampaniyasının aparılmasının diplomatik missiyamıza qarşı bu kimi hücumlara rəvac verdiyi qənaətindəyik.
İran tərəfindən sözügedən terror hücumunu törədənlərin, habelə bu qanlı əməlin sifarişçilərinin ən qısa müddətdə müəyyən edilərək ən sərt şəkildə cəzalandırılmasını qətiyyətlə tələb edirik.
İlahin, Bizimyol.info