Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıdakı avtobus şirkətləri: “Batırıq, hökumət komissiyası nə iş görür, bilinmir…”
Bakıdakı avtobus şirkətləri: “Batırıq, hökumət komissiyası nə iş görür, bilinmir…”

Sərnişindaşıma şirkətləri bu sektorda vəziyyətin günbəgün ağırlaşdığını deyir. Bu şirkətlər dövlət dəstəyinin verilməməsi ilə bağlı Prezidentə müraciət hazırlayıb.

Bizimyol.info xəbər verir ki, Bakı və ətraf qəsəbələrdə xidmət göstərən daşıyıcı şirkətlərin rəhbərləri üzləşdikləri vəziyyətlə əlaqədar dövlət orqanlarına dəfələrlə müraciət etsələr də, nəticə olmamasından narazıdılar. Deyirlər ki, problemlərə əhəmiyyət verilmədikcə vəziyyət daha da ağırlaşır:

“Üç ilə yaxın davam edən pandemiya dövründə ictimai nəqliyyatın fəaliyyətinin düzgün tənzimlənməməsi Bakı şəhərində avtomobilləşmə və taksilərin sayının kəskin artmasına, ictimai nəqliyyat sektoruna ağır zərbə vurulmasına gətirib çıxarıb. Daşıyıcı şirkətlər tərəfindən aidiyyəti qurumlara, eləcə də Nazirlər Kabinetinə dəfələrlə edilmiş müraciətlərin cavabsız qalması vəziyyətin daha da ağırlaşması ilə nəticələnib. Artıq böhran vəziyyətində olan şirkətləri təchizatçılar məhkəməyə verir”.

Daşıyıcı şirkətlər bildiriblər ki, üç aydan artıqdır Bakı və şəhər ətrafında nəqliyyat problemilərinin həlli ilə bağlı Nazirlər Kabinetində yüksək səviyyəli görüşlər keçirilib, müvafiq komissiya (işçi qrup) təşkil edilib, buna baxmayaraq, müsbət nəticə əldə olunmayıb. İşçi qrup problemlərin operativ həlli məqsədilə çıxış yolları tətbiq etməyib: “Nazirlər Kabinetində bütün qurumların nümayəndələrindən ibarət işçi qrup yaradılsa da, bu komissiyanın gördüyü işlər məlum deyil. Nəticədə ictimai nəqliyyat sahəsində fəaliyyət göstərən şirkətlərin borclanması, nəqliyyat vasitələrinin sayının günbəgün azalması sektoru ağır vəziyyətə salıb. Nazirlər Kabinetində ictimai nəqliyyatın dirçəldilməsi ilə bağlı müvafiq tapşırıqlar verilsə də, bu istiqamətdə iş görülməyib”.

Şirkətlər dövlət dəstəyi olmasa, Bakı şəhərində ictimai nəqliyyatın vəziyyətinin daha da pisləşəcəyini əlavə ediblər: “Bu günədək etdiyimiz bütün müraciətlər cavabsız qalıb. İctimai nəqliyyatda mövcud olan vahid tariflə ölkədəki və dünyadakı bazar reallıqları arasında kəskin fərqlər yaranıb. Bu müraciətlə bağlı şirkətlərdən 2022-ci ilin proqnoz göstəriciləri tələb olunub, icra etmişik. Üç ilə yaxındır davam edən pandemiya sərnişindaşıma şirkətlərinə ciddi zərbə vurmuş, əhalinin sosial və iqtisadi aktivliyinin azalması sərnişin axınının kəskin azalmasına və gəlir imkanlarımızı minimuma endirməklə böyük maliyyə itkisinə səbəb olub”.

Şirkətlər gileylənir ki, son illərdə avtobusların ehtiyat hissələri 3 dəfəyədək bahalaşıb. Dövlətin dəstək məqsədilə ayırdığı 7,5 milyon manat Bakı Nəqliyyat Agentliyinin hesabına köçürülüb və vəsaitin hamısı “Bakubus” MMC-yə verilib. Halbuki Nazirlər Kabinetinin qərarında həmin vəsaitin sərnişindaşıma fəaliyyəti göstərən hüquqi şəxslər arasında bölüşdürülməsi tapşırılıb.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »