Həkimlərin yazdıqları reseptlər çox zaman müzakirə mövzusu olub. Maraqlıdır ki, az qala özləri üçün yeni əlifba yaradan həkimlərin bu əlifba kodlarını ancaq əczaçılar bilir.
Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, elə dərmanlar var, bir hərf dəyişikliyi ilə tamamilə fərqli məqsədlər üçün istifadə olunur. Ona görə də həkimin yazdığı reseptin oxunaqlı olması çox vacibdir. “ Məhz o yazını oxumaq üçün Əczaçılıq fakültəsi açılıb” kimi dillərə düşən zarafatla qeyd edilən bu vəziyyətdən bəzən əczaçılar da əziyyət çəkir.
Əczaçılar da bəzən oxuya bilmədikləri bu reseptlər üçün əvvəlcə onu yazan həkimlə danışmağa çalışırlar, bu mümkün olmadıqda isə reseptin şəkli həmkarlarının “WhatsApp” qruplarına göndərilir. Bəs həkimlərin reseptləri anlaşılmaz yazmasının səbəbi nədir?
Bir araşdırmaya görə, bu, həkimlərin tələbəlik illərindən qeyd etmə vərdişləri ilə bağlı ola bilər. Tibb mütəxəssisləri tələbəlik illərində kurs zamanı demək olar ki, hər bir məlumatı qeyd etməlidirlər. Buna görə də təxminlərə görə, tələbələrdə daha sürətli yaza bilmək üçün inkişaf etdirilən bu yazı üslubu zamanla daimi yazı üslubuna çevrilir.
Eyni zamanda həkimlər gündə onlarla resept və sənəd doldurduqları üçün işlərini tez bitirməyə çalışırlar. Reseplərdə ad, soyad, tarix, protokol nömrəsi, diaqnoz və dərman adları qeyd olunur və həkimlər gündə bu reseptlərdən demək olar ki, 80-100-nü yazır. İş bununla bitmir, xəstələrin şəxsiyyətini təsdiq edən sənədin nömrələri və digər məlumatları protokol kitabında qeyd olunur. Bundan əlavə, istirahət və sağlamlıq hesabatları, məsləhət, müayinə müraciət sənədləri, hamiləlik təqib kartları, gündə onlarla yazı və sənəd işi ilə məşğul olurlar. Bütün bu işləri nəzərə alsaq, belə görünür ki, onların sürətli və mürəkkəb yazması təəccüblü olmamalıdır.
Həkimlərin təyin etdiyi dərmanların adları bizə çox da tanış olan sözlər deyil. Belə ki, əslində aydın yazsalar da, terminlər bizə tanış olmadığı üçün oxunmaz görünə bilər. Bir çox peşə sahiblərinin əl yazısının başqaları tərəfindən görülməsinə ehtiyac yoxdur, ancaq həkimlərin yazdıqları xəstələrə, tibb bacılarına, əczaçılara aydın olmalıdır.
Buna görə həkimlərin əl yazısı hər zaman diqqət çəkir. Xülasə, bir araşdırma apardıq və məlum oldu ki, bunun xüsusi bir səbəbi yoxdur.
İlahin, Bizimyol.info