Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İrəvan və Bakı müqavilənin yalnız bir bəndi üzrə razılaşıblar” - Qriqoryan
“İrəvan və Bakı müqavilənin yalnız bir bəndi üzrə razılaşıblar” - Qriqoryan

Ermənistan və Azərbaycan sülh müqaviləsinin bir bəndi üzrə razılığa gəliblər.

Bizimyol.info xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

"Bu, Vyana Konvensiyası çərçivəsində diplomatik münasibətlərin qurulmasına dair bənddir. Qalan maddələrlə bağlı dəqiq razılıq yoxdur",- deyə, o, cümə günü parlamentdə vurğulayıb.

Ermənistan mediası bildirir ki, müzakirə olunan məqamlara gəlincə, o, Qarabağ məsələsini, sərhədin delimitasiyası və demarkasiyası məsələsini, blokadanın açılması və humanitar məsələləri qeyd edib.

Xatırladaq ki, dekabrın əvvəlində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan edib ki, Azərbaycan sülh yolu ilə nizamlanmaya dair saziş layihəsi hazırlayıb və Ermənistana təqdim edib. O, həmçinin 2022-ci ilin sonuna qədər Ermənistanla danışıqların üçüncü raundunun keçirilməsini mümkün hesab edib.

Bundan bir neçə gün sonra Ermənistan Milli Assambleyanın Xarici Əlaqələr Daimi Komitəsinin sədri, hakim “Mülki Müqavilə” fraksiyasının deputatı Eduard Ağacanyan bildirib ki, Ermənistan tərəfi Azərbaycandan təkliflər alıb və bu, əslində Ermənistanın təkliflərinə cavabdır.

Məlumat üçün bildirək ki, bu ilin yazında vasitəçilər Azərbaycanın Ermənistana iki ölkə arasında münasibətlərin qurulması üçün beş əsas prinsiplə bağlı təklifini təqdim ediblər. Bunlara, xüsusən, suverenliyin, ərazi bütövlüyünün dövlətlər tərəfindən qarşılıqlı tanınması; dövlətlər tərəfindən bir-birinə qarşı ərazi iddialarının olmamasının və gələcəkdə belə iddialarla çıxış etməmək öhdəliyinin qarşılıqlı təsdiqi; beynəlxalq münasibətlərdə bir-birinin təhlükəsizliyini təhdid etməkdən çəkinmək; dövlət sərhədinin delimitasiyası və demarkasiyası və diplomatik münasibətlərin qurulması; nəqliyyat əlaqələrinin açılması və digər müvafiq kommunikasiyaların yaradılması daxildir.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »