Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Öz mütəxəssislərimiz ölkədən qaçır, əvəzində əcnəbilər üçün güzəştlər hazırlanır...
Öz mütəxəssislərimiz ölkədən qaçır, əvəzində əcnəbilər üçün güzəştlər hazırlanır...

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov qeyd edib ki, Azərbaycanda İKT sahəsində mütəxəssis qıtlığı var. Nazir müavini bu sahə ilə bağlı Gürcüstan, Qazaxıstan və hətta Ermənistan nümunəsini misal çəkərək vurğulayıb ki, bu ölkələrin ÜDM-də İKT sahəsinin payı Azərbaycanla müqayisədə 2-3 dəfə artıqdır. Bu sahədə mütəxəssislər hazırlamaq, rəqabətqabiliyyəti məhsullar yaratmaq lazımdır.

Miqrasiya Məcəlləsinə təklif edilən dəyişikliyə görə isə əcnəbilərin və ya vətəndaşlığı olmayanların yerli İT şirkətlərində işləməsi üçün iş icazəsi lazım olmayacaq. Onlar eyni zamanda “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişikliklə Azərbaycanda məcburi dövlət sosial sığorta haqqını ödəməkdən azad ediləcəklər.

  • Ölkədə yerli mütəxəssislər həqiqətənmi azdır?
  • Xaricdən gətirilən mütəxəssislərə edilən güzəştlər yerli mütəxəssislər tərəfindən necə qarşılanacaq?

Bizimyol.info xəbər portalının suallarını İKT mütəxəssisi Taleh Nəsirli cavablandırıb.

- Taleh bəy, həqiqətənmi Azərbaycanda İT mütəxəssislərinin sayı azdır, kadr çatışmazlığı var?

- Təkcə Azərbaycanda deyil, bütün dünyada qeyd edilən və ya başqa bir neçə İT sahəsi üzrə əsl mütəxəssis çatışmazlığı mövcuddur. Bu artıq problemdir və məsələni həll etməyə çalışmazdan əvvəl problemin nədən qaynaqlandığını tapmaq lazımdır. Dünya səviyyəsində problemin səbəbi odur ki, texnologiyanın inkişafı ilə bağlı olaraq tələb təklifdən artıqdır. Azərbaycan səviyyəsində problemin səbəbi həm dünya səviyyəsində İT sahəsindəki inkişafı, həm də yerli mütəxəssislərin zamanında dəyərləndirilməməsi və itirilməsidir.

İT sahəsi dövrümüzdə çox dərin bir sahəyə çevrilib. Bu sahə artıq 20-30 il öncəki halından çıxıb, sürətli şəkildə inkişaf edir. Süni intellekt 20-30 il öncə insanlara nağıl kimi gəlirdi. Hal-hazırda süni intellekt yazılmış aplikasiyalar vasitəsilə istənilən hekayə yazdırmaqla, hər hansı məhsula uyğun loqo təklifi alına, prezentasiya hazırlatdırıla bilinir. Dronlar düşməni özü təyin edib məhv edə bilir. Avtomobillər naviqatora uyğun olaraq yol nişanlarına görə sürət qərarı da verə bilir. Gələcəkdən daha bizə nağıl kimi gələn nələr real olacaq, çox yaxın zamanda görəcəyik.

Gördüyünüz kimi artıq süni intellekt hər yerdə var. Bu, illərlə görülən işlərin nəticəsidir. İT sahəsi üçün az bir zamanda bu nailiyyət əldə olunsa da, bunun arxasında dayanan beyinlərə uzun müddətdir sərmayə qoyulurdu. İT sahəsi üzrə tədris məktəb vaxtlarından təlim olunurdu. Təbii ki, burada təhsilin şəffaflığı və verimliliyi də böyük rol oynayır.

- Necə İT mütəxəssis olmaq mümkündür. Hansı təhsilə ehtiyac var? Harada öyrənmək olar?

- Əgər məktəb illərindən bu biliklərə yiyələnmədən 3-6 ay hansısa kursa gedib, 20-30 video izləyib mütəxəssis olacağını düşünən varsa, ilk növbədə özünü aldatmış olar. Siz bununla sadəcə olaraq, pilləkənin ilk pilləsinə ayaq basmış olarsınız və bu da çox önəmlidir. Mütləq şəkildə düzgün seçim edib, bu sahəyə başlamaq lazımdır. Sahə o qədər dərindir ki, artıq bu sahənin bir qolunda güclü mütəxəssis olmaq üçün digər qolları da müəyyən qədər bilməlisiniz, ya da məlumatlı olmalısınız.

İnformasiyanın təhlükəsizliyinin təmin edilməsi çox məsuliyyət, diqqət, bilik, özgüvən sahibi olan mütəxəssislər, həmçinin bu mütəxəssislərdən ibarət güclü komanda tələb edir. Mütəxəssis seçərkən bizə həqiqətən müdafiə sıramızdakı boşluğu doldura biləcək kadr lazımdır.

İnformasiyanın alınması, emal edilməsi, ötürülməsi məsələlərini nə qədər güclü mütəxəssislərlə həyata keçirsək də, onların təhlükəsizliyini təmin edə bilmədikdən sonra heç bir mənası yoxdur. Bu sahəyə gənclərimiz güclü maraq göstəməlidirlər. Hal-hazırda hansısa əcnəbi mütəxəssisin gəlib ölkəmizdə işləməsi gənclərimizin daha da möhkəm çalışmasına stimul olmalıdır.

- Azərbaycanlı mütəxəssislər niyə xaricdə işləməyə üstünlük verir?

- Hazırda İT sahəsi üzrə mütəxəssis çatışmazlığının olması gözlənilən bir haldır. Ölkəmizdə İT sahəsində güclü mütəxəssislər var. Ancaq İT sahəsinin sürətli inkişafı ilə bağlı öz sahələrində daha da inkişaf etmək imkanının olmamasına, ölkəmizdə digər ölkələrlə müqayisədə eyni iş qarşılığında daha az məvacib almalarına, özəl şirkətlərdə və dövlət orqanlarında olan tipik iş rejiminə, səhv rəhbər seçiminə və digər səbəblərə görə çoxları başqa ölkələrdə işləməyə qərar verir.

Bu hal yeni deyil. Neçə illərdir ki, İT sahəsi üzrə mütəxəssislərimiz ölkəni tərk edir. Təbii ki, kimisə buna görə qınamaq olmaz. Hər kəs daha yaxşı yaşaya bilmək üçün çalışır. Nəticədə daha uyğun təklif kimdən gələrsə, mütəxəssis o təklifi dəyərləndirəcək. Bir çox hallarda belə olur.

Belə bir misal çəkək: İKT üzrə mütəxəssis, bir kadr düşünək. Bu sahə üzrə Azərbaycanda 5 il təcrübəsi, qlobal sertifikatları, standart 9:00-18:00 iş rejimi və 4 min AZN maaşı var. Bu şəxsə dünyanın bir çox yerlərindən iş təklifləri gələcək. Çünki kadr çatışmazlığı qlobal səviyyədədir. Həmin şəxsə minimum 5-10 min dollar arası məvacib, pulsuz səhiyyə, uşaqlarının təhsil ödənişləri, pulsuz treninqlər, müasir texnologiyalarla işləmək imkanı və başqa təklif gələrsə, niyə getməsin?

Artıq getməyə də ehtiyac yoxdur. Freelancer, yəni azad rejimdə işçi olaraq işini görür artıq insanlar. Heç kimin artıq sözünü də eşitmir. Ailəsinə, özünə vaxt ayıra bilir və tıxacda qalmır, 5 nəfərin işini görmək məcburiyyətində qalıb gecə saat 12-yə qədər işləmir. Onsuz da az olan mütəxəssislərimizi beləcə itiririk. Təbii ki, yuxarıdakı təklifə “yox” deyən insanlar da var. Hansı ki, bir çoxları ailə məsələləri ilə bağlı təklifi dəyərləndirə bilmir.

- Əcnəbi mütəxəssislərin Azərbaycana cəlb olunması fikrinə münasibətiniz necədir?

- Mən əcnəbi mütəxəssislərin cəlb olunması fikrini pis qarşılamıram. Ancaq o halda ki, gələn əcnəbilər yerli mütəxəssisləri yetişdirsin, müasir texnologiyaları öyrətsin, alacaqları məvacib bizim mütəxəssislərimizə öyrədəcəklərinə dəysin. Həmin mütəxəssisləri biz təkcə çatışmazlıqlarımızı aradan qaldırılması üçün yox, həm də yerli mütəxəssislərimizi də öyrətmək şərti ilə cəlb etməli və buna nəzarət etməliyik. Uzağı 3 ildən sonra onların əvəzinə yerli mütəxəssislərimiz onların işini görə bilməlidir və onları da öz növbəsində əvəz edə biləcək mütəxəssislər yetişdirməliyik. Bundan da önəmlisi yetişdirdiyimiz mütəxəssislərə elə şərait yaratmalıyıq ki, ölkəni tərk etmək məcburiyyətində qalmasınlar. Bu məsələni mütləq həll etməliyik.

İndi Milli Məclisdə qanun dəyişikliyi üçün təklif olunacaq “Əcnəbilərin Azərbaycanda İT sahəsində çalışması” mövzusu başqa ölkələrdə illərdir ki, var. Onlar bizim ölkədən başqa digər ölkələrdən də ən savadlı mütəxəssisləri öz tərəflərinə çəkə bildilər. İndi özümüz xaricdən mütəxəssis axtarırıq. Əgər Avropada, Amerikada hal-hazırda İT sahəsində olan maaşlarla Pakistan, Türkiyə və ya Hindistan mütəxəssisləri gətirib burada çalışdıracağıqsa və ona verilən məvacib həmin sahə üzrə azərbaycanlı bir mütəxəssisin məvacibindən 2-3 dəfə çox olarsa, yenə eyni hal davam edəcək. Kütləvi beyin axınının qarşısını almaq mümkün olmayacaq.

- Azərbaycanda İT mütəxəssisləri yetişdirmək üçün hansı təklifləriniz var?

- Problemin iki həll yolu var:

İT sahəsi üzrə təlimlər 7-ci sinifdən etibarən məktəblərdə başlamalıdır. İndiki kimi səthi deyil, həm nəzəri, həm də praktiki və dərin şəkildə həyata keçirilməlidir. İngilis dilini mütləq şəkildə tələb etməliyik. Bu sahədə güclü mütəxəssis olmaq üçün ingilis dili mütləqdir. Çünki öyrəndiyiniz sahənin ana dili ingilis dilidir. Tərcümələr çox da fayda vermir. Ölkədə 22 yaşdan kiçik bu sahədə olan gənclər arasında həvəsləndirici yarışmaların təşkil olunması və mükafatlandırılması təmin edilməlidir. Üniversitetlərdə sırf bu sahə üzrə fakültələr, laboratoriyalar olmalı və dövlət orqanları, özəl şirkətlər universitetlərlə əməkdaşlıq edərək, aidiyyəti sahə üzrə praktikalara şərait yaratmalıdır. Hazırda universitetlərdə İT sahəsi çox zəif tədris olunur. Az dərs saatı ayrılır və demək olar ki, yoxdur. Bu sahə üzrə dərs keçmək istəyən yerli və əcnəbi mütəxəssislərə tələb olunan şəraiti yaratmaq və müəyyən güzəştlər etmək lazımdır. Xarici İT şirkətlərini müəyyən vergi güzəştləri ilə ölkəmizə cəlb etmək lazımdır. Orada yetişən öz kadrlarımız real iş şəraitində çalışaraq, güclü mütəxəssis olacaqlar. Universitet tələbələrini o şirkətlərə təcrübəyə göndərmək lazımdır.

Problemin qısa dövrdə mümkün həlli:

Düzgün menecment. Yeni texnologiyaların və məhsulların tətbiqi layihələrini dövlət tərəfindən tələb olunması. Standart İT sturukturunun təyin edilməsi, dövlət tərəfindən təhlükəsizlik standartının hazırlanması və tətbiqin tələb olunması. Sərbəst iş qrafiki. Öz üzərində işləməyən, inkişaf etməyən, komanda ruhunu öldürən, sırf maaşa görə işə gələn "daydaylı" şəxslərin işdən uzaqlaşdırılması (Hər kəs "junior" mərhələsindən başlayır təbii ki. "Senior" olmaq yolunda inkişaf edənlər isə azdır). Düzgün rəhbər seçimi və rəhbərliyin mütəxəssislərə verdiyi dəyərin göstərilməsi.

Qeyd edim ki, problemin qısa dövrdə həlli ancaq əlimizdə olan güclü mütəxəssisləri itirməmək və yetişməkdə olan mütəxəssisləri həvəsləndirmək üçün keçərli olacaq. Məktəb vaxtlarında bu sahə yetərincə güclü tətbiq olunmazsa, yenə eyni problem davam edəcək və biz qısa dövr həlləri ilə yenə də əcnəbilərdən asılı qalacağıq. Əgər problemin uzun dövrdəki həllini tətbiq edərsək, qısa dövr həlli problem kimi yox, standartlarımız olacaq və biz güclü İT sahəmizlə başqa ölkələrin zavodlarının, şirkətlərinin seçimi olacağıq.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »