Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərinə qadınlara təcavüz etməyi tapşıran rusiyalı qadınla bağlı qərar
Ərinə qadınlara təcavüz etməyi tapşıran rusiyalı qadınla bağlı qərar

Ukrayna Baş Prokurorluğu və Təhlükəsizlik Xidməti hərbçi ərini ukraynalı qadınlara təcavüz etməyə çağıran Rusiya vətəndaşına qarşı ittiham aktı hazırlayıb. Rusiyalı qadın müharibə qanunlarını və prinsiplərini pozmaqda şübhəli bilinərək beynəlxalq axtarışa verilib.

Bizimyol.info xəbər verir ki, Ukrayna xüsusi xidmət orqanları bir müddət əvvəl Roman Bıkovskinin həyat yoldaşı ilə telefon danışığı dinləyə bilmişdi. Yayılan səsyazısında Olqa Bıkovskaya ərinə mümkün qədər çox ukraynalı qadına təcavüz etməyi tapşırır.

Ukraynanın hüquq-mühafizə orqanları Rusiya Federasiyası vətəndaşının Ukrayna cəmiyyətinə qarşı şəxsi düşmənçilik zəminində fikirlər səsləndirdiyini bildirir. Bu isə müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında konvensiyanın, eyni zamanda, beynəlxalq silahlı münaqişələrin qurbanlarının müdafiəsi ilə bağlı Cenevrə konvensiyasının pozulması anlamına gəlir.

Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsi belə çağırışlara görə, 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Olqa Bıkovskaya haqqında qiyabi həbs-qətimkan tədbiri seçilib. Bundan başqa, qadın beynəlxalq axtarışa verilib.

Əslində, Ukrayna Baş Prokurorluğunun və Təhlükəsizlik Xidmətinin açıqlamalarında konkret ad çəkilmir. Amma “Sxem” hüquq müdafiəsi layihəsi söhbətin kimdən getdiyini dəqiqləşdirib.

Səsyazısında qadın ərinə onun ukraynalı həmcinslərinə təcavüz edə biləcəyini deyir. Amma bir şərtlə ki, Roman həyat yoldaşına bu barədə heç nə deməsin. Sadəcə, evə xəstəlik gətirməmək üçün qorunmağa çalışsın.

Ər və arvad Orlov vilayətində doğulublar. Amma bir neçə il əvvəl Krım yarımadasına köçüblər. Roman Bıkovski müharibədə müqavilə əsasında iştirak edir.

Jurnalistlərlə danışan hərbçi səsyazısında söhbətin onun ailəsindən getmədiyini bildirib. Olqa Bıkovskaya da ərinə belə söz dediyini etiraf etmək istəməyib. Rusiyalı qadın deyib ki, əri yaralıdır, bir müddətdir Sevastopolda müalicə olunur, döyüşlərdə iştirak etmir. Bıkovskaya jurnalistlərlə telefon danışığını yarımçıq saxlayıb. Qadın bundan sonra çoxsaylı zənglərin heç birinə cavab verməyib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »