Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölümdən o qədər qorxurdu ki, özünə "axirət ordusu" hazırlamışdı...
Ölümdən o qədər qorxurdu ki, özünə "axirət ordusu" hazırlamışdı...

Öldükdən sonra tək qalmaq istəməyən Çinin ilk imperatoru qısa ömrünün böyük hissəsini özü üçün “ölülər ordusu” yaratmaqla keçirib.

Təxminən 2 min 5 yüz ildir yerin altında qalan bu ordu bu qədər zaman keçməsinə baxmayaraq, hələ də valehedici və qorxuducudur.

Çinin ilk imperatoru Qin Şi Huanq da 13 yaşında idarə etməyə başladığı əyalətə tezliklə yenilərini də əlavə edir, bundan sonra böyük Çin imperiyasının qurucusu və ilk imperatoru olur. Qin Şi Huanq sahib olduğu böyük güclə özünü sərhədsiz ölkələrin və ruhlar aləminin hökmdarı hesab edirdi.

Amma bütün bu gücə və böyük uğura baxmayaraq, onun ən böyük qorxusu və qaçmaq istədiyi tək şey ölüm idi. Hətta deyirlər ki, o bu qorxusunu aradan qaldırmaq və ömrünü uzatmaq üçün iksir (ab-həyat) axtarır.

Böyük Çin Səddinin tikintisinə başlayan Qin Şi Huanq Çinin ilk mərkəzləşdirilmiş bürokratik dövlət nizamını qurur və bu imperiyaya qanun, pul vahidi, yol sistemi, çəki, uzunluq ölçüləri və standartlaşdırılmış əlifba, yazı dilini tətbiq edir.

O zülmkar bir imperator idi. Xalqına qədim adət-ənənələri unutdurmaq və öz tarixini yazmaq istəyən Qin Şi Huanq eramızdan əvvəl 213-206-cı illər arasında Konfutsi tədqiqatçıları, alimləri və tarixçiləri tərəfindən yazılmış bütün kitabları yandırıb.

Daha sonra o, leqalizm kimi tanınan fəlsəfəni qəbul edir. Ərazisini genişləndirdikcə və imperiyasını gücləndirdikcə öz ölməzliyi haqqında düşünürdü daim. Bunun üçün o, hakimiyyətinin ilk illərində işə başlamış və bu gün tarixdə ən böyük məzarlıq kompleksi kimi tanınan əraziyə sahib olmuşdu. Yüz minlərlə işçinin çalışdığı türbənin inşası bildiyimiz məzar anlayışından tamamilə fərqli şəkildə aparılırdı. Çünki bura sadəcə məzarlıq deyildi.

Minlərlə əsgərin, arabaların, atların, silahların, cariyələrin və daha çoxunun gil maketləri hazırlanmışdı kompleksdə. Tikintisi eramızdan əvvəl 246-cı ildə Qin Şi Huanqın hakimiyyətindən cəmi bir neçə il sonra başlayan ərazidə böyük xəndəklər qazılmışdı.

Bu səngərlərdə hər biri öz ölçüsünə uyğun olan təxminən 8 min gil əsgər hazırlanmışdı. Əsgərlərin hər birinin üz ifadələri fərqli idi. Onların geyimlərinin məhz dövrün hərbi rütbələrini təmsil etmək üçün tikildiyi də bildirilir. Əsgərlər döyüşə hazır bir ordu kimi yerləşdirilmişdi. Bu, "axirət ordusu" anlaşılır.

1974-cü ildə bir fermer bağında təsadüfən gil heykəl tapır və bu barədə səlahiyyətlilərə bildirir. Və beləcə qazıntılara başlanılır. Qazıntılar zamanı 2 mindən çox hərbi və digər şəxsi əşyalar aşkar edilir. İmperator bu ərazini kiçik bir şəhər kimi dizayn etdirib və onun öz türbəsi isə rayondadır. Lakin tarixi sənədlərdə deyilir ki, imperator vəfat etdikdən sonra tikinti yarımçıq qalıb. Qazıntılar zamanı rast gəlinən bəzi mənzərələr bunu təsdiq edir. İndiyədək bu ərazidə 4 böyük səngər qazılıb. Xəndəklərdən üçü tamamlanıb, biri yarımçıq qalıb.

İmperatorun ölümündən sonra sağlığında onu müşayiət edəcək ordunun və digər əşyaların, “şəxslərin” olduğu səngərlərdən başqa, yaxınlıqda bir məzar yeri də var. Əslində bu məzarlıq ərazisi də bir çox mənbələrdə “yeraltı saray” adlandırılır.

Əksər tarixi qeydlər ilkin kurqanın hündürlüyünün 115 metr və eninin 2 min 76 metr olduğunu göstərir. Təbii ki, tikildiyi vaxt o tamamilə yeraltı deyildi, lakin min illər ərzində görünməz hala gəlmişdi.

Türbənin ərazidəki təpənin altında olduğu güman edilir. Lakin Çin hökuməti hələlik məzarın qazılmasına icazə vermir. Mütəxəssislər bunun bir çox səbəbi olduğunu düşünürlər. Birinci səbəb nə qədər inkişaf etmiş olsalar da, texnologiyanın qeyri-kafi olması səbəbindən bu dəyərli bölgəyə zərər verə biləcək hərəkətlərin həyata keçrilməsindən çəkinməkdir.

Digər mühüm səbəb isə bölgədəki torpaqlardan götürülən nümunələrdə civə miqdarının çox olmasıdır.

İmperatorun ölümsüzlük iksiri hesab etdiyi civə onu öldürsə də, hələ də məzarını qoruyur.

Qin Şİ Huanqın ölümsüzlüyü axtardığını demişdik. Bu səbəbdən də o dövrdə insanlar ömrü uzatdığına və əbədi həyat verdiyinə inanılan civəni iksir kimi içirdilər. Bu səbəbdən onun 30 yaşının sonlarında vəfat etdiyi güman edilir.

İmperator civəyə o qədər güvənmişdi ki, məzarının yerləşdiyi ərazinin ətrafında civə divarları çəkdirib. Dəfn yerinin müxtəlif tələlərlə qorunduğu da təxmin edilir. Lakin hələ də qazılmadığı üçün bu maraqlı məzarlıqda nə baş verdiyi dəqiq məlum deyil. Tədqiqatçılar torpaqdan götürülmüş nümunələrdə yüksək səviyyədə civə olduğu üçün, civə divarları hekayəsini qismən təsdiqləsələr də, türbə hələ də sirr olaraq qalır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »