Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya iqtisadiyyatında dolların hökmranlığı sona çatırmı?
Dünya iqtisadiyyatında dolların hökmranlığı sona çatırmı?

Amerikalı maliyyəçi, investor, “Bridgewater Associates” investisiya şirkətinin təsisçisi Rey Dalio deyib ki, dünya iqtisadiyyatında dolların hökmranlığı sona çatır. Maliyyəçi qeyd edib ki, ABŞ, Avropa və Yaponiyada öz mərkəzi banklarından asılılıq yaranıb və nəticədə çox böyük borclar əmələ gəlib.

Dolların hökmranlığı sona çata bilərmi?

Bu sualı bizimyol.info xəbər portalı üçün iqtisadçı Pünhan Musayev şərh edib. O qeyd edib ki, dollar son 100 ildə hökmranlığı ingilis funtu və qızıldan aldıqdan sonra dünyanın alternativsiz valyutası olub.

Pünhan Musayev Pünhan Musayev

“Dollar hökmranlığı 1944-cü ildə Bretton Woods konfransında müttəfiqlərin yeni beynəlxalq valyuta sisteminin yaradılması haqqında razılığa gəldiyi zamana gedib çıxır. Buna ən əsas stimul isə dolların alış və satışını məhdudlaşdıran heç bir kapital nəzarəti olmaması ilə beynəlxalq valyuta bazarlarında tamamilə ticarət edilə bilməsi, ABŞ iqtisadiyyatının sağlam və dayanıqlılığı, həmçinin “Wall Street” maliyyə dünyasının səmərəli, şəffaf və maneəsiz olmasıdır. Bundan başqa, bəzi səbəblərdən dolayı ölkələr də dollarla ifadə olunan müəyyən valyuta ehtiyatları saxlayırlar ki, birincisi öz xarici öhdəliklərini yerinə yetirə bilsinlər, ikincisi isə ciddi təhlükələr zamanı yerli valyutalarını dəstəkləyə bilsinlər. Bu isə böhran dövrlərində, hansı ki son 3 ildə - xüsusən “Covid” pandemiyasında biz bunun şahidi olduq. Rəsmi olmasa da, dolların de-fakto beynəlxalq valyuta və təhlükəsiz liman kimi bütün dünyaya xidmət göstərməsini şərtləndirən amillərdəndir”. İqtisadçı deyir ki, bu gün maliyyə əməliyyatları, qlobal borc, valyuta ehtiyatları və ticarət hesab-fakturalarının əhəmiyyətli hissəsi məhz dollarla ifadə edilir. Bununla belə, özünəməxsus üstünlükləri və ona güclü tələb olmasına rəğmən, dollar zaman-zaman ABŞ iqtisadiyatında baş verən dəyişikliklərin digər ölkələrə də sirayət etməsinə səbəb olur.

“Məsələn, Birləşmiş Ştatlarda qeydə alınan son yarım əsrin inflyasiyası ilə həyata keçirilən sərt pul siyasəti dolların bahalaşması ilə ayrı-ayrı ölkələrin valyuta məzənnələri, xarici borcları, idxalına bu və ya digər şəkildə təsir göstərmiş oldu. Bu isə ölkələrin vahid monetar çətir altında birləşərək digər ölkələrin məaneflərinə çox ciddi təsir etdiyi vəziyyətdə valyuta müharibəsini yenidən alovlandıraraq dünyanın dollardan uzaqlaşmağa cəhd etmək ehtimallarını artırdı. İlkin variant kimi tarixi investisiya və tədavül aləti olan qızıl, daha sonra isə yeni dövrün çağırışlarından hesab olunan bitkoin gündəmə gəlmişdi. Həmçinin, qısa zaman ərzində dolların cari nömrə bir statusunu Çin və Rusiya valyutaları da mübahisə altına almağa müəyyən cəhdlər göstərdi”,- deyən iqtisadçı hesab edir ki, dolların yaxın vaxtlarda öz əhəmiyyətini itirəcəyi real görünmür.

Belə qənaətə gəlmək olur ki, bu bir gecədə baş verəcək proses olmadığı üçün xeyli zaman tələb edir. Daha vacibi isə bu nə qədər tez baş versə, qlobal iqtisadiyyat da bir o qədər tez məhv ola bilər. Hətta dollar asılılığından qurtulmaq və dünya valyutası statusuna yiyələnməkdə maraqlı olan ölkələr belə prosesə həssas yanaşır.

“Biz bunu dollar inflyasiyası zamanı Çinin narahatlığı timsalında gördük. Səbəb isə Çinin yüksək dollar gəlirləri gətirən ixracatçı ünvanına və ABŞ xəzinədarlığına məxsus olan trilyonlarla dollarlıq borc kağızlarına sahib olmasıdır. Çünki Çinin ABŞ-a alternativ bazarı yoxdur və əlindəki aktivləri qorumağa cəhd göstərsə, bu ona 500 min ton qızıla başa gələ bilər. Bu isə dünya tarixində hasil edilən qızılın 2 misli deməkdir. Arxasında enerji faktorunun dayandığı rublun da, həmçinin dünyanın “Yaşıl iqtisadiyyat”a keçid etdiyi bir vaxtda dollarla rəqabət aparacağı mümkün deyil. Həm rublun, həm də yuanın tədavülünü məhdudlaşdıran oxşar amil isə onların təmsil etdiyi ölkələrdə sıx kapital nəzarətinin həyata keçirilməsidir”- deyə ekspert bildirib.

Beləliklə, biz dolların hələ bir müddət də öz “taxtını” qoruyacağından əmin ola bilərik. Ancaq üfüqdə intensivləşən de-qlobalizasiya çağırışları, dünyanın “Soyuq Müharibə” dövründə olduğu kimi minimum əlaqəli bloklara ayrılması ölkələrarası ödəmələr üçün cari modelin də dəyişməsinə zəmin yarada bilər.

Bu isə öz likvidliyi sayəsində maliyyə sistemi üçün ehtiyat aktiv təmin edən dollarla paralel olaraq, real iqtisadiyyat, təchizat zəncirləri, əmtəə bazarları və ticarət üçün nəzərdə tutulan başqa bir valyutanın da (avro, funt, yuan və s.) məhdud dövriyyəsinə stimul yarada bilər.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »