Əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədova yanvarın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib. O, vaxtilə münasibətdə olduğu, evlənmək qərarı verdiyi Türkiyə vətəndaşı Mustafa İbili ilə bağlı iş üzrə şahid qismində ifadə verib.
Bizimyol.info xəbər verir ki, Mustafa İbili hazırda təqsirləndirilən şəxs statusundadır və həbsdə olmasa da, bu məhkəmədə mühakimə olunur. Cavanşir Məmmədov da onun ittiham edildiyi dələduzluq işi üzrə zərərçəkmiş qismində tanınıb. Cavanşir Məmmədov və ailə üzvləri iddia edir ki, Mustafa İbili onların 130 min dollardan çox pulunu ələ keçirib.
Mustafa İbili isə əksinə, bu ailənin ona böhtan atdığını deyir. Onun sözlərinə görə, Türkiyədəki evini də satıb, Xatirə Məmmədova üçün zinət əşyaları və başqa hədiyyələrə, birlikdə yaşayacaqları ev və əşyalarına xərcləyib.
Məhkəmədə dindirilən Xatirə Məmmədova deyib ki, istintaqdakı ifadəsini təsdiqləyir. Onun sözlərinə görə, Mustafa İbili dəfələrlə onun özündən də, qızından da pul alıb və həmin pulları ələ keçirib. Müğənninin qızı deyir ki, bir sıra hallarda pullar bank vasitəsilə göndərilib, bunu təsdiqləyən sənədlər də var.
Məhkəmə iclasının gedişində Cavanşir Məmmədov tanınmış müğənni olduğunu, dünyanın müxtəlif ölkələrində konsertlər verdiyini deyərək, burada ailədaxili məsələlərin müzakirə olunduğunu vurğulayıb, prosesin qapalı keçirilməsini istəyib. Hakimlər qərar verib ki, Xatirə Məmmədovanın dindirməsinin bir hissəsi qapalı keçirilsin. Bundan sonra prosesi izləyənlər məhkəmə zalından çıxarılıb.
Məhkəmə iclasının açıq keçirilən hissəsində isə Xatirə Məmmədova Mustafa İbilinin vəkilinin suallarını cavablandırıb. Xatirə Məmmədova İbilinin ona bahalı hədiyyələr alması haqda dediklərini inkar edib. Bu zaman vəkil bildirib ki, ortada konkret sübutlar, səs yazıları, mesajlar var.
Bu işlə bağlı məhkəmə prosesi davam edir.
Mustafa İbili Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham olunur. Bu maddədə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub. Lakin o, özünü təqsirli bilmir. Əksinə, özünü zərərçəkmiş hesab edir.
Aytən, Bizimyol.info