Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə Rusiya vətəndaşlarının oturum istəyinə kütləvi “yox” cavabı verilir
Türkiyədə Rusiya vətəndaşlarının oturum istəyinə kütləvi “yox” cavabı verilir

Hələ 2022-ci ildə payıza qədər Rusiyadan Türkiyəyə 4 milyon nəfər üz tutmuşdu. Sentyabr səfərbərliyi vəziyyəti xeyli dəyişdi. Türkiyəyə gələnlər daha geri qayıtmamaq barədə düşünməyə başladı. Ötən il ərzində 153 min Rusiya vətəndaşı Türkiyədə yaşamaq icazəsi ("oturum") alıb, bu isə digər ölkələrdən çoxdur. 16 mindən çox rusiyalının yaxın ölkədə ev aldığını yazmışdıq. Buna baxmayaraq, şimal dövlətindən qaçıb gələnlər Türkiyədə müvəqqəti yaşayış icazəsi almaqla bağlı böyük çətinliklə üzləşirlər. Kütləvi imtinalardan söhbət gedir. Halbuki Türkiyə hakimiyyət orqanlarının hər hansı məhdudiyyətlə bağlı rəsmi fərmanı olmayıb.

Bizimyol.info xəbər verir ki, Rusiyanın müstəqil jurnalistləri vəziyyəti aydınlaşdırmaq üçün reportaj hazırlayıb. Onlarla hamıdan əvvəl söhbətləşən İvan Çernyavski vətəndən keçən ilin martında qaçıb. Moskva sakini Antalyada məskunlaşıb. Apreldə yaşayış icazəsi üçün müraciət edib və müsbət cavab alıb. Dediyinə görə, sənədlərin qəbulu cəmi bir neçə saat çəkib.

2022-ci il dekabrın 26-na qədər rusiyalılar kütləvi imtina ilə qarşılaşmayıblar. Əvvəllər “yox” cavabı gəldiyi olurdu, o halda ki, statistika miqrantların kəskin artımından xəbər verirdi. Məsələn, keçən ilin yayında Antalyada əcnəbilərin əhali sayında payının 20 faizi keçdiyi üzə çıxmışdı. Bundan sonra yaşayış icazəsi məsələsi rəsmən dayandırılmışdı.

Rusiyada səfərbərlikdən sonra yeni miqrant dalğası Türkiyə banklarının şimal dövlətindən gələnlərə münasibətini dəyişdi. Maliyyə qurumları əlavə tələblər irəli sürməyə başladılar. Məsələn, hər hansı əməliyyatı həyata keçirmək üçün iş vizası olmalıdır. Üstəlik, 5 min dollar depozit, 100 dollar komissiya tələbləri səslənirdi.

Dekabrın 26-dan sonra rusiyalıların daha çox üz tutduğu yerlərdən olan İzmir və Fəthiyədə onlara yaşayış icazəsi verilməsi tamamilə dayandırılıb. Rusiya və Ukraynadan olan mühacirlərin Türkiyəyə köçməsinə kömək edən “Totamtotut” şirkətinin mütəxəssisi Daniil Şaulov bu barədə məlumat verib: “Fəthiyədə və İzmirdə panika başladı. Həqiqətən də, insanlar miqrasiya idarəsində xoşagəlməz hallarla üzləşiblər. Onlara dərhal deyiblər ki, imtina cavabı alacaqlar. Buna görə də başqa bölgələrə üz tutmaq lazım gəlib”.

Sosial mediada yazılanlardan belə qənaətə gəlmək olur ki, imtina cavabı alanlara konkret səbəb deyilmir. Sanki ölkə rəhbərlərinin şifahi razılaşması var. Çətinliklə üzləşənlər inanır ki, Rsuiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğandan əngəllər yaratmağı xahiş edib.

“DİY-media”nın baş redaktoru Anton Kravtsov deyir ki, hamıya ucdantutma “yox” cavabı verilir. Hətta imtina ilə qarşılanşanların faizinin 95-ə çatdığını demək olar.

Xarici şirkətin komanda rəhbəri Sergey Başarov keçən ilin sentyabrın sonunda Rusiyada səfərbərlik başlayandan sonra Türkiyəyə uçub və rieltorun köməyi ilə icarə müqaviləsi bağlayıb. Sonra rieltor ona yaşayış icazəsi müraciətinə mütəxəssis üçün kömək edib. İddiasına görə, bütün sənədləri dəqiq hazırlayıblar. Amma imtina cavabı alıblar.

Ssenarist Yelena da əri ilə birlikdə eyni taleyi yaşayıb. Dekabrın 19-da sənədləri təqdim ediblər, amma müsbət nəticə ala bilməyiblər. Onlar ümumilikdə 800 dollar itiriblər: “Sənədlərə və müşayiət yardımına xərclənən puldan başqa heç bir faciə baş vermədi. Amma indi başqa tapmacanı həll etməliyik. Alanyadakı yaxın dostumun bir dostuna daha əvvəl icazəni uzatmaqdan imtina etdilər və məlum olur ki, bu, tez-tez baş verə bilər”.

Marketoloq Mixail və onun sevgilisi də imtina cavabı alıblar. Onlar hüquqşünas köməyi olmadan işin öhdəsindən gəlməyə çalışıblar. Təxminən 3500 lirə (200 dollara yaxın) xərcləyiblər, amma nəticəsi olmayıb.

İş orasındadır ki, problemlərlə məhz rusiyalılar qarşılaşır. Ukraynalı Georgi deyir ki, həmvətənlərindən belə söhbətlər eşitməyib.

Rusiyalı jurnalistlərlə söhbət edən Türkiyə vətəndaşları başqa səbəbi də qabardıb. Onlar miqrant axınının ölkədə böyük narazılıq yaratdığını bildiriblər. Buna görə ölkəyə doluşan çoxsaylı rusiyalılara isti yanaşmaq olmur. Hökuməti irəlidə çətin prezident seçkisi gözləyir. Bu məqamda xalqda narazılıq yaratmaq yerinə düşməzdi.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »