Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlıların vizasız gedə biləcəyi ölkələr: Somali, Haiti, Cibuti, Mozambik...
Azərbaycanlıların vizasız gedə biləcəyi ölkələr: Somali, Haiti, Cibuti, Mozambik...

“Henley & Partners” şirkəti hər il miqrasiya ilə bağlı müxtəlif statistik hesabatlar, maraqlı rəqəmlər açıqlayır. Burada miqrant axını, ölkəsini tərk edənlərin başqa dövlətlərdə əldə etdiyi daşınmaz əmlakla bağlı göstəricilər, pasportların indeksi yer alır. “Henley & Partners” Yaponiya vətəndaşlarının az qala dünyanın bütün ölkələrinə vizasız gedə biləcəyini açıqlayıb. Azərbaycan sıralamada 76-cı yerdədir.

Bizimyol.info xəbər verir ki, ön sırada əsasən Qərbin inkişaf etmiş dövlətləri yer alıb. Amma Yaponiyadan sonra əvvəlcə Sinqapur və Cənubi Koreya qərarlaşıb. Sonrakı pillələri Almaniya, İspaniya, İtaliya, Avstriya və Portuqaliya tutur.

“Henley & Partners” Azərbaycan vətəndaşlarının 70 ölkəyə vizasız səyahət edə biləcəyini qeyd edir. Burada müəyyən dəqiqləşdirməyə ehtiyac var. Azərbaycan vətəndaşları bu ölkələrin heç də hamısına vizasız üz tuta bilmir. Məsələn, Kot-d'İvuara əvvəlcədən qeydiyyatla daxil olmaq mümkündür. Yəni müəyyən proseduru geridə qoymaq vacibdir. Şri Lanka, Seyşel adaları da təxminən belə davranışı tələb edir. Turistlər elektron qeydiyyatdan keçməlidir. Ümumiyyətlə, Azərbaycan vətəndaşlarını tamamilə vizadan azad edən cəmi 28 dövlət var. Bu ölkələrdən 9-u postsovet məkanında yerləşir. SSRİ-nin üzvü olmuş 14 dövlətdən 3-ü Baltikyanı ərazidədir və Şengen zonasına daxildir. Türkmənistana viza almaq məşəqqətdir. Ermənistanla bağlı məsələ aydındır. Siyahıda yer almış 9 postsovet ölkəsindən Ukraynaya istədiyimiz vaxt gedə bilmərik. Müharibə günlərində buna ciddi əsasın olmalıdır.

Azərbaycan vətəndaşlarına isti yanaşan ölkələrin əksəri ya aeroportda, ya da elektron yolla bahalı viza əldə edilməsi tələbini ortaya qoyur. Amma ən böyük problem bu deyil. Dərd orasındadır ki, vizasız gedə biləcəyimiz ölkələrin əksəri turistləri cəlb edən yerlər deyil. Məsələn, Somaliyə getmək həyatını böyük təhlükə qarşısında qoymaq anlamına gəlir. Haiti, Nikaraqua, Cibuti, Namibiya haqqında da yüksək fikir demək olmur. Sent-Vinsent və Qrenadin, Toqo, Şərqi Timor, Tuvalu, Ruanda, Palau, Uqanda, Lesoto, Qvineya-Bissau, Qabon... Siyahıya göz gəzdirdikcə məyus olmamaq mümkün deyil. Bu ölkələrin əksəri nə təhlükəsizdir, nə də əlverişli səyahət imkanları vəd edir.

Azərbaycan siyahıda daha yüksək yer tuta bilməz. Çünki ölkəni xeyli gənclər tərk edir. Xüsusilə istedadlı, korrupsiyalaşmış sistemdən kənarda qalmaq istəyən gənc nəsil özünü ifadə etməyə uyğun yer axtarır. Bunun üçün Qərb ölkələrinə axın edirlər. Bu halda isə bizə inkişaf etmiş ölkələrin qapı açması inandırıcı görünmür.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »