Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Türkiyə-Azərbaycan birliyi İranın yuxusunu kabusa çevirib”
“Türkiyə-Azərbaycan birliyi İranın yuxusunu kabusa çevirib”

"Ankaranın dəstəyi olmasa, Bakının İranın ərazi bütövlüyünü təhdid etməyə cəsarəti çatmaz..." Bu sözləri İranın qatı anti-Azərbaycan eksperti Ehsan Movəhhediyan İLNA-ya müsahibəsində danışıb. O qeyd edib ki, prezident Rəisinin Türkiyəyə gözlənilən səfərinin bu ölkədə prezident seçkiləri ərəfəsində reallaşmasına israr olarsa, nəzərə alınmalı olan bir sıra məqamlar var.

“Qəbul etməliyik ki, Ərdoğan xüsusilə son illərdə İran İslam Respublikasına qarşı mənfi yanaşma ortaya qoyub və Ankaranın həyata keçirdiyi bir çox siyasi addımlar İranın maraqlarını təhlükə altına alır”,- deyə analitik qeyd edib.

Görünən odur ki, İran Ermənistanla dostluğu fonunda yeni Türkiyə cəbhəsi açmaq niyyətindədir. Siyahi şərhçi Çingiz Göytürk Bizimyol.info xəbər portalının sualarını cavablandırıb.

Çingiz Göytürk Çingiz Göytürk

- Çingiz müəllim, Türkiyə ilə bağlı İranı hansı məqamlar narahat edir?

- Türkiyə geosiyasi, geostrateji mövqeyinə görə İran üçün dünyaya açılan ən önəmli qapıdır. Xüsusilə də qərbin qadağaları və sanksiyaları üzündən İranda başda iqtisadiyyat olmaqla, bir çox sahənin çökdürülməsi, bu ölkəni ciddi bir səviyyədə Türkiyədən asılı vəziyyətə salıb. Digər tərəfdən ölkə daxilində sosial- siyasi böhranlar artıq həddini aşıb və yaxın zamanlarda da səngiyənə bənzəmir.

Türkiyənin İran daxilində, xüsusilə də ölkə cəmiyyətinin yarısını təşkil edən Güney Azərbaycan türkləri içərisində nə dərəcədə geniş və ciddi imkanlara sahib olduğunu da nəzərə alsaq, eyni zamanda İranın bölgədə tamamilə təcrid olunmuş bir vəziyyətdə olduğu gerçəyini də buraya qatsaq, İranın belə bir şəraitdə Türkiyəyə qarşı açıq şəkildə bir cəbhə açacağı ehtimal daxilində deyil. Lakin bu heç də İranın Türkiyəyə qarşı dostca münasibətlər içərisində olması anlamına gəlmir. Çünki İranın Türkiyəyə qarşı bədxah münasibətləri yeni məsələ deyil. Xüsusilə də İslam Cümhuriyyəti dönəmində bu bədxah münasibətlərin daha sıx, daha qabarıq və naşı bir şəkildə sərgiləndiyinə şahid oluruq. Heç kim üçün sirr deyil ki, uzun illərdir Türkiyə sərhədləri içərisində terrorda onu maliyyələşdirən İran əvəzsiz rol oynayıb.

Narkotik maddələrin Avropaya daşınmasında SEPAH və PKK işbirliyinin və bu yol ilə terror təşkilatının maliyyələşdirilməsi, PKK-nın bir çox kampının İranda yerləşməsi, Türkiyə daxilində məzhəbi azlıqların içərisində terror ocaqlarının yaradılmasına cəhd, İran kəşfiyyatının birbaşa terror və adamqaçırma fəaliyyətləri nəticəsində Türkiyə dövlətinə vurulan zərbələr... Bu hələ İranın Türkiyəyə qarşı bilinən fəaliyyətinin bir qismidir.

Bütün bunlara baxmayaraq, Türkiyənin İrana qarşı sərgilədiyi münasibətlərdə İranın tam tərsinə aqressiyadan uzaqlıq, normal qonşu münasinətlərinə israrla hörmət, bölgədə stabilliyin qorunmasına ciddi töhvə vermə cəhdlərinə şahid oluruq.

Son illərdə Türkiyənin və Azərbaycanın öncüllüyündə Türk dünyasının ciddi bir inteqrasiya prosesinə daxil olması nəticəsində Türk dünyasının bölgədə dəyişən geopolitik tarazlıqda ön plana çıxması, 44 günlük haqlı müharibədə Qarabağın böyük bir bölümünün təcavüzkar ermənilərdən təmizlənməsi, Qarabağda İranın narkobiznes fəaliyyətlərinə son qoyulması, Türkiyənin hər fürsətdə Azərbaycanın yanında olduğunu ifadə etməsi və bunun Şuşa bəyannaməsi ilə rəsmiləşdirilməsi...Bu siyahını uzatmaq da mümkündür.

Bütün bunlar İranın ciddi narahatlığına səbəb olub. Əslində məsələlərin mahiyyətinə obyektiv yanaşdığımız zaman bunların heç biri İrana qıcıq olsun deyə həyata keçirilməyib, yəni İrana qarşı bir fəaliyyət olmayıb. Ancaq bu fəaliyyətlərin istəsək də, istəməsək də İranın maraqlarına tərs olduğu da açıq aşkardır. Buradan tək bir nəticə çıxarmaq mümkündür. İran öz maraqlarını tamamilə yanlış və haqsız yerlərdə qurub. Uzun illər özü özünü bölgədə söz sahibi olduğuna inandırıb. Türkiyə-Azərbaycan birliyi İranın bu yuxusunu kabusa çevirib.

- İranın Türkiyəyə cəbhə açmaq planı proqnozlaşdırılırmı?

- Bir ata-baba sözü var, deyir “çaqqalın hökmü qurd oyanana qədərdir”. Bu gün İranın hay küyü Türkün yüksəlişindən duyduğu qorxunun açıq göstəricisidir. İran rejiminin davranışlarını uzun illər izləyən biri olaraq, rastlaşdığım maraqlı bir məsələ var. Bunlar öncə bir yalanı uydurur, varlıqlarını, həyatlarını uydurduqları bu yalana bağlayır, həmin yalanı təkrarlaya-təkrarlaya onun fanatına, əsirinə çevrilirlər. İranın bölgəmizdəki yuxularının və bu yuxulara inanaraq, hər kəsə-ərəbə, pakistanlıya, türkə, azərbaycanlıya düşmən kəsilməsinin kökündə yatan səbəb məhz budur. Türkiyədə prezident seçkiləri bu ilin may ayında gerçəkləşəcək.

Türk dünyasının inteqrasiya prosesinə rəhbərlik edən şəxsiyyətlərdən biri kimi Türkiyə cümhuriyyəti prezidenti R.T. Ərdoğanın seçilməməsində təbii olaraq İran maraqlı ola bilər. Ancaq Türkiyənin daxilində öz məkrli niyyətlərini gerçəkləşdirmək üçün təsirli tərəfdaşlar tapa biləcəklərinə inanmıram. Digər tərəfdən İranın yanıldığı ən önəmli məqam isə ondan ibarətdir ki, İrandan fərqli olaraq Türkiyə sağlam adət-ənənələri olan çağdaş bir dövlətdir və bu dövlətin siyasəti fərdlərin iradəsi ilə dəyişməz. Yəni İranın cılız ayaq oyunları ilə Türkün yüksəlişinin durdurulacağı boş xəyaldan başqa bir şey deyil.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »