Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Jurnalist Aydın Canıyev Eynulla Fətullayevin şikayəti əsasında həbs olundu
Jurnalist Aydın Canıyev Eynulla Fətullayevin şikayəti əsasında həbs olundu

Jurnalist Aydın Canıyev başqa bir həmkarı – “haqqın.az” saytının rəhbəri Eynulla Fətullayevin şikayəti əsasında başlanmış araşdırmanın nəticəsi olaraq, yanvarın 26-da həbs olunub. Yasamal rayon Məhkəməsində onun haqqında 1 aylıq inzibati həbs qərarı çıxarılıb.

Bizimyol.info xəbər verir ki, hakim Murad Məmmədovun sədrliyilə çıxarılan qərara əsasən, Aydın Canıyev İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) maddəsilə cəzalandırılıb.

Jurnalist Eynulla Fətullayev bir müddət öncə Baş Prokurorluğa məktub ünvanlayaraq, Aydın Canıyev haqqında tədbir görülməsini istəyib. O, müraciətində göstərib ki, Canıyev sosial media hesabında onun vəfat etmiş anasını təhqir edib.

Eynulla Fətullayevin sözügedən şikayəti əsasında araşdırma aparılıb, Aydın Canıyev özü də prokurorluğa çağırılaraq, izahatı alınıb.

Yanvarın 26-da Aydın Canıyev öncə prokurorluğa çağırılıb, daha sonra toplanmış materiallar onunla birlikdə Yasamal rayon Məhkəməsinə aparılıb.

Aydın Canıyevlə bağlı məhkəmə prosesi axşam saat 19.00 radələrində baş tutub və onun 1 aylıq həbsinə qərar verilib.

Aydın Canıyevin məhkəmədə ona dövlət hesabına təyin edilən vəkildən imtina etdiyi bildirilir.

Eynulla Fətullayev özü də Baş prokuror Kamran Əliyevə müraciət etdiyini təsdiqləyib. Həmçinin Aydın Canıyevin həbsindən sonra Facebook hesabında buna görə Baş prokurora və məhkəməyə buna görə təşəkkür edib: “Adını çəkmək istəmədiyim məxluq “Facebook”da - öz səhifəsində ana söyüşünə qədər alçaldı. Baş prokuror, hörmətli Kamran Əliyevə müraciət etdim. Məxluq 1 ay müddətinə həbsə atıldı. Hörmətli Baş prokurora və məhkəməyə təşəkkür edirəm...”

Aydın Canıyevin ittihama münasibəti məlum deyil.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »