Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qida allergiyası niyə artıb?
Qida allergiyası niyə artıb?

Son zamanlar yaşlı nəsillərdən fərqli olaraq, gənc nəsil arasında qida allergiyası halları artıb.

Süd, yumurta, qoz-fındıq və hətta buğdaya qarşı allergiyası olan insanlar var. Eyni zamanda bu qidalar ən çox yayılmış allergen qidalar arasındadır. Allergiya ilə bağlı ən diqqət çəkən məsələlərdən biri də bu cür problemi olan insanların sayının və xəstəliyə səbəb olan qidaların çeşidinin durmadan artmasıdır.

Son 50 ildə dünya əhalisi arasında allergiyası olan insanların nisbətinin iki dəfə artdığını göstərən araşdırmalar var.

Bununla yanaşı, allergiyası olan insanların sayının bilinən saydan 3-4 dəfə çox olduğu düşünülür.

Allergiya nədir, niyə baş verir?

Allergiya əslində immun sisteminin  özünü "səhv anlamasıdır”.

Tutaq ki, sizdə süd allergiyası var. Süd vücudunuza daxil olduqda, immun sisteminiz südü zərərli bir “işğalçı” kimi qəbul edir.  Sonradan bu “işğalçı” bədənə hər dəfə daxil olduqda, immun sistemi onu dərhal tanıyır və "bədəndən çıxarma səyi" adlandırılan bəzi reaksiyalara səbəb olur.

Ancaq bəzi hallarda bu reaksiyalarla yanaşı, allergik şok kimi tanınan anafilaksiya da baş verə bilər. Anafilaktik şok zamanı immun sistemi birdən-birə kimyəvi maddələr ifraz edir, bu da orqanizmdə bir sıra dəyişikliklərlə nəticələnir. Qan təzyiqi düşür, tənəffüs yolları daralır və eyni zamanda dəridə şişlik, qızartı kimi əlamətlər müşahidə edilir. Nəfəs almaq və  bədəndə oksigen dövranı çətinləşir. Kifayət qədər təhlükəli olan bu vəziyyət ölümlə nəticələnə bilər.

Allergik qidalar qəbul edən insanlarda dəridə qızartı, şişkinlik, nəfəs darlığı, asqırma, burun axması, ishal, ürəkbulanma, qusma, mədədə şişkinlik, həzmsizlik, gözlərdə sulanma, dəridə ekzema və astma müşahidə olunur. Bu təsirlər allergenin bədənə daxil olma üsuluna görə formalaşa bilər. Dünyada ən çox görülən qida allergiyaları inək südü,  yumurta, balıq, fıstıq, fındıq (fındıq, qoz, püstə və s.) soya, buğda, paxlalılar və  küncüt qidalanması zamanı baş verir.

London Universitetinin tibbi mikrobiologiya professoru Qraham Rukun fikrincə,  qida allergiyasının səbəblərindən biri bizim yeni həyat tərzimizdir. “Müasir şəhər insanlarında daha çox allergiya var. İndi vücudumuz daha az mikroorqanizmlə qarşılaşır  və bir çox mikroorqanizmləri tanımır. Məsələn, qeysəriyyə əməliyyatı ilə doğulan körpələrdə allergiya normal doğuşla doğulanlara nisbətən daha çox olur. Bu vəziyyətin körpənin qeysəriyyə əməliyyatı səbəbiylə doğum kanalından çıxarkən bədəninə alacağı bəzi faydalı bakteriyalarla heç vaxt rastlaşmaması ilə bağlı ola biləcəyi düşünülür. Və yaxud daha çox antibiotik istifadə edən uşaqlarda allergiya nisbətləri daha da yüksəkdir. Antibiotiklərdən istifadə bağırsaqlardakı bakteriya florasını zədələyərək faydalı bakteriyaları məhv edir”,- deyə Rook açıqlamasında bildirir.

Digər səbəb isə D vitamininin vurğulanmasıdır. Açıq havada getdikcə daha az vaxt keçirən və daha az D vitamini qəbul etməyə başlayan müasir insanların immun sisteminin bundan təsirlənərək, allergenlərə daha açıq ola biləcəyi fikrini dəstəkləyən bəzi araşdırmalar var.

Bəzi tədqiqatlar göstərir ki, doğuşdan sonra D vitamini nisbəti daha yüksək olan körpələrdə allergiya çox olur.

Mütəxəssislər bildirirlər ki, D vitamininin çox az və ya çox olması allergiya ilə əlaqəli ola bilər.

Alimlər ölümcül nəticələrə səbəb ola biləcək allergiyanın daha yaxşı araşdırılmasına ehtiyac olduğunu iddia edirlər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »