Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qərbi Azərbaycanlıların “Qayıdış Konsepsiyası” təsdiqləndi
Qərbi Azərbaycanlıların “Qayıdış Konsepsiyası” təsdiqləndi

Ötən gün Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının iclasında “Qayıdış Konsepsiyası”nın layihəsi təsdiq edilib. “Qayıdış Konsepsiyası” indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir.

Milli Məclisin deputatı Müşfiq Cəfərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası hələ 18-ci əsrdən başlayıb. Belə ki, Böyük Ermənistan xülyasına düşən separatçılar 1918–1920-ci illərdə on minlərlə azərbaycanlının Zəngəzurdan qovulmasına səbəb olur.

Müşfiq Cəfərov Müşfiq Cəfərov

“1940-cı illərdə erməni gəlmələri üçün yer əldə etməyə görə daha on minlərlə azərbaycanlı Azərbaycana deportasiya olundu. 1988–1989-cu illərdə isə son etnik təmizlənmə vaxtı yerdə qalanlar qovuldular. O vaxt Qərbi Azərbaycanın 34 rayonunun adı dəyişdirilib, erməniləşdirildi, həmçinin azərbaycanlılara məxsus dini tarixi abidələr məhv edildi. Təbii ki bu barbarlığın altında bir niyyət yatırdı - Qərbi Azərbaycandan tamamilə izimizi silmək!”-deyən deputat bildirib ki, Vətən müharibəsindəki şanlı qələbədən sonra Qarabağa və Şərqi Zəngəzura "Böyük qayıdış"ı təmin edən Azərbaycan dövlətinin növbəti tarixi hədəfi qərbi azərbaycanlıların pozulan hüquqlarını bərpa edərək, onları əzəli yurdlarına qaytarmaqdır. Bu gün həmin fəaliyyətin reallaşdırılması üçün addımlar atılır. Artıq qərbi azərbaycanlıların da öz əzəli torpaqlarına qovuşması üçün bütün siyasi və diplomatik yollara müraciət olunur.

“Qərbi azərbaycanlıların İcması bu barədə bəyanatla BMT-yə də müraciət edib. Azərbaycan dövləti beynəlxalq hüquqa əsaslanaraq haqq və ədalətin bərpası üçün çalışır. Qayıdış üçün əvvəlcə coğrafi məkan müəyyənləşdirilib, həmin azərbaycanlıların respublikamızla xüsusi bağları nəzərə alınaraq onların maneəsiz əlaqəsinə şərait yaradılmalıdır. Çünki həmin şəxslər Azərbaycan vətəndaşı olaraq öz doğma torpaqlarına geri dönəcəklər. Bir sözlə, qərbi azərbaycanlıların sülh və təhlükəsizliyi dövlətimiz tərəfindən daima nəzarət altında olacaq. Əlbəttə ki, bu təhlükəsizliyə Ermənistan rəhbərliyi də cavabdeh olaraq təminat verməlidir. Bu gün Xankəndi və ətrafındakı erməni əsilli vətəndaşların təhlükəsizliyi və hüquqlarının Azərbaycan hökuməti tərəfindən təmin oluması öhdəlik kimi qəbul edilib”. Parlamentari vurğulayıb ki, Ermənistan hökuməti bu barışığa təşviq etmək üçün səylər göstərməli, dağıdılmış Azərbaycan mədəni irsini bərpa etməli, qorumalı, həyata keçirdiyi yer adları dəyişikliklərini ləğv etməli və azərbaycanlılara qarşı ayrı-seçkilik siyasətinə son qoymalıdır.

Qeyd edək ki, Qərbi Azərbaycan İcması da öz növbəsində azərbaycanlıların legitim nümayəndəsi və maraqlı tərəf kimi qayıdış prossesi və sonrakı dövrdə bütün müvafiq işlərdə aktiv və hüquqi əsaslar çərçivəsində iştirak edəcək.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »