Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Meşələrimizi kəsib doğrayıblar, təbiətimizi zəhərləyiblər"
"Meşələrimizi kəsib doğrayıblar, təbiətimizi zəhərləyiblər"

2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan 30 ildən çox işğal altında qalmış torpaqlarını düşmən işğalından azad etdi. Azərbaycanın qələbəsi ilə başa çatan müharibədən sonra 3 tərəfli 10 noyabr bəyannaməsi imzalandı. Şərtlər, təkliflər irəli sürüldü. Və tez bir zamanda sülh müqaviləsinin imzalanması ilə bağlı müzakirələr aparıldı. Azərbaycanın dövlət başçısı İlham Əliyev ermənilərin 30 il ərzində Azərbaycan torpaqlarında törətdiyi vandallığı, vəhşiliyi dünyaya çatdırmağa çalışır. Müxtəlif görüşlər keçirilir. Ölkə başçısı hər zaman çıxışlarında erməni vandalizmini dilə gətirir, Azərbaycanlılara qarşı törədilmiş barbarlığı dünya ictimaiyyətinə açıqlayır.

Milli Məclisin deputatı Elnur Allahverdiyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 44 günlük Vətən müharibəsini analiz edərkən müasir tariximizin ən şərəfli anı olan bu savaşa iki yöndən baxmağımız lazımdır.

Elnur Allahverdiyev Elnur Allahverdiyev

“Birinicisi, 27 sentyabr 2020-ci ilədək olan mərhələ. Bu zaman kəsiyi bir tərəfdən diplomatik mübarizə, dünya ictimaiyyətinin diqqətini bizim haqq işimizə yönəltmək və inandırmaq prosesləri ilə, digər tərəfdənsə, ordu quruculuğu ilə müşayiət olunur. Bu proses bilavasitə prezident İlham Əliyev tərəfindən müəyyən və idarə olunurdu.

Biz diplomatik mübarizə və dünya ictimaiyyəti ilə iş deyərkən nəyi nəzərdə tuturuq? Təbii ki, söhbət heç də tək BMT, ATƏT, Avropa Şurası kimi platformalarda Ermənistanla mübarizədən getmir. Cənab Prezident də açıqlamalarında bir neçə dəfə qeyd edib ki, artıq müəyyən müddətdən sonra bu möqeyini qətiləşdirməyə başlamışdı ki, münaqişənin sülh yolu ilə həlli sadalanan müstəvilərdə perspektivsizdir və Azərbaycan ciddi şəkildə özü öz torpaqlarını azad etməyə hazırlaşmalıdır. Ancaq bu, heç də diplomatiyanı inkar etmirdi”-deyən deputat bildirib ki, dövlət başçısının rəhbərliyi ilə xarici siyasətimiz əsas gücünü dünyada daha çox müttəfiq qazanmağa yönəltməli idi. O müttəfiqlərə ki, müharibə olduqda ermənilərin və onların havadarları olan dövlətlərin beynəlxalq təşkilatlardakı pressinqinə cavab verə bilsinlər. Bunun parlaq və effektiv nümunəsi Qoşulmama Hərəkatıdır. Biz ənənəvi müttəfiqimiz olan Böyük Britaniyanı qeyd edə bilərik. Hansı ki, BMT TŞ-də Fransanın qaldırdığı təşəbbüslərin bloka alınmasında əvəzsiz rol oynayıb.

“Biz İslam Konfransı Təşkilatı kimi böyük qurumu qeyd edə bilərik. Hansı ki, müsəlman təəsübkeşliyi baxımından bizim ənənəvi müttəfiqlərimizin birləşdiyi beynəlxalq təşkilatdır. Biz İsraili qeyd edə bilərik. Hansı ki, müharibədə bu ölkənin istehsalı olan yüksək dəqiqlikli və müasir silahlarından yararlanmışıq, diplomatik prizmadan baxdıqda isə dünyanın ən nüfuzlu diasporası olan yəhudi icması ilə mehriban münasibətlərə malikik. Ən nəhayət, biz qardaş Türkiyənin adını çəkə bilərik ki, elan etdiyimiz “Bir millət, iki dövlət” şüarı aramızdakı münasibətlərin miqyasını nümayiş etdirir. Bir daha qeyd edim ki, bütün bu çoxşaxəli prosesi birbaşa olaraq Prezident İlham Əliyev idarə edib”,- deyən deputat bildirib ki, ikinci mərhələ artıq bilavasitə hərbi əməliyyatların getdiyi 44 gündür ki, burada da Müzəffər ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı erməni işğalından azad etməklə 30 illik problemə nöqtə qoydu. Müharibənin strateji hədəflərini müəyyən edən Ali Baş Komandan hərbi əməliyyatlar ərzində qəbul edilən bütün taleyüklü qərarların müəllifi idi. Azərbaycan İkinci Qarabağ Müharibəsinin qalibidir.

Deputat qeyd edib ki, savaşdan sonra isə dövlətimizin qarşısında daha bir mühüm vəzifə dururdu: müharibəni udan Azərbaycan sülh prosesini də udmalı idi. Bunun məntiqi nəticəsi kimi, Prezident İlham Əliyev Ermənistana yekun sülh müqaviləsini imzalamağı və çoxillik tarixi ədavəti unutmağı təklif etdi. Bu artıq başqa məsələdir ki, 2 ildən çox müddətin keçməsinə baxmayaraq, yekun sülh müqaviləsi imzalanmayıb, 9 noyabr üçtərəfli bəyanatın bütün müddəaları həyata keçməyib və İrəvan hələ də revanşist niyyətlərdən hali deyil. Təbii ki, Ermənistanın müqəddəratı özündən çox başqalarının əlindədir. Tam sülhün gecikməsinin də səbəbi məhz budur. Müharibədən sonrakı ən əlamətdar proses təbii ki, azad olunmuş torpaqlarımızın, yaşayış məntəqələrimizin bərpası prosesidir. Prezidentin nəzarəti və təşəbbüsləri ilə irəliləyən bu proses 44 günlük müharibədəki qələbəmiz qədər önəmlü və qürurludur.

“Biz bu gün dünyaya 30 il viran edilmiş, xarabalığa çevrilmiş yurdumuzun gerçək sahibinin kim olduğunu quruculuqla, tikinti və abadlıqla, o ellərə olan ümumxalq məhəbbətimizlə sübut edirik. Fikrimcə, bu, həm də olduqca güclü və təsirli təbliğati prosesdir. O torpaqlara bağlı olmayan, o havadan nəfəs almayan xalq bu işləri görə bilməz. Cənab Prezidentin təsdiqlədiyi proqrama əsasən, dövlətimiz bu işlərə 20 milyard vəsait xərcləyəcək. Yeni yaşayış məskənləri, iş yerləri, infrastruktur, bərpa edilən təbiət. İndi gəlin müqayisə kimi bir fakta nəzər yetirək. 30 illik işğal ərzində ermənilər şəhər və kəndlərimizi dağıdıb, talan ediblər və satıblar. Meşələrimizi kəsib doğrayıblar, təbiətimizi zəhərləyiblər. Məsələn, bu illər ərzində ermənilər işğal bölgəsindən 20 tondan çox qızıl çıxarıblar. 26 milyard avroluq filizimizi oğurlayıblar. Bu, tək bir faktdır. Onlar oğurlayıblar, biz yatırım edirik, Qarabağın tarixi simasını qaytarırıq. Bax, bütün bunlar bizim təbliğatımızın əsas istiqaməti olmalıdır”,- deyən deputat hesab edir ki, daha bir vacib məqam Ermənistanın həm atəşkəs dövründə, həm də hər iki müharibələr ərzində törətdiyi qanlı cinayətlərin dünyaya çatdırılması, habelə bütün bunların müəlliflərin beynəlxalq məhkəmələrə çəkilməsi olacaq. Bu istiqamətdə ciddi işlər gedir.

“İstisna deyil ki, bu, həmin o cəlladların qorxulu yuxusudur və xalqlar arasında birdəfəlik sülhə nail olunmamasının səbəblərindən biri də məhz bu faktdır. Əminliklə söyləmək olar ki, dövlətimiz buna da nail olacaq. 44 günlük müharibədə Ermənistın başına endirilən “Dəmir yumruq” əlləri xalqımızın qanına batmış şəxslərin, terrorçu qurumların, separatçıların yaşadıqları son peşimançılıq olmayacaq. Ordumuzun göstərdiyi rəşadəti diplomatlarımız və hüquqşünaslarımız davam etdirəcək. Bu baxımdan, Vətən müharibəsi tək 30 illik ədalətsizliyə son qoymadı, həm də 1813 və 1828-ci illərdən ermənilərin tarixi torpaqlarımıza köçürülməsi ilə başlayan tarixi haqqsızlığı çözdü”-deyən Elnur Allahverdiyev bildirib ki, əvvəl Rusiya imperiyası, sonra isə SSRİ-nin arxasında gizlənib xəyanət törədənlər qarşılarında güclü müstəqil Azərbaycanı görürlər.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

Son xəbərlər
Bütün xəbərlər »