Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hibrid avtomobillərin ƏDV-dən azad edilməsi nəticə verəcəkmi?
Hibrid avtomobillərin ƏDV-dən azad edilməsi nəticə verəcəkmi?

İstehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən (2.5 litr) çox olmayan hibrid avtomobillərin idxalı və satışı 3 il ƏDV-dən azad edilib. Yəni 2026-cı il, yanvarın 1-nə qədər belə avtomobillər üçün ƏDV ödənilməyəcək.

Bununla bağlı ilk qərar 2020-ci ildə qəbul edilmişdi.  Yeni dəyişikliklə bu müddət 3 il daha uzadılıb. Mütəxəssislərin fikrincə, Vergi Məcəlləsinə edilən bu dəyişiklik ölkədə avtomobil parkının yenilənməsi ilə yanaşı ekoloji təmiz avtomobillərin satışına motivasiyanı artırmağa hesablanıb.

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bizimyol.info xəbər portalına açqlamasında bildrib ki, ölkədə, xüsusilə Bakı şəhərində istismar müddəti bitmək üzərə olan kifayət qədər avtomobil var. “Başlıca problem budur ki, istismar müddəti bitmək üzrə olan avtomobillər ekologiyaya zərər vurur. Yanacağı çox istifadə edir, mühərrikin iş əmsalı azalır, ehtiyat hissələrinin keyfiyyəti aşağı olur. Avtomobillərin yenilənməsi üçün hibrid avtomobilərin ƏDV-dən azad edilməsi çox vacibdir”,- deyən ekspert bildirib ki, indi vətəndaşlar hibrid avtomobilləri daha çox gündəlik istifadə üçün ölkəyə gətirirlər.

Aslan Əsədov Aslan Əsədov

Hibrid avtomobillər həm də taksi fəaliyyəti üçün istifadə mqəsədilə də gətirilə bilər. Bəs ümumiyyətlə hibrid avtomobil nədir?

Hibrid avtomobil benzin və elektrik mühərrikinin birləşməsi ilə hərəkət edir. Bu avtomobilin işləməsi mahiyyət etibarı ilə daxili yanma mühərrikini başqa elektriklə işləyən mühərriklə tamamlamaq prinsipinə əsaslanır. Müvafiq olaraq, elektrik mühərriki daxili yanma mühərrikinə paralel və ya ardıcıl olaraq birləşdirilir.

Hibrid mühərrik adətən avtomobil işə salındığı zaman istifadə edilir. Müəyyən bir sürəti aşdıqda, vəzifəsini benzin mühərrikinə köçürür. Bu gün bir çox insan hibrid mühərriklərin doldurulmasının lazım olduğunu düşünür.

Hazırda hibrid avtomobillərin təkrar doldurulan versiyaları olsa da, yeni istifadəyə verilən hibrid modellərin ümumiyyətlə doldurulmasına ehtiyac yoxdur. O, regenerativ əyləc texnologiyası sayəsində batareyalarını əyləc zamanı yaranan enerji ilə doldurur. Nəticədə hibrid texnologiyaya malik avtomobildə akkumulyatorun tükənməsi mümkün deyil.

Yəni nə qədər ki, benzin var, avtomobil hərəkət etməyə davam edir. Çox zaman belə hesab edilir ki, hibrid avtomobillər yanacaq qənaətinə diqqət yetirdiyi üçün onların performansı aşağı olur. Halbuki vəziyyət əslində əksinədir. Hibrid avtomobillər üstün performansını qoruyarkən yanacaq səmərəliliyi təmin edir. Tıxacda, şəhərdə qısa məsafədə sürmə zamanı yüksək sürətə ehtiyac yoxdur və yanacaq sərfiyyatı kifayət qədər yüksək olur. Hibrid avtomobillər belə vəziyyətlərdə maksimum yanacaq səmərəliliyini təmin edir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »