Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Deyirlər o dərmanlar saxtadır.., bizdə apteklərin sayı 20 qat çoxdur"
"Deyirlər o dərmanlar saxtadır.., bizdə apteklərin sayı 20 qat çoxdur"

Son dövrlər, hətta uzun zamandır ölkənin dərman bazarında ciddi problemlər müşahidə edilir. Dərmanların keyfiyyətsizliyi,  apteklərin eyni dərmana fərqli, baha qiymətlər qoyması,  qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar, dərmanların təsirsizliyi  ilə bağlı çox sayda  şikayətlərə rast gəlirik. Nəticədə isə nə bir araşdırma, məlumatlandırma, ictimaiyyətə verilən hesabat var. Yəqin özbaşınalıqdandır?! Qorxu olmayan yerdə hürkü də olmur misalı.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ölkənin dərman bazarında olan problemlərlə bağlı təşkilata hər gün bir neçə müraciət və şikayət daxil olur.

“Azərbaycanda dərmana tələbat həddindən artıq çoxdur.  Və heç bir elmi müəssisə bunun səbəbini müəyyən etməyə çalışmır. Mən bir çox ölkələrlə Azərbaycandakı aptek şəbəkəsinin çoxluğunu  müqayisə etmişəm.

O cümlədən Fransa, Gürcüstan, Rusiya  və başqa ölkələrə nisbəti araşdırmışam. Baxmayaraq ki,  ölkəmiz ərazisi və əhalisinə görə böyük deyil, Azərbaycanda aptek şəbəkəsi digər ölkələrlə müqayisədə təxminən 20 qat çoxdur. Ölkədə dərman qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi çox əhəmiyyətli bir addım olsa da, digər tərəfdən “Alman” aptekləri fəaliyyət göstərir. Onlar açıq-aydın deyirlər ki, “o dərmanlar saxtadır, biz dövlət tərəfindən tənzimlənən dərmanları 3-4 qat baha veririk, amma bizdəkilər naturaldır".  “Alman” aptekləri Azərbaycanın dövlət qanunlarını tanımırlar.

Eyyub Hüseynov Eyyub Hüseynov

Əhali çarəsizlikdəm ora üz tutur.  Apteklərdə, klinikalarda növbəyə duranlar, qonşu ölkələrin klinikalarının azərbaycanlılarla dolu olması onu göstərir ki, Azərbaycanda  bu sahədə ciddi problem var və artan xətt üzrə davam edir. Bu problem ya qidada, ya havadadır. Ya da həkimlərin insanları tora salıb, hamını aptekə yönləndirməsində".

Ekspert təəssüflə qeyd edir ki, Azad İstehlakçılar Birliyi də bunun səbəbini bilmir. Onun fikrincə,  dərman biznesinin bu vəziyyətdə olması, yerli dərman istehsalının demək olar ki, yox səviyyədə olmasının səbəbləri mütləq var. Azərbaycanda illər öncə dərman zavodu tikilsə də, onlar çox primitiv işlərlə məşğul olur, dərman istehsalı ilə demək olat ki məşğul olmurlar. Yaxud da bizə aydın olmayan, qaranlıq məqamlar var.

“Ölkənin dərman siyasətini həyata keçirən insanlar özləri fəal dərman biznesi ilə məşğul olurlar və bu azmış kimi özləri dövlətin qanunvericilik orqanında təmsil olunurlar. Yəni bu adamlar  Milli Məclisdə oturublar. İmkan vermirlər ki, dərman istehsalı güclənsin. İllər boyu saxta, təhlükəli şiprislər ilə mübarizə apardıq.  Milli Məclisdə təmsil olunan həmin insanların  xaricdən gətirdiyi təhlükəli şiprislər ölkədə geniş şəkildə satılırdı. Biz bu problemlə bağlı dövlət orqanları qarşısında məsələ qaldırdıq, xeyli mübarizə apardıq, hətta KİV-in müstəsna rolu oldu. Vəziyyət nisbətən yaxşıya doğru dəyişdi.

Bu dərman biznesi ilə məşğul olan və qərar qəbul edən Milli Məclis üzvlərinin gözü qabağında  baş verdi. Vəziyyəti dəyişmək üçün mütləq  dövlətin dərman , xüsusilə tibb siyasətini yerinə yetirən insanlar klinika sahibi olmamalı, dərman biznesi ilə məşğul olmamalıdır”,- deyə ekspert əlavə edib.

Pul qazanmaq buxovu, Azərbaycanın milli dövlətçilik siyasətinə maneçilik törədir. Ekspert qeyd edir ki,  belə  şəxslər  dövlətin qanunverici orqanında təmsil olunmamalıdır.

“Bu sahədə böyük problemlər yaşanır. İstehlakçıların problemləri var.  2001-ci il də Azərbaycanda Dünya Gömrük Təşkilatının bir konfransı keçirildi. Yeganə vətəndaş cəmiyyətinin üzvü olaraq mən orada iştirak edirdim. Dünyanın əlliyə yaxın gömrük generalları toplaşıb, 3 gün müzakirə apardılar. Dünyada saxta dərman dövriyyəsinin qarşısını almaq barədə məsələ qaldırdılar. Lakin heç bir nəticəyə gələ bilmədilər və məlum oldu ki,  dünyada 30 faizə qədər saxta dərman dövriyyəsi var. Həmin dərmanları istehsal edən firmaların sahiblərinin şəkillərini, həyat tərzlərini, təyyarələrini,  adalardakı evlərini nümayiş etdirdilər. Lakin mübarizə üsulunu tapa bilmədilər".

İnternet üzərindən satılan dərmanların da 70 faizə qədəri saxtadır. Mütəxəssis bildirir ki, üç mindən çox dərmanın qiyməti  dövlət tərəfindən tənzimlənir. Dövlətin bu siyasəti əhalinin sağlamlığına doğru yönəlmiş bir addım olsa da, təəssüflər olsun ki, bu, dərmanların keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır.

“Bu qərarlar qəbul olunanda, çox təəssüflər olsun ki, dolların manata olan münasibətinin elastik olması nəzərə alınmayıb. Yəni istənilən vaxt bu kurs dəyişə bilər, o  zaman dərmanın keyfiyyəti dəyişəcək, pisləşəcək.

Qiyməti dövlət tərəfindən tənzimlənməyən bəzi dərmanlar var ki, qonşu ölkələrdən dəfələrlə bahadır. Məsələn, “Qalusmed” dərmanı dəfələrlə Türkiyədən və Rusiyadan bahadır. Belə dərmanlar mövcuddur”,- deyən Eyyub Hüseynov əlavə edib ki, vəziyyəti dəyişdirmək üçün hökumətin effektiv siyasəti olmalıdır.

Yerli dərman istehsalına rəvac verilməlidir. Yerli dərman istehsalı ilə məşğul olan zavodlar  dərman istehsalına başlamalıdır. Dövlətin bu siyasətini əngəlləyən, buxovlayan insanlar bu sahədən uzaqlaşdırılmalıdırlar.

Fiziki sağlam olmayan cəmiyyət heç vaxt inkişaf edə bilməyəcək, daim, istənilən situasiyada iradəsizlik nümayiş etdirəcək! Bu aksiomanın bir gün kütləvi hal almaması üçün dövlət ciddi hərəkətə keçməlidir!

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »