Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İcra nümayəndələri fermada icra başçısı üçün marallar saxlayırmış
İcra nümayəndələri fermada icra başçısı üçün marallar saxlayırmış

Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı, 2021-ci ilin aprelindən həbsdə olan Alimpaşa Məmmədovun işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır. Dekabrın 8-də hakim Nural Əliyevin sədrliyilə keçirilən məhkəmə iclasında sabiq icra başçısı haqqında ittiham aktının elanı davam etdirilib.

Bizimyol.info xəbər verir ki, ittiham aktında Alimpaşa Məmmədova qarşı 6.8 milyonluq mənimsəmə və rüşvət ittihamından bəhs olunur. Ona təkcə rüşvətalma ilə bağlı 132 epizod üzrə ittiham verilib.

İttihamda yazılıb ki, Alimpaşa Məmmədov “Şəmkir-Yeni Göyçə-Dağ Çəyir” avtomobil yolunun çəkilişi üçün satınalma müsabiqəsinin qalibi olmuş idarənin müdirindən 240 min manat pul alıb.

O həmçinin 2015-2016-cı illərdə icra hakimiyyətinin keçirdiyi satınalmaların qalibi olmuş “Ağstafasutikinti” ASC-nin müdiri Vaqif Məmmədovdan 218 min manat rüşvət almaqda ittiham olunur.

İttihama əsasən, Şəmkirdə müxtəlif bələdiyyələrin təsis etdiyi iri müəssisələrə məxsus, dəyəri milyonlarla olan paylar icra başçısının göstərişiylə onun oğlunun adına keçirilib. Şəmkir şəhər bələdiyyəsinə məxsus “Abad Şəmkir” MMC-nin (zavod) 1 milyon 335 min manat dəyərində payı 2018-ci ildə Alimpaşa Məmmədovun oğluna satılıb. Satış isə cəmi 180 manata rəsmiləşdirilib. İki il sonra – 2020-ci ildə isə Adil Məmmədov da müəssisəni Fərid İslamzadənin adına keçirib.

Çinarlı bələdiyyəsinə məxsus “Çinarlı qəsəbə” MMC-nin 3 milyon 344 min manatlıq payları isə “Şəmkir səbəti” MMC-yə 40 manata satılıb. Bu şirkətin də rəsmi sahibləri keçmiş icra başçısının oğlu Adil Məmmədov, köməkçisi Mahir Əliyevdir.

Alimpaşa Məmmədova Bakının Nərimanov rayonu ərazisində “Sipark” yaşayış kompleksində iki mənzilin də rüşvət kimi verildiyi iddia olunur. İttihama əsasən, sabiq icra başçısı, Şəmkir şəhəri, Nizami küçəsi 2 ünvanında “Sipark Şəmkir” MMC-yə torpaq sahəsi ayrılması, ümumi himayədarlıq və laqeydlik müqabilində şirkətin sahibindən 2018-ci ildə iki mənzili alıb. İki mənzilin ümumi dəyəri 700 minə yaxındır.

Dekabrın 7-də keçirilən məhkəmə iclasına bir qadın şahid də dəvət olunub, lakin onu dindirməyə vaxt çatmayıb. Həmin qadın Alimpaşa Məmmədov icra başçısı olduğu dövrdə işra nümayəndəsi vəzifəsində çalışıb.

Sözügedən qadın və bir neçə başqa icra nümayəndələri Dövlət Təhlükəsizliyi Xidmətində bu iş üzrə istintaq getdiyi dövrdə şahid qismində dindiriliblər. Onlar dindirmə zamanı keçmiş icra başçısının maralları haqda da danışıblar. Deyiblər ki, Alimpaşa Məmmədov fermasında marallarını da onlara saxlatdırırdı. Yəni icra başçısının marallarına onlar baxırdılar. İcra nümayəndələri deyib ki, maralların qidasını – yemini də onlar alırdılar.

Keçmiş icra başçısının məhkəməsi dekabrın 15-də davam edəcək.

Alimpaşa Məmmədov 2014-2021-ci illərdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı olub. Bundan əvvəl isə o, 3 il Bakı Şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışıb.

Onun həbsindən sonra özünün və ailə üzvlərinin adına olan 10 milyondan çox dəyərində əmlakın üzərinə həbs qoyulub. Məsələn, “Abad Şəmkir” MMC – qida məhsulları istehsal zavodu, “Az Farel” MMC – balıq yetişdirmə və emalı müəssisəsi, Bakıda mənzillər və s.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »