Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Əməl edib-etməmək insanın şəxsi işidir, hesabını da Allaha verəcək" - Video
"Əməl edib-etməmək insanın şəxsi işidir, hesabını da Allaha verəcək" - Video

Son illərdə radikal dini hərəkat mənsublarının başqalarını təkfir etdiyinin şahidi olmaqdayıq. İnsanlar onun sitayiş etdiyi dinə, məzhəbə inanmayanları kafir adlandırmağa çalışır və onlara müxtləlif formalarda təzyiq göstərirlər. “Sən dinsizsən”, “Sən müsəlman deyilsən” və s. ifadələri hamımız zaman-zaman eşitmişik. Bəs təkfir günahdırmı?

Bu barədə Bizimyol.info xəbər portalına Türkiyə Kırıkkale Universiteti İslami Elmlər Fakültəsinin dosenti, əslən Azərbaycandan olan professor Şahin Əhmədoğlu danışıb. O, qeyd edib ki, bir müsəlmanın digər müsəlman qardaşını təkfir etməsi yəni, onu kafir olaraq görməsi doğru deyil. Çünki, İslam din olaraq, heç bir şəxsə belə bir haqq vermir.

“Ancaq insanlar özlərində belə bir haqq görürlər. Sanki, ölçü onlardır, onlar dini ən doğru şəkildə anlayırlar, ən doğru şəkildə yaşayırlar və başqalarına da buna məcbur edirlər. Biz İslam tarixinə baxdığımız zaman bunun örnəklərini görürük. Xüsusilə, ilk dövrlərdə ortaya çıxan siyasi, etiqadi məsələlərdən sonra müəyyən kəsimlər tərəfindən digər din qardaşlarını təkfir edən müəyyən qruplar ortaya çıxdı”,- deyən professor bildirib ki, əlində, bu təkfirçiliyin kökü 1400 il əvvələ qədər gedir. Belə ki, təkfirçiliyin əsas səbəbi siyasi iqtidar mübarizələridir. İnsanların müxaliflərini, özləri kimi düşünməyənləri təkfir etmələrinin kökündə əsasən siyasi məsələlər dayanır.

Professor qeyd edib ki, hətta, bəzi İslam alimləri buna ciddi şəkildə reaksiya göstəriblər.

“Məsələn, bəzi alimlər “Əhli qiblə təkfir edilə bilməz” demişdir. Bu, nə deməkdir? Bu, o deməkdir ki, kəlimey-i şəhadəti deyən hərkəs müsəlmandır. Əhli Qiblə olaraq adlandırılmaq üçün kəlimeyi şəhadəti demək kifayətdir. Əməl edib-etməmək insanın şəxsi işidir, hesabını da Allaha verəcək” - deyən Şahin Əhmədoğlu bildirib ki, istəyən dini öz bilgisi, məlumatı daxilində izah edə bilər. Bu, başqalarının xoşuna gəlməyə bilər.

“Biz burada nə etməliyik? Biz deməliyik ki, bu sənin şəxsi görüşündür, mən sənin kimi düşünmürəm. Amma, sən də mənim kimi düşünmədiyin üçün mən səni təkfir etmirəm. Biz problemin həllini başqa yerlərdə axtarırıq. Quranda “Allah tərəfindən sizə haqq olaraq göndərilənləri siz insanlara çatdırın və diləyən iman edər, diləyən inkar edər” deyə buyrulur. “Bu mənada Allah insanı azad buraxmışdır. İnsanlar onlar kimi düşünməyənləri təkfir etmə haqqına sahib deyil” - deyə professor vurğulayıb.

Daha ətraflı videomüsahibəni aşağıdakı ekrandan izləyə bilərsiniz:

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »