Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ daha çox hansı bölgədə möhkəmlənmək istəyir: Ukrayna, yoxsa Tayvan?..
ABŞ daha çox hansı bölgədə möhkəmlənmək istəyir: Ukrayna, yoxsa Tayvan?..
İkinci Dünya Müharibəsində ABŞ və Yaponiya “Sakit okean regionu”nda şiddətli döyüşən tərəflər idi. 1945-ci ilin avqustunda ABŞ Yaponiyanın iki şəhərinə atom bombası atdıqdan sonra Yaponiya ağır şərtlər altında təslim oldu. Yapon ordusu təmizləndi, ABŞ-ın şərtləri ilə müharibə əleyhinə Konstitusiya qəbul edildi. Yeni Konstitusiyaya əsasən, Yaponiya beynəlxalq mübahisələrin həlli vasitəsi kimi “gücdən istifadə”dən də imtina etdi. Yaponiyanın müdafiəsi ABŞ-ın çətiri altında idi. Hazırda Yaponiyadakı baza və obyektlərdə təxminən 50.000 ABŞ əsgəri var.

ABŞ çətiri altında olan Yaponiya tezliklə dünyanın ən böyük iqtisadiyyatlarından birinə çevrildi. Hətta amerikalılar da Yaponiyanın texnoloji yüksəlişindən heyrətə gəldilər. Yaponiya da 1970-ci illərdə qurulan və "Zənginlər Klubu" kimi tanınan "G-7"nin üzvü idi. ABŞ, Kanada, İngiltərə, Almaniya, İtaliya, Fransa və Yaponiyadan ibarət “G-7” soyuq müharibə dövründə Sovet İttifaqının (SSRİ) rəhbərlik etdiyi “Şərq Bloku”nun əks cəbhəsini təmsil edirdi.

Sovet İttifaqı “hadisə yerindən” çəkildikdən sonra amerikalı strateqlər “yeni düşmən” kimi ABŞ-la eyni klubda olan Yaponiyanı göstərdilər, lakin bu strategiya tutmadı. Yaponiya ABŞ-ın “yeni düşmən” kimi təqdim edə biləcəyi miqyasda həmyaşıd güc deyildi. Müdafiə gücü son dərəcə məhdud olan bir ada ölkəsi həm keçmişdə regional hegemonluq ambisiyalarını tərk etmiş, həm də bölgədə ondan daha böyük “əks-güc” var idi. Bu əks-güc SSRİ ilə ilə müttəfiqliyini pozduqdan sonra ABŞ-a yaxınlaşan Çin Xalq Respublikası (ÇXR) idi.

Soyuq müharibə dövründə Sovet İttifaqı həm ideoloji, həm iqtisadi, həm hərbi baxımdan, həm də coğrafi ərazisinin genişliyinə görə ABŞ-ın “üzləşə biləcəyi düşmən” anlayışına uyğun idi. Ancaq SSRİ parçalandıqdan sonra ABŞ strateqləri üçün yeni düşmən ABŞ Hərbi Sənaye Kompleksinin istədiyi gücdə olmalı idi. Yaponiya bu rola uyğun olmadığından, strateqlər bu dəfə Çini hədəf aldılar. Hansı ki, amerikalı strateq Edvard Luttvak 2012-ci ildə nəşr olunan "Çinin yüksəlişi" kitabı ilə bu “xor”a qoşulub.

1990-cı illərdə ABŞ-ın yeni düşməni olmaqdan xilas olan Yaponiya indi Asiya-Sakit Okean regionunda Çinə qarşı “hərbi güc balanslaşdırma strategiyası” kontekstində “ABŞ-ın əsas müttəfiqi” kimi qarşılanır. Vaşinqton və Tokio arasında yeni müttəfiqlik sazişləri Yaponiyanın təhlükəsizlik və müdafiə strategiyası sənədlərinə edilən son dəyişikliklərin həyata keçirilməsini də əhatə edir. Xülasə, Yaponiya 1945-ci ildən bəri mövqeyini dəyişib.

Birləşmiş Ştatlarda Çin əleyhdarı olan qatı strateqlər Yaponiya ilə sazişləri Çinin Hind-Sakit Okean regionunda regional hegemonluq cəhdlərinin qarşısını almaq üçün ittifaq yaratmaq kimi qiymətləndirirlər.

Belə ki, inkişaf etməkdə olan Çinin Sovet İttifaqından daha güclü olduğunu iddia edən amerikalı strateqlər ABŞ-ın müdafiə xərclərinin Çini məğlub edəcək şəkildə artırılması lazım olduğunu iddia edirlər. Çinin ABŞ-ın asanlıqla öhdəsindən gələ biləcəyi bir hərbi güc olduğu fikrini şiddətlə rədd edən strateqlərin fikrincə, “Asiya-Sakit Okean” regionu indi “köhnə soyuq müharibənin Avropası” rolunu oynayır.

Digər tərəfdən, strateqlər Ukraynaya verilən silahların ABŞ ehtiyatlarını “əritdiyini” deyir. Bunun Çini Tayvanı işğal etməyə təşviq edəcəyini iddia edərək, Ukraynaya yardımın dayandırılmasını istəyirlər. Strateqlərin fikrincə, Çin Ukraynada ehtiyatların tükənməsini məmnuniyyətlə izləyir və müharibənin uzadılmasından faydalanır. Ukraynaya verilən silahlara Tayvanın ehtiyacı olduğunu israrla dilə gətirən strateqlər ABŞ-ın birinci prioriteti olaraq Tayvanın müdafiə qabiliyyətinin inkişaf etdirilməsi və ABŞ-ın Hind-Sakit Okean bölgəsindəki hərbi gücünün daha da artırılmasını istəyirlər.

Nəticə etibarilə hal-hazırda ABŞ və onun başbilən strateqləri Yaponiya ilə ittifaqdan məmnundurlar, lakin bunu bölgə üçün kifayət hesab etmirlər.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »