Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pakistanda insanlar təbii qazı evə selofan paketlərdə daşıyır
Pakistanda insanlar təbii qazı evə selofan paketlərdə daşıyır

Pakistanın bir qəsəbəsində sakinlər torpaq səthinə yaxın aşkar edilmiş təbii qazdan ibtidai üsullarla istifadə edir. Onlar yanacağı açıq sahədən evə selofan paketlərdə daşıyırlar. Nə qədər inandırıcı görünməsə də, qəsəbə sakinləri xüsusi borular əvəzinə 25 sentlik paketlərlə ünvana təbii qaz çatdırır.

Bizimyol.info xəbər verir ki, Pakistanın Hayber Pahtunhva əyalətindəki Banda Davud Şah qəsəbəsində təbii qaz qazma əməliyyatları, kəşfiyyat işləri zamanı yox, təsadüfən yataqlarda aşkar olunub. Sakinlər evlərinə yaxın ərazidə belə fürsətdən maksimum istifadə etməyə çalışırlar. Onlar evdə yemək bişirmək üçün həyatlarını riskə atmağa hazırdırlar.

İlk baxışdan böyük silindrik çantalar uşaq əyləncəsini xatırladır. Amma bu ibtidai üsul qəsəbə sakinlərinin çox əlindən tutur. Qadınlar yemək bişirmək üçün açıq sahələrdən paketlərdə gətirilən qaza böyük ehtiyac duyurlar.

Bölgədə yoxsulluq geniş yayılıb. Buranın insanları ən adi ehtiyacların öhdəsindən gələ bilmir. Onları qınamaq çətindir. Buna baxmayaraq, jurnalistlər söhbət zamanı sakinlərin nə qədər təhlükəli işlə məşğul olduqlarını izah etməyə çalışıblar. Banda Davud Şahda yaşayanlar belə qaz nəqlinin faciəyə səbəb ola biləcəyini yaxşı anlayır. Ölənlər və yaralananlar da az olmayıb. Amma bahalıq və yoxsulluq üzündən insanlar ölçüsünə görə 5-10 min Pakistan rupisi (təxminən 37-74 manat) dəyərində olan qaz balonu əvəzinə 70-80 faiz ucuz başa gələn “uçan şarlar”a üstünlük verirlər. Axı qəsəbə sakinləri açıq sahədə tapılmış təbii qaza görə heç nə ödəmirlər.

“İsti hava balonu” orta hesabla 20-25 dəqiqəyə doldurulur. Qəsəbə sakinlərinin 2 min rupiyə əldə etdikləri elektrik nasoslar təbii qazı istifadəyə hazırlayır. Bir kisə qaz təxminən iki saat işə yarayır.

Paketlərin bəzisində yamaqlar diqqət çəkir. Çarə yoxdur, cırılan yerləri yamamaq lazım gəlir. Bir paket aylarla istifadə olunur.

Paketin deşilməsi zəhərlənməyə səbəb ola bilər. Bu qazda qoxulu kükürd tərkibli maddə yoxdur və özün də hiss etmədən zəhərlənə bilərsən. Hələ kiçik qığılcımın yarada biləcəyi partlayışdan danışmırıq.

Sakinlərdən Həzrət Cənan jurnalistlərə deyib ki, bölgə sakinləri ağır günlər yaşayırlar. O, əmindir ki, hökumət qaz infrastukturu yaratsa, qəsəbədə heç kim həyatını təhlükəyə atmaz. Bu yaxınlarda Banda Davud Şahda partlayış olub, ana və qızı yanıblar. Canan deyir ki, bu qazdan yalnız çörək bişirmək və çay hazırlamaq üçün istifadə edə bilirlər. İbtidai üsulla evə qaz daşımaq bütün ehtiyacları ödəmir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »