Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müvəqqəti qeydiyyat tələbinin arxasında nə dayanır?
Müvəqqəti qeydiyyat tələbinin arxasında nə dayanır?
Pandemiya dövründən sonra vətəndaşların qabıq bağlayan yarası – cərimələr yenə gündəmə gəlib. Amma bu dəfə maska taxmayanlara qarşı yox, müvəqqəti qeydiyyata düşməyənlərə qarşı. Belə ki, qeydiyyatda olmadığı ərazidə yeddi iş günü müddətində müvəqqəti qeydiyyata düşməyən vətəndaşları 30 manat cərimə gözləyir.

Vətəndaş həmin qeydiyyatla gəldiyi ərazidə 60 gün qala bilər. Ancaq 60 günün tamamında nə edəcəyi naməlum olaraq qalır. Elə cərimələrin də bu istiqamətdə getdikcə artacağı istisna edilmir. Vətəndaşlar sosial şəbəkələrdə öz narahatlıqlarını dilə gətirir, bu qanunun onlara qarşı vətəndaş yox, miqrant münasibəti formalaşdırdığını qeyd edirlər. Bəzi hüquqşünas və ekspertlərin fikrincə isə həmin qanunun müvafiq maddələri (563 və 563.1-ci maddələr) ölkədaxilində vətədaşların azad hərəkətinin məhdudlaşdırılmasıdır və bu, insanların azad hərəkətetmə hüquqlarını əlindən alır.

Qanunu qəbul edən Milli Məclis nümayəndələri isə vətəndaşların sualları və narahatlıqları qarşısında səssizliklərini qoruyurlar. 2016-cı ildə qəbul olunmuş bu qanunun niyə məhz indi işə düşməsi sualı bir kənara dursun, həmin qanunun müvafiq maddələrinin mexanizmləri də açıqlanmayıb. Məsələn, vətəndaş 60 günlük müvəqqəti qeydiyyata düşdükdən və həmin gün tamam olduqdan sonra nə etməlidir? Bunun üçün dövlət rüsumu ödəməli olacaqmı? Vətəndaşı cərimələmək üçün saxlayan polis nümayəndələri onların paytaxta nə zaman gəldiyini necə müəyyən edə biləcək? Qeydiyyata düşmək üçün şərtlər nələrdir?

Mözvu ilə bağlı Bizimyol.info-ya danışan Ümid Partiyasının sədri İqbal Ağazadə adıçəkilən qanunun tətbiqini zəruri hesab edir: “Mən hesab edirəm ki, doğrudan da vətəndaş öz yaşayış yerini tərk edirsə, bəlli bir zamandan sonra qeydiyyata düşməlidir və yaşayış yerini dəyişməsi barədə müvafiq qurumlara məlumat verməlidir. Dünyanın hər yerində belədir, hüquq bunu tələb edir. İki cür qeydiyyat var: daimi və müvəqqəti qeydiyyat. Çox təəssüf ki, sosial şəbəkələrdə və KİV-də bu məsələnin Konstitusiya hüququnun pozulması kimi şərh edilməsinə rast gəlinir, ölkədaxilində azad hərəkətetmə hüququnun məhdudlaşdırılması kimi başa düşülür. Ancaq bu, məhdudiyyət deyil. Orda sənə demir “getmə”, deyir ki, “gedəndə, mənə məlumat ver”. Bu, cinayəkarlığın qarşısının alınması, insanların rayonlarda, şəhərlərdə və ya başqa yerlərdə yaşaması haqqında dəqiq informasiya, seçki dönəmində hakimiyyətin saxtakarlıq etməsinin qarşısının alınması, hansı ki, namizəd də, jurnalist də sorğu verib, öyrənə bilər ki, burda qeydiyyata kim düşüb və sair nöqteyi-nəzərdən məqsədəuyğundur.  Ona görə hesab edirəm ki, bu qanun gecikdirilmədən tətbiq olunmalıdır. Bundan çəkinməyə də ehtiyac yoxdur. Adam, gəlmisən, get, qeydiyyata düş, səndən pul istəmir, mal istəmir. Deyir, “gəl, mənə məlumat ver ki, sən burdasan”. Sabah biri gəldi, cinayət törətdi və getdi rayona. Biri var, cinayət törədəndə orda qeydiyyatda olanlarla bağlı axtarış və ya əlinin altında informasiya olsun, biri də var ki, ümumiyyətlə heç bir informasiya olmasın”.

İqbal Ağazadə Ümid Partiyasının sədri İqbal Ağazadə

Partiya sədri paytaxtda öz evi olmayanların qeydiyyata düşüb, düşə bilməyəcəyi məsələsinə də toxunub: “Hava limanında təyyarədən düşərkən, gömrük bəyannaməsi dolduranda ünvan yazırsınız. Yaxud da turist olaraq səfərə gedəndə qeyd edirlər ki, siz hansı ünvana düşəcəksiniz. Əgər vətəndaş Bakıya gəlibsə, o, küçədə, ya da parkda yatmır ki, mütləq qalacaq bir yeri var: ya qohumunun evində qalır, ya kirayə tutub qalır və sair. Burada həmin qaldığı yerə mütləq qeydiyyatdan söhbət gedir. O orada əmlak iddiaçısı deyil, nə də mülk davasına çıxmır. Əgər oteldə qalırsa, otelin ünvanını göstərməli və orada müvəqqəti qeydiyyata düşməlidir. Nəhayət, bir hesab-kitab olmalıdır, vətəndaş hardadır, necədir, nədən ötrüdür. Yoxsa başlı-başına, kim gəldi, getdi, belə olmaz. Ona görə də hesab edirəm ki, bu qanun mütləq və mütləq icra edilməlidir”,– deyə, İqbal Ağazadə qeyd edib.

P.S. Qeyd edək ki, hazırkı durumun cinayətkarlığa qarşı mübarizəyə əngəl olmasına dair hər hansı tutarlı araşdırma və ya hesabat yoxdur. Məsələ ondadır ki, texnologiya əsrində hər kəsin yerini təyin etmək rahatlaşıb. Digər tərəfdən cinayət törədib məsuliyyətdən yayınmaq istəyən şəxs təbii ki, daimi yaşadığı yeri tərk edəcək - qeydiyyatda olub-olmamasından asılı olmayaraq... İnsanları narahat edən başlıca məqam odur ki, bu qanunun icrası zamanı bürokratiya mexanizmləri işə düşəcək. Uçot aparan orqanın cərimələrin sayını artırmaq məqsədilə subyektiv yanaşmaya yol verməsi ehtimalı da insanları ehtiyatlandırır. Əgər bunun üçün evdən çıxmadan elektron müraciət forması tətbiq ediləcəksə, qanunun normal tətbiqinə ümid etmək olar. Amma vətəndaşın hansısa orqana üz tutaraq vəzifəli şəxslərlə ünsiyyəti tələb olunacaqsa, hər şey bildiyimiz kimi olacaq...

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »