Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
MTN-in həbsdəki general və polkovnikinin etirafı: “Bir-birimizə nifrət edirik, düşmənik”
MTN-in həbsdəki general və polkovnikinin etirafı: “Bir-birimizə nifrət edirik, düşmənik”

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan yüksək vəzifəli şəxsləri arasında qalmaqal baş verib. Bu qalmaqal elə dekabrın 27-də Bakı Apellyasiya Məhkəməsində - elə onların özlərinin işi üzrə məhkəmə iclasında müşahidə olunub.

Bizimyol.info xəbər verir ki, MTN-in İstintaq Baş İdarəsinin keçmiş rəisi, general Mövlam Şıxəliyev və bu idarənin tabeliyindəki idarə və şöbələrə rəhbərlik etmiş üç polkovnik – Sahib Ələkbərov, Yasin Məmmədov və Vüsal Ələkbərov birlikdə mühakimə olunur. General Şıxəliyev 2021-ci ilin aprelindən həbsdədir. Digər üç nəfər isə 2022-ci ilin sentyabrında Bakı Hərbi Məhkəməsində onlara hökm oxunanda məhkəmə zalından həbs olunub. Onlar hökmdən apellyasiya şikayəti verib. İndi həmin şikayətə baxılır.

Dekabrın 27-də apellyasiya məhkəməsində Yasin Məmmədov açıq şəkildə bildirib ki, o, uzun illər tabeliyində işlədiyi general Şıxəliyevə nifrət edib və bu gün də eyni hissləri keçirir. Onun sözlərinə görə, bu şəxsə vəzifəsinə görə hörmət edib:

“Mövlam Şıxəliyev mənə nifrət edir, mən də ona. Onun mənə hörməti olmayıb, mənim də ona. Ona vəzifəsinə görə hörmət etmişəm. Təhsin Ağayev də onun müavini olub. O da mənə qarşı düşmənçilik edib, mübarizə aparıb. Mən də bunlarla mübarizə aparmışam. Həyatım boyu bununla münasibətlərim gərgin olub. Bütün respublika bunu bilir. Həyatımı məhv edib - rütbə almağa, ev almağa qoymayıb”.

Yasin Məmmədov iddia edib ki, keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovla heç vaxt ünsiyyətdə olmayıb.

2015-ci ilin oktyabrında MTN ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti yaradılandan sonra bir çoxları işdən çıxarılsa da, Yasin Məmmədov yeni qurumda çalışmaqda davam edirdi. Hərçənd, onun adı 2015-ci ildə həbs olunan MTN-çilərin cinayət işində dəfələrlə keçirdi. İfadə verənlərin bir çox onun adını çəkir, hədə-qorxu ilə pul alınmasında iştirakından danışırdı. Yasin Məmmədov o zaman şahid kimi dindirilmişdi. Həmin dövrdə mediada Yasin Məmmədovun adının cinayət işində hallanmasına baxmayaraq, məsuliyyətə cəlb edilməməsinin səbəbləri haqda materiallar da yayımlanmışdı. Onun qorunmasının əsas səbəbkarı kimi, Mərkəzi Seçki Komissiyasının o zaman sədr müavini olan qardaşı Natiq Məmmədov göstərilmişdi.

Yasin Məmmədov isə məhkəmədə DTX-da 2021-ci ilə qədər qalıb işləməsinin səbəbi haqda danışarkən bildirib ki, o, 2016-2021-ci illərdə idarə rəisinin müavini olub: “Ustalıq dərəcələrim var, 5-6 medal almışam. 2015-ci ilə qədər MTN-in yaratdığı neqativ halları aradan qaldırmaq üçün gecə-gündüz işdə yatmışam. O haqsızlığı, ədalətsizliyi aradan qaldırmaq üçün canımı qurban vermişəm. O neqativ halları mən aradan qaldırmışam. Əgər cinayət eləmişdimsə, 2015-ci ildən 2021-ci ilə qədər DTX-da necə işləmişəm? Dövlət əhəmiyyətli işləri aparmışam. Çünki vaxtında Mövlam Şıxəliyev məni yüksəlməyə qoymayıb. Sonra da sənədlərimi vəkilliyə verdim.1 il keçəndən sonra isə məni istintaqa çağırdılar ki, guya kimdənsə pul almışam. Araşdırıb xitam vermək əvəzinə, mənə qanunsuz ittiham verildi...”

Yasin Məmmədovun belə çıxışından sonra zərərçəkmişlərdən Hüseyn Səfərov təklif edib ki, onu məhkəmə zalında Mövlan Şıxəliyevlə eyni şüşə kabinədə saxlamasınlar. Çünki bu, xoşagəlməz nəticəyə gətirib çıxara bilər: “Deyir, Mövlam Şıxəliyevlə düşmən mövqedəyik, bir-birini vurub öldürə bilərlər”.

Mövlam Şıxəliyev keçmiş işçisinin dediklərinə belə münasibət bildirib: “Mən bununla necə işbirliyində olub rüşvət almışam?”

Vaxtilə MTN-çilər tərəfindən qanunsuz tutulub, ailələrindən külli miqdarda pul alınandan sonra azad edilən zərərçəkmişlər keçmiş Baş Prokuror Zakir Qaralov və onun birinci müavini Rüstəm Usubovun, Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Əfqan Hacıyevin və başqa şəxslərin çağırılıb dindirilməsi haqda vəsatətlər qaldırıblar. Təqsirləndirilən MTN-çilər də bununla razılaşıb. Lakin hakimlər təmin etməyib. Ümumiyyətlə, hakimlər qərar verib ki, apellyasiya şikayətlərinə məhkəmə istintaqı keçirilmədən (şahidlər dindirilmədən, sübutlar araşdırılmadan, yalnız çıxışlarla) baxılsın.

Məhkəmə prosesi yanvarın 9-da davam edəcək.

Sentyabrın 21-də Bakı Hərbi Məhkəməsində hökm oxunanda digər üç nəfər də məhkəmə zalında həbs edildi. Mövlam Şıxəliyev 12 il, Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edildi.

Cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən, hədə-qorxu ilə adamların 5 milyon 77 min manatının ələ keçirilməsindən söhbət gedir.

Sabiq MTN-çilərin heç biri bu ittihamları qəbul etmir, özlərini təqsirli bilmirlər. Deyirlər ki, bu işləri özbaşına eləyə bilməzdilər, kiminsə haqqında cinayət işi başlanması, yaxud həbsdən buraxılması üçün mütləq prokurorluğun yazılı razılığı olmalıydı. Üstəlik, kiminsə haqqında həbs qərarı məhkəmədə hakim tərəfindən çıxarılır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »