Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"...Və bu yağ bazara kərə yağı olaraq təqdim edilir"
"...Və bu yağ bazara kərə yağı olaraq təqdim edilir"

Bu gün dünyada 5 milyard insan ürək xəstəliyi və ölüm riskini artıran trans yağlara qarşı müdafiəsizdir. Hər il dünyada 500 min adam bu yağlar səbəbindən yaranan ürək-damar xəstəlikləri nəticəsində vəfat edir. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST-ün) hesabatında qeyd edilib.

Sənədə görə, trans yağların istehlakı nəticəsində ürək-damar xəstəliklərindən ən çox ölüm hallarının qeydə alındığı 16 ölkədən 9-da yaxşı profilaktika siyasəti həyata keçirilmir.

Trans yağlar və ya trans yağ turşuları doymamış yağlar qrupuna daxildir. Trans yağlar həm heyvan orqanizmində, həm də sənayedə təbii şəkildə istehsal oluna bilər. Trans yağlar süd məhsullarında ümumi yağın təxminən 2-8%-ni təşkil edərkən, ət məhsullarında bu nisbət 3-9% arasındadır. Təbii yolla istehsal olunan və heyvan mənşəli qidalardan alınan trans yağ az miqdarda olur və sağlamlıq üçün ciddi təhlükə yaratmır.

Süni şəkildə istehsal olunan trans yağlar maye bitki yağlarını hidrogenlə doyuraraq onları daha bərk hala gətirməklə əldə edilir. Sənaye trans yağları sağlamlığa çox zərərlidir. Bu yağlar ucuz, istifadəsi asan və xarab olmadan uzun müddət dayana bilən yağ növüdür. Yeməklərə gözəl dad verir və tez xarab olmasının qarşısını alır. Bu üstünlüklərinə görə qablaşdırılmış qidaların saxlama müddətini uzatmaq üçün istifadə olunur. Trans yağlardan hazırlanan məhsullar ucuzdur, rəfdə uzun müddət qala bilir və istehlakçılar tərəfindən bəyənilir. Buna görə də qablaşdırılmış qidaların istehsalında üstünlük verilən yağ növüdür. Restoranlarda xüsusilə qızartma yağı kimi tez-tez istifadə olunan yağdır. Dəfələrlə istifadə oluna bildiyi üçün hazır yemək sektorunda vazkeçilməzdir. Qiyməti və uzunömürlülüyü baxımından sərfəli qida olsa da, istehlakçıların sağlamlığını ciddi riskə atan bu yağların istifadəsi qida sektorunda bir çox ölkə tərəfindən məhdudlaşdırılıb.

Mütəxəssislərin fikrincə, trans yağların həddindən artıq istehlakı bədəndə iltihabın artmasına səbəb olaraq xroniki xəstəliklərin əmələ gəlməsinə yol açır. Trans yağlar damarların ən daxili təbəqəsinə ziyan vuraraq, damar quruluşunu pozur.

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə trans yağlardan, marqarinlərdən kərə yağı istehsalında istifadə edilir. Bu kərə yağları əsasən əldə satılan yağlardır. “Nənəmin təndiri”, “Nənəmin nehrəsi”, “ Nənəmin yağı”, xüsusən “İvanovka” mağazalar şəbəkəsində və digər mağazalarda satılır. E. Hüseynovun bildirdiyinə görə, çox vaxt labaratoriyalar bu yağların trans yağ olduğunu müəyyən edə bilmir.

Eyyub Hüseynov Eyyub Hüseynov

“Aydındır ki, təmiz südü çırpdıqda təmiz qaymaq, qaymağı yığdıqda isə yağ əmələ gəlir. Yəni hardasa 20 litr süddən 1 kiloqrama yaxın yağ qalır. Qaymağı yığdıqdan sonra onun altında qalan süd üzsüz süd adlanır. Yəni 94 faizi su, qalan faizi isə süd turşularıdır. Bu məhlul südə bənzəyir.

Əldə satılan yağları hazırlayanda üzsüz südü marqarinlə (əksər hallarda vaxtı keçmiş marqarinlə) və yaxud trans yağla qarışdırıb, birlikdə 85 C tempratura qədər qaynadırlar. Ancaq nə qədər qaynadılsa da, marqarinlə su bir-birinə qarışmır. Bundan sonra həmin məhlulu homalizator cihazında bircinsli məhlula çevirirlər. Və bu zaman sanki yağlı süd alınır. Bu süddən isə qaymaq alınır. Həmin qaymaqdan isə yağ alınır. Həmin alınan yağ nehrə yağıdır, ağ yağdır. İlk baxışda tam nehrə yağına bənzəyir. Amma tərkibinə baxdığımız zaman trans yağ-marqarin olduğunu görürük. Ancaq bunu labaratoriya belə müəyyən edə bilmir. Və bu yağ bazara kərə yağı olaraq təqdim edilir”,- deyən ekspert hesab edir ki, əksər istehsalçılar bu üsuldan istifadə edirlər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »