2020-ci ildə 44 günlük müharibə zamanı Türkiyə qardaş kimi Azərbaycanın yanında olduğunu sübut etdi. Müharibədə qələbə qazandıqdan sonra işğaldan azad edilmiş ərazilərin bərpası və həmin ərazilərdə yenidənqurma işlərinin aparılmasında da, Türkiyə şirkətləri böyük rol oynayır. Hətta ötən ilin sonlarında keçirilməsi nəzərdə tutulan, ancaq Azərbaycanın Fransanın da iştirakı olarsa, imtina etdiyi beşinci Brüssel görüşündə Türkiyənin iştirakı da bir müddət əvvəl gündəmə gəldi. Belə hesab etmək olar ki, bu görüşdə Türkiyə iştirak edərsə, danışıqlar keçən 4 görüşdən fərqli keçirilə bilər.
Türkiyənin bu görüşdə iştirakı mümkün ola bilərmi?
“Belçika-Azərbaycan” Evinin rəhbəri Bülənt Gürçam Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, ölkə başçının dəfələrlə dilə gətirməsinə baxmayaraq, Azərbaycan və Türkiyə diasporları heç bir zaman birgə fəaliyyət göstərə bilməyiblər. O, qeyd edib ki, illərdir bu məsələ gündəmdədir.
“Cənab prezident də bunu bir neçə dəfə deyib. O, qeyd edib ki, Azərbaycan və Türkiyə diasporları birgə fəaliyyət göstərməlidir. Amma təəssüf olsun ki, biz heç bir zaman buna nail ola bilməmişik. Əslinə baxsan, illərdən bəri, Heydər Əliyevin zamanında deyilən "Bir millət, iki dövlət" ifadəsini hər kəs çox ciddi qəbul edir. Amma biz bunu gerçəkdə edə bilməmişik. Yəni, Azərbaycanla Türkiyə heç vaxt birgə hərəkət edə bilməyib. Nə diasporu, nə siyasəti. Buna görə problemlər çıxıb. Amma, bu günlərdə yenidən bu gündəmdədir. Türkiyə son Qarabağ hadisələrində də Azərbaycanın yanında oldu. Çox adam da qəbul etdi ki, bu dəstək olmasaydı, Qarabağ torpaqları işğaldan azad olunmayacaqdı”-deyən Gürçam qeyd edib ki, dövlətlər xarici siyasətini belə şəkildə qura bilmir. Yəni heç bir zaman Avropada Türk diasporu ilə bərabər hərəkət mümkün olmayıb.
“Ona görə hər zaman bir tərəfimiz əksik qaldı. Əgər biz bir millət-iki dövlətiksə, onda biz ona uyğun hərəkət etməliyik. Təbii ki, hər kəs istəyər ki, Türkiyə bu görüşə qəbul olunsun, 5-ci görüşdə Türkiyə də olsun. Amma, mən çox inanmıram. Zəif ehtimal olaraq görürəm. Çünki, hal-hazırda Avropanın Türkiyəyə baxışı bir az fərqlidir. Türkiyədə də çox ciddi siyasi çalxantılar var. Seçkilər yaxınlaşır. Çox ciddi qanun pozuntuları meydana gəlir Türkiyədə. Bunlar istər-istəməz Avropanın gözünə batır”-deyə Gürçam vurulayıb.
Bizimyol.info xəbər portalının Bülent Gürçam ilə hazırladığı videomüsahibəni aşağıdakı ekrandan izləyə bilərsiniz:
İradə Cəlil, Bizimyol.info