Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Rusiyanın “ölüm taciri”ni azad etdi, Baydenin istefası tələb olundu
ABŞ Rusiyanın “ölüm taciri”ni azad etdi, Baydenin istefası tələb olundu

ABŞ və Rusiya arasında mübadilə sazişi çərçivəsində Rusiya silah qaçaqmalçısı Viktor Butun sərbəst buraxılmasının əks-sədası davam edir. ABŞ-da hiddətə səbəb olan mübadilə Rusiyada “qələbə” kimi qiymətləndirilib. Tənqid oxları bir daha Baydenə yönəldilsə də, ABŞ mətbuatından etiraf kimi bir təhlil gəlib.

Bizimyol.info xəbər verir ki, Rusiyada həbsdə olan amerikalı qadın basketbolçu Britni Qriner rusiyalı silah qaçaqmalçısı Viktor But ilə məhbus mübadiləsi çərçivəsində azad edilib.

Sözügedən mübadiləni dünyaya açıqlayan ABŞ prezidenti Bayden “Bir neçə dəqiqə əvvəl Britni Qriner ilə görüşdüm. O, təhlükəsizdir. O, indi evə qayıtmaq üçün təyyarədədir”,- deyə bildirib.

Rusiyanın “But vətəninə qayıdıb” sözləri ilə təsdiq etdiyi mübadilə ABŞ-da rəsmi etirazlara səbəb olub.

Rusiya prezidenti Vladimir Putinin keçmiş müşaviri Sergey Markov mübadilə üçün “Putin Baydeni “döydü”” şərhini verib. Markovun sözləri ABŞ-ın ən çox oxunan qəzetlərindən biri olan “New York Post” qəzetinin manşetində yer alıb.

Xəbərdə Markovun aşağıdakı açıqlamaları qeyd edilib:

“Görünür, casusumuzu geri qaytardıq və əvəzində onlara adi bir qız verdik. Ticarət tamamilə bizim xeyrimizədir”.

Bundna əlavə, “Fox News” Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi ilə danışıb. “Fox News” sözügedən mənbənin “ölüm taciri” Viktor Butun silah qaçaqmalçılığına davam edə biləcəyini ifadə etdiyini vurğulayıb.

“Yüksək rütbəli müdafiə rəsmisi Rusiya silah satıcısı Viktor Butun qeyri-qanuni silah qaçaqmalçılığına qayıdacağından və bununla da bütün dünyada ölümcül münaqişələri alovlandıra biləcəyindən narahatdır”,- deyə hesabatda bildirilir.

“CNN International”-da dərc edilən təhlildə isə “Bəli, bu, Putinin qələbəsidir”,- deyə qeyd edilib.

Onu da əlavə edək ki, baş verənlərdən sonra ABŞ siyasətçisi Marjorie Taylor Greene Baydenin istefaya göndərilməli olduğunu açıqlayıb.

"Bayden tərəfindən azad edilən But nə qədər insanı öldürəcək" deyən Greene, Baydenin səlahiyyətindən sui-istifadə etdiyini iddia edib.

Xatırladaq ki, bədnam silah alverçisi, 55 yaşlı Viktor But dünyada “ölüm taciri” kimi tanınır.

But 2008-ci ildə dünyanın ən təhlükəli və ən yoxsul yerlərində silah ticarəti etdikdən sonra ABŞ və Taylandın birgə əməliyyatı nəticəsində Taylandda tutulub. ABŞ-da məhkəmə qarşısına çıxarılan silah taciri 25 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Əfqanıstanda Talibandan tutmuş Liviyada sabiq Müəmmər Qəddafiyə qədər bir çox əlaqələri olduğu iddia edilən Butun hərbi kəşfiyyatda əsas fiqur olduğu bildirilir.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »