Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hamımızın borcu varmı: "Bu vəziyyət "borc qiyaməti" vəd edir"
Hamımızın borcu varmı: "Bu vəziyyət "borc qiyaməti" vəd edir"

Borc kapitalizmin ayrılmaz bir hissəsidir. Bu gün sistemi istər mikro, istərsə də makro səviyyədə borcsuz təsəvvür etmək olmur. Məsələ təbii ki, nə vaxtsa qaytarılmaq şərti ilə bir miqdar vəsaitin borc götürülməsi qədər sadə deyil. Bu gün həm dövlətlər, həm də özəl sektor əhalini vergi və ya qiymət yükünə məruz qoymamaq və eləcə də cəmiyyəti müxtəlif yatırım alətləri ilə təmin etmək məqsədilə qiymətli kağızlar bazarında borclandırırlar.

Yaxud da, hansısa meqa infrastruktur layihəsini gerçəkləşdirmək üçün vahid büdcə əvəzinə bu yolla maliyyə resursu təmin etmək bəzən daha səmərəli olur. Çünki büdcədən fərqli olaraq, borc həm də daha geniş maliyyə resursu, məsuliyyət və xərclərə qənaət deməkdir. Məhz bu amil kapitalizmin təbiətindən irəli gəldiyi üçün borc məsələsi də kapitalizmin özü qədər mürəkkəbdir. Bu barədə bizimyol.info xəbər portalına iqtisadşı Pünhan Musayev danışıb. Onun sözlərinə görə, bəzən hansısa ölkənin kifayət qədər maliyyə resursları olmasına baxmayaraq, yenə də bu həmin cəmiyyətdə narahatlıq yaradır. Bu da borcun özünəməxsus xüsusiyyətlərindən irəli gəlir.

Pünhan Musayev Pünhan Musayev

“Borc təkcə vəsait cəlbi demək deyil, həm də qiymətli kağız bazarı, pul-valyuta bazarının formalaşmasına təsir etdiyindən, ölkənin maliyyə siyasətində özünəməxsus rola malikdir. Hansı ki, iqtisadiyyat üçün önəmli göstəricilərdən biri olan faiz dərəcəsi məhz borc bazarında formalaşır. Qlobal səviyyədə cərayan edən son prosseslər də göstərdi ki, xüsusilə inflyasiya ilə mübarizə aparan ölkələrin heç də hamısı məhz borc yükünə görə faiz dərəcələrini artıra bilmədilər. Halbuki müəyyən (əsasən ÜDM-ə olan optimal nisbət qədər) borcun olması elə də böyük təhlükə hesab edilmir”-deyən iqtisadçının fikirncə, borc onda problemə çevrilir ki, ölkə və ya subyekt öz öhdəliklərini yerinə yetirə bilmir. Dünya isə artıq demək olar ki, bu mərhələyə gəlib çatıb. Son rəsmi məlumatlara görə, bu gün ümümdünya borcu, yəni dünyanın dünyaya (ölkələrin ölkələrə, firmalara, subyektlərə və yaxud əksinə olan) borcu 300 trilyon dolları keçib.

Ekspertin fikrincə, məsələ rəqəmin 100 və ya 700 trilyon dollar olmasında deyil, borcun dünya iqtisadiyyatına nisbətindədir ki, bu gün yaşadığımız dünyanın borcu dünya iqtisadiyyatından 3,5 dəfə çoxdur. Bu problem isə özünü daha çox aşağı gəlirli ölkələr qrupunda göstərdi. Hansı ki, bu ilə qədər onlardan bir neçəsi defolt elan etdi.

“Borc ödənilə bilmədikdə ağıla gələn ilk variant isə borcun restrukturizasiyası, yəni ödənişin müddəti və ölçüsünün dəyişdirilməsidir. Hansı ki, 1980-ci illərdə Latın Amerikasının borc böhranı bu yolla aradan qaldırılmışdı. Lakin indi günki şərtlər bunun üçün əlverişli deyil. Çünki o dövrdə kreditorlar bir neçə böyük qərb təşkilatları idi. Vəziyyəti dəyişdirən isə Çinin son 20 ildə kreditor statusunu artırması oldu. Hətta G20 problemin öhdəsindən gəlmək üçün çərçivə formalaşdırsa da qərbli kreditorların payının azaldığı “Paris klubu” ilə məhdudlaşan bu layihənin uğurlu icrasına nail ola bilmədi.

Çin isə borcverən təyinatından alət deyil, məqsəd kimi istifadə edir. Ayrı-ayrı ölkələrə verilən kreditlər bu ölkələrin aşağı gəlirliliyi yox, sırf özündən asılılıq yaratmaq mənafeyindən irəli gəlir. Hətta yaxın günlərdə Afrikada keçirilən bir görüşdə də ABŞ maliyyə naziri bu məqama toxunmuşdu. Ancaq Çinin borc verən statusunun yaratdığı problemlər bununla da yekunlaşmır. Dünyanın 2-ci böyük iqtisadiyyatı bu gün çox ciddi böhranlarla mübarizədədir. Mütəmadi olaraq ortaya çıxan yeni variant virus yoluxmaları, iqtisadiyyat üçün ən təhlükəlisi hesab olunan daşınmaz əmlak böhranı, iqtisadi artımın əsas drayveri olan demoqrafik nisbətin yarım əsrdən sonra azalması kimi neqativ tendensiyalar ümumilikdə dünya iqtisadiyyatını təhdid etməklə, artıq “köpük” halı almış qlobal borc bazarı üçün də "qırmızı" siqnal anlamına gəlir”.

Görünən odur ki, önləyici tədbirlər dəstinin darlığı və davam edən gedişat perspektivdə dünya üçün misli görünməmiş "borc qiyaməti" vəd edir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »