Bazarlar tarixən də fərqli baxışların birlik bucağı olaraq ümummədəniyyətə açılan qapılar kimi səciyyələnirlər. Məhz fərqli insanları eyni məkanda bir araya gətirərək vətəndaşlarımızı - böyükdən kiçiyə hər kəsi sosial dəyər ətrafında cəm edən "Cığır" MDİD İB "Qutabdan kitaba" adlı pilot layihəsi ilə Bakı əhalisinin görüşünə gəlir.
İctimai birlikdən Bizimyol.info xəbər portalına verilən məlumata görə, hər həftəsonu Bakı yaşayış massivlərinin həyətlərində təşkil edilən sosial bazarda cəmiyyətin həssas qrup nümayəndələri - tənha dul analar toplanıb növbənöv qutablar bişirərək öz övladlarının, eyni zamanda digər ata himayəsindən məhrum abituriyentlərin təhsil təqaüdünə maddi dəstək göstərməyə çalışır. Bakı sakinləri elə öz məhəllələrindəcə layihənin bir parçasına çevrilir.
Könüllü tələbələrin hazırladığı şirniyyatlar, açıq havada keçirilən xeyriyyə kitab satışlarında ikinci əl kitablardan alaraq, könüllü rəssamlar tərəfindən keçirilən master-klaslarda öz övladlarının iştirakını təmin edərək layihənin əhəmiyyət və xoş ovqatını birə on artırır.
Sosial bazar layihəsinin ideya müəllifi, "Cığır" MDİD İB-nin sədri Yeganə Mirzəyeva layihənin cəmiyyətimizin həyatında böyük təsirindən bəhs edərək vurğulayır:
"Qutabdan Kitaba" sosial sahibkarlıq layihəsinin subliminal mesajı ondan ibarətdir ki, bir qutab bir əmanətin kitaba, elmə tərəf açılan yolunun başlanğıcıdır. Sosial sahibkarlıq mənəvi dəyərdir və onun təbliği birbaşa mənəvi dəyərlərin inkişafına xidmət edir. Tənha qadınların iş yeri təmininə dəstəklə bərabər, daha önəmli olan mənəvi qazancdır. Belə ki, kollektiv şəkildə sosial dəyər qazanan və paralel olaraq sosial məsuliyyətin verdiyi mənəvi zövqü dadan qadınlar cəmiyyətə də sosial dəyər qazandırmağa müvəffəq olurlar".
"Qutabdan Kitaba" sosial səhibkarlıq layihəsi paralel olaraq, "Mülk" alış-veriş mağazası, "Amber Soap", "Maidə tekstil", "Bərəkət düşbərələri", "Rangahəng-vitraj", "Perspektiv eko çantaları" kimi digər sosial sahibkarlıq layihələrinin bazara çıxışının təminatçısı olur.
İctimai birlik silsiləvi təşkil etdiyi bazarlarda coşqularına qoşulan, ziyarətləri və iştirakları ilə layihəyə rəng və dəyər qatan xeyirsevər Bakı əhalisinə dərin minnətdarlığını bildirir.
Bizimyol.info