Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İdmançını arvadı niyə öldürüb: “Məni döyürdü, evə pozğun qadınlar gətirirdi...”
İdmançını arvadı niyə öldürüb: “Məni döyürdü, evə pozğun qadınlar gətirirdi...”

“Sərhədçi” idman kompleksində kikboksinq üzrə məşqçi olmuş Nurani Qalabəylinin qətli ilə bağlı məhkəmə prosesi başlayıb. Onu qətlə yetirməkdə ittiham olunan həyat yoldaşı Əfsanə Qalabəylinin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səyavuş Hacıyevin sədrliyilə baxılır.

Bizimyol.info xəbər verir ki, hadisə 2022-ci il sentyabrın 2-də baş verib. Cinayət işinin materiallarına əsasən, 36 yaşlı Əfsanə Qalabəyli özündən 13 yaş böyük olan həyat yoldaşını Əhmədli qəsəbəsində kirayə yaşadıqları evdə 13 bıçaq zərbəsilə qətlə yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 9 ildən 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Əfsanə və Nurani Qalabəylilərin birgə nikahdan 4 övladı – üç oğlu və bir qızı var. Əfsanə Qalabəyli məhkəmədə ifadəsində bildirib ki, əri illərdir ona əziyyət verir – döyür, təhqir edir, özü və uşaqları evdə ola-ola münasibətdə olduğu qadınları gətirir. Təqsirləndirilən qadının sözlərinə görə, onu və uşaqlarını bir otağa salıb, bağlayır, digər otaqda gətirdiyi qadınla qalırdı: “Bütün bunlar mənim, uşaqlarımın gözünün qarşısında baş verirdi. Etiraz edəndə döyülürdüm, söyülürdüm. İllərlə zülm eləyib mənə. Elə olub, zəng eləyib ki, hazırlıq gör, evə adam gələcək. Bir də görmüşəm, pozğun adam gətirdi. Etiraz eləmişəm, dava-qırğın düşüb. O evdə elə dəhşətlər yaşamışam...”

Əfsanə Qalabəyli deyir ki, dəfələrlə ərinə xəbərdarlıq edib, uşaqların böyüdüyünü, onların qarşısında bu cür hərəkətlərin yolverilməz olduğunu nəzərinə çatdırıb. Bu isə dava-dalaşla nəticələnib.

Onun sözlərinə görə, hadisə günü yenə evə qadın gətirib və bu səbəbdən dava düşüb: “Dedim ona ki, “uşaqlardan utan, bəsdir”. Məni təhqir elədi. Qışqırdı ki, əcəb eləyirəm. Dözə bilmədim...”

Yanvarın 18-də məhkəmə iclasında Əfsanə Qalabəylinin 13 yaşlı oğlu dindirilib. O, hazırda 8-ci sinifdə oxuyur. Uşaq bildirib ki, atası ailə üzvlərilə çox pis davranırdı. Əvvəllər Dövlət Sərhəd Xidmətinin (DSX) xüsusi məktəbində oxuduğunu, həftənin 5 günü orada, 2 günü isə evlərində qaldığını deyən məktəblinin sözlərinə görə, həmin iki gün ərzində evdə yaxşı heç nə görmürdü:

“Evə gələndə döyülmək, söyülmək, pozğunluq görürdüm. Atam ailəsilə çox pis davranırdı. 5-6 yaşımdan o evdə qışqırıq, söyüş eşitmişəm. Evə pozğun adamlar gətirirdi, bizi bir otağa salırdı, özü başqa otağa girib, qapını bağlayırdı...”

Hadisə günü bu uşaq da evdə olub. O, həmin gün gördüklərini də hakimlərə danışa-danışa ağlayıb...

Məhkəmədə zərərçəkmişin hüquqi varisi qismində Nurani Qalabəylinin atası tanınıb. O, məhkəmədə bildirib ki, gəlinindən şikayətçi deyil, heç bir tələbi də yoxdur.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »