Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Maraqlı qüvvələr bölgədə münaqişənin qalmasına çalışır"
"Maraqlı qüvvələr bölgədə münaqişənin qalmasına çalışır"

Artıq xeyli müddətdir ki, Şuşa-Xankəndi yolunda azərbaycanlı fəalların dinc etiraz aksiyası davam edir.

Əsas tələb ekoloji terrora son verilməsi və Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə azərbaycanlı ekoloarların və müvafiq qurumların monitorinq aparması üçün şəraitin yaradılmasıdır.

Nümayişin günlərdir davam etməsinə baxmayaraq Rusiya sülhməramlılarının komandanı general Volkov aksiya iştirakçılarının qarşısına çıxmır, onların tələblərini dinləmir.

Rusiya sülhməramlıları azərbaycanlı aktivistlərin irəliləməməsi üçün Laçın dəhlizini zirehli texnika ilə bağlayıb. Laçın dəhlizinin bağlı qalması isə, bölgə sakinlərinin həyatını çətinləşdirir.

Bir daha qeyd edək ki, yol Rusiya sülhməramlıları tərəfindən bağlanıb.

Amma əksər ölkələr - Kanada, Estoniya və digərləri yolu Azərbaycan tərəfi bağlayırmış kimi münazibət göstərir və narahatlıqlarını dilə gətirirlər. Qeyd edək ki, Kanada müharibə dövründə Ermənistana minalar və silah-sursat verən ölkələrdən biri olub. Estoniya şirkətləri isə qanunsuz olaraq işğal altında olan Azərbaycan torpaqlarının yağmalanmasında iştirak edib.

Əslində Azərbaycanın 30 illik işğalına göz yuman və bu gün Laçın dəhlizinin bağlı olmasından narahatlıqlarını dilə gətirən ölkələr riyakar siyasət yütüdüklərini sübut edirlər.

Azərbaycanın siyasəti isə, dəyişilməzdir. Biz heç kimin yolunu bağlamırıq. Biz Konstutsiya hüququmuza uyğun olaraq, özümüzə məxsus torpaqlarımıza getmək istəyirik və Rusiya sülhməramlıları bizim qarşımızı kəsərək, yolumuzu bağlayıb...

“Ana Vətən” Partiyasının sədr müavini, politoloq Yalçın Hacızadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan ictimaiyyətinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə baş verənlərə biganə qalmayacağı gözlənilən idi. Çünki bu xalq iki il bundan əvvəl “Dəmir yumruq” altında birləşərək, 30 ilə yaxın işğalda qalmış torpaqlarını qəhərmancasına döyüşərək, canı və qanı bahasına, övladlarını şəhid verərək azad etdi.

Yalçın Hacızadə Yalçın Hacızadə

Əlbəttə, xalqın iradəsi ən böyük gücdür. Azərbaycan xalqı tarix boyu düşmənə, təhlükəyə qarşı birləşmiş, bundan sonra baş verənlərə də biganə qalmayacaq. Dövlətin, xalqın mənafeyi naminə bir olacaq, öz sözünü deyəcək. Şuşa – Xankəndi yolunda davam edən etirazlar da iki ildir rus-erməni qanunsuzluqlarına qarşı xalqın iradəsinin nümunəsidir.

“Çox təəssüflər olsun ki, dünyanın həqiqətləri görünənlər deyil. Son 30 ildə yaşadıqlarımızdan bizə bir daha aydın oldu ki, dünya beynəlxalq hüquqla deyil, güc və maraqlar prinsipi ilə idarə olunur. Bəzi ölkələr və qüvvələr özlərinə sərf edəndə görürlər, digər hallarda kor olurlar. Azərbaycan torpaqları 30 ilə yaxın işğalda qalanda, ermənilər tərəfindən törədilən soyqırım, terror hadisələri törədiləndə, minlərlə insanımız qətl ediləndə, yüz minlərlə insan didərgin düşəndə, şəhərlərimiz xarabalığa çevriləndə görməzdən gələnlər, görmək istəməyənlər, amma hər zaman bizə insan hüquqlarından, beynəlxalq hüququn prinsiplərindən, hüququn aliliyindən dərs verməyə çalışanlar susurdular. İndi də rus-erməni qanunsuzluqlarına qarşı Azərbaycan xalqının etirazlarının əleyihinə bəyanat verməyə başlayıblar. Ermənistan tərəfindən işğal edilən torpaqlarımızda qanunsuz fəaliyyət göstərmiş, bilavasitə maddi və mənəvi sərvətlərimizin talan olmasında iştirak edənlər sülh göyərçininə, insan hüquqları carçısına çevrilmişlər”-deyən politoloq qeyd edib ki, Azərbaycan xalqı və dövləti artıq kimin kim olduğunu, maraqların nə olduğunu yaxşı bilir və görür.

Torpaqlarımız işğal altında olduğu üçün bəzən kimlərinsə bizə qarşı olan hərəkətlərini görməzdən gəlmək məcburiyyətimiz var idi. Çünki dövlətin və xalqın böyük planı, arzusu - torpaqları işğaldan azad etmək məqsədi var idi. Ona görə ümumi amal naminə bizə əyri baxanlara biz bəzən düz baxırdıq ki, məqsədimizə xələl gəlməsin, diqqətimiz yayınmasın.

Politoloq hesab edir ki, indi regionda yeni siyasi vəziyyət yaranıb. Amma regionun yerləşdiyi vacib coğrafi mövqeyə görə kənar qüvvələrin ona olan marağı yüksəkdir. Bu da bölgədə sabitliyin, sülhün əldə olunmasını çətinləşdirir.

“Münaqişələr kənar qüvvələrin bölgəyə daxil olması üçün açıq imkanlar yaradır. Ona görə də maraqlı qüvvələr bölgədə münaqişənin qalmasına çalışırlar. Öz məqsədlərinə çatmaq üçün zəif tərəfə böyük ümidlər verərək, öz alətlərinə çevirə bilirlər.

İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın böyük ümidləri puç olsa da, yenidən qol-qanad verməyə çalışırlar. Amma Ermənistana dost olan qüvvələr Ermənistanın çıxış yolunun, daha doğrusu həyat yolunun, gələcəkdə var olmaq şansının Azərbaycan və Türkiyə ilə dost münasibətlər qurmasında, sülh şəraitində yaşamasında olduğunu bildirməlidirlər”. Politoloq deyib ki, əks halda Ermənistanın gələcəyi sual altında olacaq.

P.S. Pafoslu danışmaq istəmirik, amma reallıq budur ki, Azərbaycan müstəqillik əldə edən gündən bugünə qədər heç bir ölkənin ərazisinə təcavüz etməyib, beynəlxalq hüququ pozmayıb, müharibə cinayətlərinə yol verməyib, hətta müharibə zamanı əsir və girovlarla davranışlarda göz önündə olub.

Bu gün Kanada, Estoniya kimi ölkələr 30 illik müharibə dövründə susduqları kimi sussalar yaxşı olar!

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »