Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Diplomatik" bir qətlin tarixçəsi
"Diplomatik" bir qətlin tarixçəsi

Birinci hal deyil. Təəssüf ki, sonuncu da olmayacaq. Azərbaycanın xarici ölkələrdəki diplomatları təhlükədədir. Sadəcə, diplomatlar deyil, bütövlükdə diplomatiya!

Oxşar vəziyyətdir. Bu dəfə daha ağırından. Böyük Britaniyadakı səfirliyimizə hücumda da İran izi vardı. Fransadakı səfirliyimizə qarşı da oxşar aksiya törədildi. Orda erməni diasporu şirma idi; arxasında duranlar vardı. ABŞ-da Azərbaycan səfirliyinin maşını atəşə tutulmuşdu. Oxşar situasiya. İndi isə bu terrorçuluğun arxasında duranın özü öz imzasını atdı; Tehrandakı Azərbaycan səfirliyinə hücum edildi. Səfirliyin mühafizə xidmətinin rəisi öldürüldü, mühafizəçilər yaralandı. Hücum edən Yasin Hüseynzadə İran vətəndaşıdır; SEPAH-a bağlılığı ehtimalı var. Hadisəyə erməni izi qarışdırırlar ki, həqiqi izi itirsinlər.

Əslində, doğrudur, son vaxtlar İranla Ermənistan arasında Azərbaycana qarşı "diplomatiya terroru" sahəsində sıx əməkdaşlıq var. İlk addımı İran atmışdı; İranın İrəvandakı səfiri Ermənistan-Azərbaycan sərhədlərinə səfərlər edir, diplomatik qaydaları heçə sayan davranışlarda bulunurdu. Sonra İran Ermənistanın Azərbaycanla sərhəddindəki Qafan şəhərində konsulluq açıldı. Bu da təxribatçı bir addım idi. Ermənistan və İran Azərbaycana qarşı sinxron təxribatçı bəyanatlar verdilər. Azərbaycan sərhədləri boyu İran silahlı qüvvələri intensiv təlim keçirdi, SEPAH Azərbaycana hərbi müdaxilənin məşqini etdi. Xankəndinə İrandan 14 nəfərlik terrorçu qrup göndərildi və sair. Azərbaycan da buna qarşı addımlar atmağa başladı. Belə addımlardan biri də İsraildə səfirlik açmaq idi. İran buna cavab olaraq Tehran və İrəvan şəhərlərinin qardaşlaşması haqqında bəyanat gəldi bu paytaxtlardan. İran bununla birmənalı şəkildə Ermənistanın yanında olduğunu göstərdi. Son hadisə isə Tehrandakı səfirliyimizə silahlı hücumdur. Bu, çox ağır hadisədir. İrandakı xalq hərəkatı fonunda molla rejiminə "xarici düşmən" obrazı lazım gəlib. Çünki daxildəki üsyanlara qarşı daxildə effektli mübarizə apara bilmir İran rejimi. Ona təcili bir "düşmən" lazımdır. Bu qismdə Azərbaycanı seçib ki, bağlayıb öz cəmiyyətinin diqqətini daxili problemlərdən yayındırıb xaricə yönəltsin. Əks halda molla rejiminin yıxılmasa belə, xeyli qan itirməsi qaçılmazdır. Odur ki, parçaları birləşdirərkən Tehrandakı səfirliyimizə elə Tehranın hücum etdiyi haqda ehtimal daha inandırıcı görünür. Azərbaycanın özündə də İrana, yumşaq desək, simpatiya göstərənlər də Tehranın terrorçuluğuna şərikdirlər. Bilərək, ya bilməyərək, istəyərək, yaxud istəməyərək...

Seyid Əhmədli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »