Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səlim Müslümov öz cinayət işindəki 27 milyonun 7-sini ödəyəsi olmadı
Səlim Müslümov öz cinayət işindəki 27 milyonun 7-sini ödəyəsi olmadı

Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, ev dustaqlığında olan Səlim Müslümovun yarım ildir davam edən məhkəmə prosesi yekunlaşmaq üzrədir.

Bizimyol.info xəbər verir ki, sabiq nazirin məhkəməsində artıq şahidlərin dindirilməsi mərhələsi başa çatıb. 27 milyonluq mənimsəmə, israfetmə və rüşvətalma kimi cinayət əməllərində ittiham olunan Səlim Müslümov bu məbləğin 20 milyonunu ödəyib.

Yanvarın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində Səlim Müslümovun işinə baxan hakim Faiq Qəniyev də məhkəmə prosesinin iştirakçılarına bu barədə məlumat verib. Hakin bildirib ki, cinayət nəticəsində dəymiş ziyanın 20 milyon manatlıq hissəsi təqsirləndirilən şəxs tərəfindən ödənilib.

Qalan 7 milyon manata gəlincə, hakim deyib ki, bu, israfetmə nəticəsində vurulmuş ziyandır. Həmin əməllərlə bağlı Səlim Müslümovun işindən başqa bir cinayət işi də var. Bu məsələ ilə bağlı araşdırma nəticəsində Səlim Müslümov nazir olduğu dövrdə nazirliyin bir sıra əməkdaşlarının, tenderlərdə qalib olmuş şirkətlərin rəhbərlərinin fəaliyyətləri zamanı qanunsuzluqlara yol verdikləri ortaya çıxıb. İsraf edildiyi iddia olunan 7 milyonla əlaqədar Səlim Müslümova ittiham verilsə də, o vəsaitləri həmin şəxslər ödəməlidir. Ona görə də istintaq orqanı o adamları çağırıb, onlardan vurduqları ziyanı tələb edir. Nəticədə qanunsuzluğa yol vermiş şəxslərin bir qisminə 7 milyonun 1 milyondan artıq hissəsi ödətdirilib. Qalan 6 milyon manata yaxın hissəsinin də ödənilməsi davam etdirilir.

Hakim sabiq nazirin işi üzrə məhkəmə istintaqının yekunlaşmasını və prokurorun çıxış etməsini təklif edib. Prokuror vaxt istəyib. Ona yanvarın 23-nə qədər vaxt verilib.

Səlim Müslümov məhkəmədə ifadə verəndə də deyirdi ki, özünü mənimsəmə və rüşvətalmada təqsirli bilsə də, israfetmə ittihamını qəbul eləmir. Ona görə də 20 milyonu ödəsə də, qalan 7 milyonu qaytarmaq niyyətində deyil.

62 yaşlı Səlim Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. O vaxtdan həbsdə saxlanılan sabiq nazir 2022-ci ilin mayında ev dustaqlığına buraxılıb.

Səlim Müslümov 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, ardınca 11 il Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib. 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib. Həmin vaxt Dövlət Sosial Müdafiə Fondu da bu nazirliyin tabeliyinə verilib. O, 2018-ci ildə nazir vəzifəsindən azad edilib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »