Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda ana və balalarının qətli: yenidən məhkəmə istintaqı tələb olunur
Bakıda ana və balalarının qətli: yenidən məhkəmə istintaqı tələb olunur

Bakıda baldızı Gülnar Qaraxanova və onun iki azyaşlı övladı - 11 yaşlı Ataxan və 14 yaşlı Lamiyə Qaraxanlıları qətlə yetirməkdə ittiham olunan Əhəd Əliyevin işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində gedən araşdırmalar yekunlaşıb. Prokuror uzun illər müəllim kimi fəaliyyət göstərmiş, hətta bir müddət məktəb direktoru vəzifəsində də işləmiş Əhəd Əliyevə ömürlük həbs cəzası verilməsini istəyib.

Bizimyol.info xəbər verir ki, Əhəd Əliyev və onun vəkili məhkəmə istintaqının təzələnməsini istəyir. Onlar hesab edir ki, bir sıra əhəmiyyətli məsələlər araşdırılmayıb. Əhəd Əliyev məhkəmədə bildirmişdi ki, hazırda boşandığı həyat yoldaşı Nərmin Əliyevanın hadisə baş verən gün, ümumiyyətlə, o ərəfədə kimlərlə telefonla əlaqə saxlaması, harada olması dəqiqləşdirilməlidir. Onun fikrincə, keçmiş həyat yoldaşı bir çox məsələlər haqda məlumatlıdır.

Hakim Nərmin Əliyevaya həvalə etmişdi ki, mobil operatordan həmin müddətə aid məlumatları alıb, məhkəməyə təqdim etsin. Lakin budəfəki məhkəmədə məlum olub ki, qadın mobil operatordan həmin məlumatları alıb, təqdim edə bilməyib.

Təqsirləndirilən şəxsin vəkili vəsatət qaldırıb ki, məhkəmə istintaqı yenilənsin, hakim özü sorğu göndərib, mobil operatordan lazım olan məlumatları alsın: "Vətəndaşa vermirlərsə, məhkəmə sorğu göndərsin. Məhkəmə bu iş üzrə əhəmiyyətli olan bir çox məsələləri araşdırmayıb. İstintaqdan gələn materialları təsdiqləməklə işi bitirmək olmaz. Bu çox ağır işdir, hərtərəfli araşdırma aparılmalıdır. İstintaqın təzələnməsi üçün kifayət qədər əsaslar var. Əhəd Əliyevi müayinə edən ekspert məhkəmədə dindirilsin. Çünki o ekspert rəy verib ki, üzərində xəsarət yoxdur. Amma o, elə ağır işgəncəyə məruz qalıb ki, xəsarətlərə görə təcridxana onu qəbul eləməyib. Xəsarətlərlə bağlı işin içində sənəd də var".

Dövlət ittihamçısı isə bildirib ki, Əhəd Əliyevin işgəncə şikayəti Nizami rayon Prokurorluğunda araşdırılıb və cinayət işi başlanması rədd olunub. Çünki işgəncə faktı təsdiqini tapmayıb.

Prokurorun sözlərinə görə, Əhəd Əliyevin bu cinayəti törətməsini təsdiqləyən konkret sübutlar var: hadisədən sonra ondan tapılan böyük məbləğdə pul, ayaqqabısının altından tapılan qan ləkəsinin uyğunluğu, cinayətin baş verdiyi evdəki siqaret kötüyündəki ağız suyu və s.

Dövlət ittihamçısının sözlərinə görə, hadisədən dərhal sonra Əliyev gedib özünə bahalı mobil telefon alıb, xeyli pul xərcləyib.

Prokuror təqsirləndirilən şəxsə ömürlük həbs cəzası verilməsilə yanaşı, ondan götürülən pulun zərərçəkmişlərin hüquqi varisi qismində tanınan Fəsahət Qaraxanova qaytarılmasını təklif edib. O, qətlə yetirilən Gülnar Qaraxanovanın həyat yoldaşı, uşaqların isə atasıdır.

Fəsahət Qaraxanov istintaqın təzələnməsinə də etiraz edib. O, iddia edib ki, ailəsinin qatili elə Əhəd Əliyevdir, ona ömürlük həbs cəza verilməsi tələbilə razıdır.

Məhkəmə də istintaqın təzələnməsi haqda vəsatəti təmin etməyib. Vəkilə çıxışa hazırlaşmaq üçün fevralın 3-nə qədər vaxt verib. Vəkildən sonra 42 yaşlı Əhəd Əliyev son sözünü deməli, ardınca hökm elan olunmalıdır.

Bu iş üzrə məhkəmənin gedişində məlum olub ki, hadisə yeri ilə bağlı videogörüntülərin bir hissəsi silinib. Bu barədə hakim məhkəmədə həmin ərazi üzrə polis bölməsinin rəis müavini işləmiş, hazırda isə Polis Akademiyasında çalışan Natiq Hüseynov dindirilərkən bildirib.

Hakim Rahib Salmanov deyib ki, əlindəki cinayət işinin materiallarını araşdırıb təhlil etməklə bu cinayətdə ikinci bir şəxsin də iştirakının olmasından şübhələnir. Xüsusilə cinayətin hərtərəfli araşdırılması baxımından əhəmiyyətli olan videogörüntülərin bir hissəsinin silinməsi də müəyyən şübhələr yaradıb.

Hakim bildirib ki, bu işin sonunda Baş Prokurorluğa tədbir görülməsi üçün məktub göndərəcək.

Hadisədən əvvəl qonşular evdən səs-küy gəldiyini eşidib, polisə məlumat veriblər. Polislər gəlib qapını döyüblər. Uşaqlardan biri gəlib, qapının arxasından deyib ki, atası içkilidir, yatıb, anası isə qapını açmaq istəmir.

“Qonuşlardan biri dedi ki, qadın başı bağlıdır, elə də qabağa çıxmır. Bu vaxt uşaq bildirdi ki, şikayətimiz yoxdur, gedə bilərsiz. Ona görə qayıdıb getdik...”, - məhkəmədə polis əməkdaşı Ramil Hacıyev həmin vaxt mənzilə daxil olmamalarını belə izah edib.

O, mənzil toxunulmazlığı hüququnu yada salaraq, qapını sındırmamalarının səbəbini də əsaslandırıb. Deyib ki, hər şikayətə görə mənzilin qapısı sındırıla bilməz: “Üstəlik, qonşuların qadının mühafizəkar olması haqda dedikləri uşağın “anam qapıya gəlmək istəmir” deməsilə üst-üstə düşdü. Ona görə ağlımıza gəlməzdi ki, uşaq kiminsə təzyiqi altında elə deməyə məcbur edilir”.

Lakin polislər bölməyə durum haqda məlumat veriblər. Onlar da öz növbəsində Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinə xəbər çatdırıblar. Xilasedicilər biləndə ki, azyaşlıların valideyni yanındadır, geri qayıdıb: “Xilasedicilər bildirdilər ki, azyaşlının yanında valdieyni varsa, biz müdaxilə edə bilmərik”.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »