Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Leopard"lar Rusiyanı hiddətləndirib: Almaniya və Polşa ərazisi vurulacaqmı?
"Leopard"lar Rusiyanı hiddətləndirib: Almaniya və Polşa ərazisi vurulacaqmı?
Rusiya ilə Qərb arasında “sivilizasiya müharibəsi”nə çevrilən Ukrayna cəbhəsində hər iki tərəf döyüşü davam etdirir. Rusiya lideri Vladimir Putinin Belarus istiqamətdən yaza doğru yeni və hərtərəfli quru əməliyyatı hazırladığı iddia edilir.

Putinin Ukraynadakı Rusiya qoşunlarının komandanı olan Hərbi Hava Qüvvələri generalı Sergey Surovikinin yerinə quru qoşunlarından olan general Valeri Gerasimovu Baş Qərargah rəisi təyin etməsi diqqət çəkib.

2014-cü ilin martında Krımın ilhaqına səbəb olan hərbi əməliyyata rəhbərlik edən Gerasimov 2022-ci il fevralın 24-də başlayan Ukrayna işğalı əməliyyatının baş memarı kimi də göstərilir.

Donetsk vilayətinin ələ keçirilə bilməyən yeganə şəhəri olan Baxmutu almağa cəmləşən rus qoşunları qarşısında silahları yetərsiz, sursatları tükənmiş Ukraynaya ABŞ və Almaniyadan kömək əli gəlib. Bu iki ölkənin Ukraynaya tank göndərmək qərarı müharibədə yeni mərhələnin başlanğıcını qoyur. ABŞ Ukraynaya hər cür dəstəyi verəcəyini təkrarlasa da, Kremlin sülh şərti Qərbin Krımdan başqa Donetsk, Luqansk, Zaporojya və Xersonun ilhaqını tanımasıdır. Beləliklə, gələcəkdə konsensus ehtimalı çox zəif görsənir.

Hər iki tərəfin gedişindən görünür ki, müharibə bitməyəcək. Qarşıdakı böyük mənzərə bizə bunu göstərir. Çünki Putin hər çıxışında Ukraynadakı müharibəni Rusiya ilə Qərb arasında “sivilizasiya uğrunda mübarizə” kimi qələmə verir.

ABŞ və müttəfiqləri də Rusiyaya 1812-ci ildə Napoleonun Moskva kampaniyasından bəri davam edən tarixi bir reflekslə baxırlar. Unutmayaq ki, bütün Avropanı Rusiya imperiyasına qarşı səfərbər edən Napoleondan sonra 1941-ci ildə Adolf Hitler işğal etdiyi Avropa ölkələri ilə birlikdə Sovet İttifaqına qarşı yürüş etdi.

Napoleon və Hitler kimi ABŞ da demək olar ki, bütün Avropa İttifaqı və NATO üzvü olan ölkələrdən Rusiyaya qarşı ittifaq yaratmağa çalışır. Koalisiyanın bu addımları və iqtisadi sanksiyaların tələsikliyi Rusiyanın Qərbə əsaslanan təhlükəsizlik narahatlıqlarını təşvişə salmaqla yanaşı, həm də Qərbdə “Türk problemi” və “Yəhudi problemi” kimi qədim məsələlərdən biri olan “Rus problem”ni yenidən alovlandırır.

Çünki artıq Rusiyada belə bir təsəvvür var: “ABŞ Qərbə dəstək verməklə Napoleon və Hitlerin həll edə bilmədiyi “Rusiya problemi”nə son qoymaq istəyir...”

Rusiya səhnəyə çıxsa da, Qərb Türkiyə və Çin problemi ilə də gərgin mübarizə aparır. Lakin hələlik Qərb dünyası özünün qlobal hegemonluğu üçün ən böyük təhlükə hesab etdiyi “Rusiya problemi”nə üz tutub. Bu kontekstdə o, hesab edir ki, əgər Qərb “Rusiya problemi”ni kökündən həll edə bilsə, Türkiyə və Çin problemləri çox böyüməmiş onları nəzarət altına ala biləcək.

Amma cəbhəyə  "Leopard -2" tanklarının göndərilməsi qərarı Ukrayna böhranının tədricən NATO-Rusiya müharibəsinə çevrilməsi riskini artırır. Çünki Rusiya Almaniya və Polşadakı tank karvanlarını vuracağını açıq deyir. Bu isə Ukraynada müharibənin Avropanın içərilərinə, Baltikdən Qara dənizə qədər uzanan xətt üzərində yerləşən ölkələrlə, məhz ABŞ-ın istədiyi kimi yayılmasına təkan verəcək.

Çünki rəsmi Kreml hesab edir ki, Qərbin son məqsədi Rusiyanı parçalamaqdır. Bu səbəbdən Rusiya israrla və çəkinmədən Qərbə qarşı hər cür hazırlıq gördüyünü və nüvə silahı kartı da daxil olmaqla, hər variantın masada olduğunu vurğulayır.

Bu proseslər bizə Avropa qitəsində İkinci Dünya Müharibəsindən sonra ən ağır təhlükəsizlik böhranına və ən böyük humanitar fəlakətə səbəb olan Ukrayna müharibəsinin daha da dərinləşəcəyi və cəbhə xəttinin genişlənərək qloballaşacağını göstərir.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »