Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Assasinlərdən üzübəri - Çağdaş zamanın Ələmutu: bizimlə kimlər və necə savaşır?

Bahəddin Həzi

Livan əsilli fransız yazıçısı Amin Maaloufun "Səmərqənd" romanında Həsən Səbbahın tarixi-bədii obrazı ustalıqla yaradılıb. Bu arada qalanın adı Ələmuq deyil, Ələmut qalasıdır. İlk və ən dəhşətli terror təşkilatını yaradana qədər Həsən Səbbahın Səlcuq hökmdarı Məlik şahın sahibi-xəbəri, indiki dildə desək, kəşfiyyatın rəhbəri olması da çox düşündürür. Çağdaş zamanımızda terror qruplaşmalarının böyük dövlətlərin kəşfiyyatlarına bağlılığı və ya terror liderlərinin bir çox hallarda keçmiş kəşfiyyat şefləri olması haqda çox informasiyalar yayılır. Əsasən əsilsiz də sayılmazlar. Məsələn, Qarabağda münaqişəni Sovet Azərbaycanlnda və Sovet Ermənistanında müxtəlif vəzifələrin adı altında kamufulə edilmiş və o zamankı superdövlətin - Sovet İttifaqının Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinin zabitləri olan kəşfiyyatçılar yaratdı, idarə etdi və açıq müharibə fazasına qədər gətirib çatdırdı.Bizə düşmən dövlətə gizli və açıq yardım edənlər də, işğala və soyqırıma təşkilati və informasiya dəstəyi verənlər, eləcə də, maliyyə və siyasi dəstəyi təşkil edən və əlaqələndirənlər də, o zaman artilleriyamızı və aviasiyamızı yanlış koordinatlarla azdıranlar da, motoatıcı qüvvələrimizi, piyada qoşun hissələrimizi pusqulara salanlar da, Qarakənd səmasında helikopteri vurub Azərbaycan hökumətinin yüksək vəzifəli heyətini qırdıranlar da... məhz həmin şəxslər idi. Mən 1990-cı ildə jurnalist araşdırması apararaq 1990-cı il qırğını ilə bağlı Azərbaycan Ali Sovetinin sədrinin adından, eləcə də, Azərbaycan Daxili İşlər Nazirliyində xüsusi müşavirədən sonra Moskvaya qoşun göndərin deyə vurulmuş teleqramların surətini əldə etmiş və yazı hazırlamış, qəzetdə dərc etmişdim. 1990-cı ildə prokurorluq orqanlarında yüksək vəzifə tutan biri məni: "Səni və ailəni yer üzündən silərəm" deyə təhdid də etmişdi bu yazıya görə. Bir həftə evimdə gecələyə bilmədim.

Kiçik bir haşiyə çıxım. İndi iki cümlə yazanlar dərhal özlərini qəhrəman elan edirlər. Əslində isə o illərdə yazıb alına imza qoyduğumuz hər qəzet materialı özümüzün özümüzə ölüm hökmümüz idi və biz bunu adi bir hal kimi qarşılayırdıq - elə bil belə də olmalıymış. Axı heç başqa cürü yox idi. Ancaq heç kim qəhrəman deyil. Ən azı ona görə ki, o jurnalistika da öldü, ancaq biz hələ yaşayırıqsa, nə qəhrəmanbazlıqdır, canım?! Mən həmişə yeri düşəndə deyirəm: biz bu peşə ilə məşğuluq deyə nə kiməsə minnət qoymalıyıq, nə də kimdənsə inciməliyik. Taleyimizi özümüz belə seçmişik.

90-cı il qırğını ərəfəsində SSRİ Daxili İşlər Nazirinin birinci müavini, Litva əsilli Sovet kəşfiyyat generalı Lisauskas Bakıda niyə peyda olmuşdu və bizim DİN-də nə barədə müşavirə keçirirdi? Sonradan Rusiya Təhlükəsizlik naziri olacaq Viktor Barannikov Azərbaycan Daxili İşlər Nazirliyində "nazirin birinci müavini" lövhəciyinin altında gizlənərək Azərbaycana qarşı nə təxribatlar törədirdi? Kimləri yetişdirib özündən sonra başımıza bəla qoyub etdi?! "Nezavisimaya qazeta"nın hərbi şərhçisi adı altında gizlənən kəşfiyyat zabiti Pavel Felgenhauerə 1993-cü ilin yazında Azərbaycan Qarabağda Arazboyu rayonları - Füzulini, Cəbrayılı, Zəngilanı itirməli olacaq deyə yazını hansı səviyyədə və nə məqsədlə sifariş etmişdilər?! ... Bunlar haqqında danışan yoxdur bu gün. Ən yaxın tariximiz haqqında xeyli gerçəklər var və hələ də gizli qalır. Maaloufun “Səmərqənd”i Okeanın dibində gizli yatan bir kitabdan – sirrlə dolu bir məxəzdən bəhs edir. Bizim bəlalarımızla bağlı gerçəkləri də beləcə bir sirr kitabı kimi “tamam məxfi” qrifi altında hansı Okeanın dibinə gömmüşük görəsən?!

Mənim demək istədiyim budur ki, Səlcuq hökmdarının etmadını itirib sürgünə göndərilən, bundan sonra baş vəzir Nizamülmülkə qatı düşmən kəsilən, terror təşkilatı yaradıb baş vəziri qətlə yetirən Həsən Səbbahdan üzübəri terrorla kəşfiyyat arasında həmişə bir bağ olub. Yan tərəfimizdə Ermənistan adlı terror dövlətini yaradan və bəsləyə elə böyük dövlətlətin böyük kəşfiyatları oldu. Milli qüvvələrin hökumətinə qarşı qiyam qaldıran Surət Hüseynova maliyyə, informasiya, nəhayət, siyasi dəstək də elə oralardan gəlmişdi. Bir qonşu kəşfiyyat ona silah verib prezident Elçibəyin üzərinə göndərmişdi, o biri qonşu kəşfiyyat Gəncədə qondarma polkovnikə "Quran" kitabı bağışladı (yəni Azərbaycanda milli hökuməti devirməyin müqəddəs iş olduğunu vurğulamaq istədilər). Bu gün də bizə qarşı dünyanın böyük kəşfiyyatları savaşır. Həm də tək bizə qarşı deyil, Türkiyəyə qarşı da. "Erməni soyqırımı" iddiasınəhən bir kəşfiyat proyektidir - ingilis xüsusi xidmətlərinin məhsuludur. Osmanlını Ərəb dünyasından çıxarmaq üçün ingilis kəşfiyatının inanılmaz avantüralarını, bu avantüraların qəhrəmanlarından saxta müsəlman lideri Ərəbistanlı Lourensi xatırlayın. Gözümzün qarşısında Yaxın və Orta Şərqdə bütöv terror dövlətlərini kim yaradır? (DEAŞ-ı məsələn) Və sonra da o terror dövlətini "yox etmək üçün" bölgə dövlətlərinə "yardıma gəlir - silahını satır. Ərəbistan yaramadasının, Körfəzin ölkələrini, Şimali Afrikadakı əksəri müsəlman olan dövlətlərini Qətərə qarşı "terroru dəstəkləyir" iddiası ilə qaldıranlar sonra elə həmin "terroru dəstəkləyən" Qətərə 12 milyardlıq hərbi uçaq satdı... Konsprologiya nəzəriyyələrindən uzağam. Nəzəriyyə deyil, faktlar aydın göstərir ki, hətta böyük-böyük dövlətlərin rəhbərlərini də Həsən Səbbahın çağdaş prototipləri yönləndirir. Elə bu gün bir yandan guya sülh axtarışına çıxan, o biri yandan Ermənistan adlı terror düşərgəsi saxlayan böyük qonşumuzu da göz önündə canlandırın. Görünür, Amerikada da, Avrasiyada da Assasinlər hərəkatını "nöqtə-vergül"ünə qədər incələyiblər. Belə məlum olur ki, monqol sərkərdəsi Ələmutu tutanda Səbbahın o dəhşət saçan kitabxanasını yandırmasaydı, çağdaş sahibi-xəbərlər hələ nə qədər "qiymətli" konspekt əldə etmiş olardılar.

...Bu arada amansız Tarix baş vəzir Nizamülmükün qətlində terrorun banisi Səbbahla yanaşı ona inanıb Səlcuq sarayınacan gətitib çıxarmış Ömər Xəyyamın faciəvi sadəlöhvlüyünü də ittiham edir. Həsən Səbbah qüdrətli Nizamülmülkü terrorla öldürdü. Düzdür, baş vəzirin “Siyasətnamə”sini öldürə bilmədi, ancaq böyük anlamda SİYASƏTi öldürdü. Terror dövrəyə girib siyasəti yönləndirən yerdə SİYASƏT bitər.“Tarix təkcə onu öryrədir ki, heç nə öyrətmir” deyib keçməyin, gənclər. Tarixə aldanmadan tarixi öyrənin.

Paylaş »
››› İki oğlu şəhid olan ananın şikayətinə cavab gəldi
››› "Region dünyanın barıt çəlləyinə çevrilib, partlayış bir qığılcıma bənddir"
››› “Yardımlının axundunu rayonda tapmaq olmur”
››› FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› Ərdoğan: "İğdırdan Azərbaycana yol çəkəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »