Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qızılbulaq”da qızıl qaydaların tətbiqi: Ağdərədə ekoloji anti-terror əməliyyatı... - Video
“Qızılbulaq”da qızıl qaydaların tətbiqi: Ağdərədə ekoloji anti-terror əməliyyatı... - Video

Məlum olduğu kimi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” QSC-nin nümayəndələrindən ibarət hökumət qrupu dekabrın 3-də Ağdərədə monitorinq aparmaq üçün əraziyə səfər ediblər. Monitorinqlə bağlı rəsmi məlumat yayan ETSN bildirib ki, nümayəndə heyəti Xocalıda Rusiya sülhməramlı qüvvələrin qərargahında müzakirələr aparıblar. Müzakirələr zamanı sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində aparılan qeyri-leqal fəaliyyətlər çərçivəsində faydalı qazıntıların qanunsuz istismarı və digər törəmə fəsadlarla bağlı ciddi narahatlıq və narazılıq diqqətə çatdırılıb. Faydalı qazıntıların qanunsuz istismarının aparıldığı yataqlarda və müvafiq digər məntəqələrdə monitorinq, əmlakın inventarizasiyası və ekoloji araşdırma işlərinin aparılmasının vacibliyi vurğulanıb. Müzakirələrin yekununda qeyd olunan ərazidə Azərbaycan hökumətinin müvafiq qurumlarının iştirakı ilə yol xəritəsinin hazırlanmasına başlanılıb.

Faktyoxla Lab. Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı ilə məşğul olanları və onları himayə edənlərin kimliyini araşdırıb.

İlk olaraq, bu bölgənin qısa geoloji coğrafiyasına nəzərə salaq. Qarabağ iqtisadi rayonuna daxil olan keçmiş Ağdərə (indiki Tərtər) rayonunun Gülyataq, Canyataq və Aşağı Orataq kəndlərində yerləşən “Qızılbulaq” qızıl-mis yataqlarının yerləşdiyi ərazi Azərbaycanın ən perspektivli mədən ərazilərindəndir. 1990-cı illərə qədər bu bölgədə geoloji-kəşfiyyat və qazıntı işləri birbaşa Azərbaycanın Geoloji Xidmət qurumları tərəfindən həyata keçirilib. Ermənistan Qarabağı işğal etdikdən sonra bu yataqlar 20 ilə yaxın müddətdə beynəlxalq trans-milli cinayətkar şəbəkə tərəfindən talan edilib. Halbuki həmin yataqların hər biri beynəlxalq səviyyədə Azərbaycanın mədənçıxarma yurisdiksiyasına aid sənaye rayonu kimi təsdilənib. 1997-ci il avqustun 21-də Azərbaycan hökuməti ilə “Anglo Asian Mining PLC” şirkəti arasında imzalanmış “Production Sharing Agreement” (PSA) sazişinə əsasən, “Qızılbulaq”, “Mehmanə”, “Canyataq-Gülyataq”, “Heyvalı” yataqları rayonu Böyük Britaniya şirkətinə verilib.

Ermənistan isə beynəlxalq hüquq və normalara əhəmiyyət vermədən işğalçı və talançı fəaliyyətini davam etdirib. Rəhbərləri erməni olan “Vallex Group” (korporasiyasının maliyyə investoru, İsveçrə vətəndaşı Vartan Sirmakes), “Vallex Group”un törəmə şirkəti “Base Metals” (səhmdarı Valeriy Mejlumyan və həmin QSC-nin baş direktoru Artur Mkrtumyandır) Kəlbəcər, Zəngilan və Ağdərə rayonlarındakı “Söyüdlü” və “Zod”, “Vejnəli”, “Qızılbulaq”, “Dəmirli” və digər zəngin qızıl, mis, molibden yataqlarının işlənməsi və istismarına cəlb edib.

Bu talançılığın başında Vartan Sirmakes dayanıb. Onun Korporasiyasına “Vallex Group” “ACP”, “Base Metals”, “Teghut”, “Vallex Mayning”, “Vallex İT” şirkətləri də daxildir.

Vardan Sirmakes törəmə şirkətlərindən biri olan “Gold Star”ı “Vejnəli”dəki qızıl mədənində əsas podratçı seçib. Kipr və Lixtenşteynlə ofşor əlaqələri olan Sirmakes və Mejlumyan hasilat işlərinə Argenitina, Avstraliya, Fransa, İran, ABŞ, Rusiya, İsveçrə, Hollandiya, Çin, Livan, Yunanıstan, Uruqvay, Hindistan, Kanada və digər dövlətlərin törəmə şirkətlərini cəlb etməklə separatçı rejimlə birlikdə Azərbaycanın təbii sərvətlərini istismar edib. Onların arasında “Canadian First Dynasty Mines Ltd”, “GeoProMining Ltd “(RF), “GPM Gold”, “Global Gold Armenian Ltd”, “Geologix Group”, “Rodino Haskovo”, “Centro Ceibal”, “Deccan Gold Mines Ltd”,” Indian Sterlite Gold Ltd” və digər şirkətlərin qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib.

Ağdərənin sərvətlərinin hasilatı üçün istifadə olunan avadanlığın böyük hissəsi Rusiya, Fransa, Hindistandan gətirilib. Kanadanın “Canadian First Dynasty Mines Ltd” və “Dynasty Mines” şirkətləri bilavasitə iştirakçı olub, Hindistanın “İndian Sterlite Gold Ltd” şirkəti isə “Vejnəli”də texnika təminatını üzərinə götürüb. Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində fəaliyyət göstərən “Vibrotexnik” firması Ağdərədə “Base Metals”la zəruri texniki avadanlıqların təchizatı sahəsində partnyorluq edib. Avstraliyanın “İnternational Base Metals Limited” şirkəti təbii ehtiyatların Avropa bazarlarına çıxarılmasında nəqliyyat-logistika xidməti göstərib. Bütün bu fəaliyyətlər açıq-aşkar beynəlxalq cinayətdir və 1907-ci ildə qəbul edilmiş İV Haaqa Qaydaları və 1949-cu il IV Cenevrə Konvensiyasının tələblərinin pozulması deməkdir. Qarabağın təbii sərvətlərini daşımaq üçün 2012-ci ildə Xocalı hava limanını yenidən inşa edərək yük təyyarələrinin enməsi üçün istifadəyə yararlı hala gətirib.

V. Sirmakes həm də İsveçrə saat istehsalçısı “Franck Muller” şirkətinin sahibidir. Onun “Vejnəli”dən oğurladığı qızılların böyük bir hissəsi də məhz dünyada brend hesab edilən “Franck Muller” saatlarının hazırlanmasında istifadə olunub.

“Vallex Group”un şefi, Zəngilan, Kəlbəcər və Ağdərədəki iqtisadi talançılığın “xaç atası” Vartan Sirmakesin isə bir ayağı “Artsax”da olub, mədən sənayesinin yerləşdiyi əraziləri davamlı səfərlər edib, Araik Arutunyana tapşırıqlar verib.

V. Sirmakes Azərbaycanın işğal olunmuş ərazilərində “Artsax Bank”ı təsis edib, Qarabağda zərgərlik fabriki açıb, Xankəndidə “Vallex Garden” adlı oteli inşa edib. 2012-ci ildə açılan otelə ABŞ, Fransa, Kanada, Livan-da yaşayan erməni lobbisinin üzvləri ilə bərabər, həmin ölkələrin dövlət və parlament nümayəndələri də gəlib, Azərbaycanın əleyhinə fəaliyyətlə məşğul olublar.

Sirmakesin Qarabağda qanunsuz fəaliyyəti təkcə dağ-mədən sənayesi sahəsi ilə məhdudlaşmayıb, 2015-ci ildə o, Suqovuşan kəndində balıq kürüsü istehsalı balıqartırma kombinatı da inşa edib. Fermanın 2021-ci ildən gəlir gətirəcəyi gözlənilirdi, lakin Azərbaycan Ordusu bu ideyaları yarımçıq qoydu. Məlumat üçün deyək ki, V.Sirmakes Xankəndinin Ermənistanla bağlayan Laçın yoluna alternativ olan 80 km-lik Ağdərə-Kəlbəcər-Zod yolunun çəkilməsinin əsas sərmayəçisi olub.

Maraqlıdır ki, Mejlumyan-Sirmakes “pulyuma çetesi”nin ən yaxın partnyorlarından biri, daha doğrusu kredit çantası Rusiyanın “VTB Bank” maliyyə qrupu olub. Mejlumyanın törəmə şirkətlərindən biri olan “Teghout” QSC Zəngəzurdakı məşhur “Teghout” və Zəngilandakı “Vejnəli” yatağının talanmasında “VTB Bank”dan maliyyə alıb. Bu əməkdaşlıqda Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan vasitəçi kimi külli miqdarda “haqq” alıb. Belə məlum olur ki, 2007-ci ilin dekabr ayında Rusiyanın “VTB Bankı”nın keçmiş rəhbəri Andrey Kostin ilə Ermənistanın eks-prezidenti Serj Sarkisyan iştirakı ilə “Tegout” layihəsi üzrə 250 milyon dollarlıq saziş imzalaması da təsadüfi deyil, həm bank faizini götürüb, həm də layihədən payını alıb.

Beləliklə, səxavətli maliyyə ayırmaları ilə mədən sənayesinə daxil olan VTB Bank” “Teghout” QSC-ni faktiki olaraq özünün törəmə şirkətinə çevirib. Yunan Kiprində qeydiyyatdan keçmiş QSC-nin səhmlərinin 49,95%- i “VTB”nin “Nairi Infrastructure Capital Ltd” hüquqi şəxsinə məxsusdur. Bir sözlə, “VTB Bank” uzun illər Zəngilanın təbii sərvətlərinin talanmasında əsas oyunçulardan biri olub.

Azərbaycanın təbii sərvətlərinin talanmasında Valeri Mejlumyanın yaxın şəriki Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyan olub. Xüsusilə də Valeri Mejlumyanın “biznes imperiyası”nı Sarkisyan idarə edirmiş və onun gəlirləri kiminlə bölüşdüyünü heç kim dəqiq bilmirdi.

Sarkisyanın davamlı olaraq Azərbaycana məxsus mədən yataqlarında olması, göstərişlər verməsi onun cinayətkar kimi hüquqi məsuliyyətini təsdiqləyir.

S.Sarkisyan, həmçinin Mejlumyanla birlikdə Ağdərədə “Dəmirli” (ermənilər Kaşen adlandırır) yatağında olub, öz “biznesinə” şəxsən nəzarət edib.

Sarkisyanın 2014-cü ildə Mejlumyanı “İqtisadiyyatın inkişafında müstəsna xidmətlərinə və mühüm şəxsi töhfəsinə görə” birinci dərəcəli “Vətən qarşısında xidmətlərə görə” medalı ilə təltif etməsi də təsadüfi deyil, bu peşəkar oğrunun pulu vətəndən üstün hesab edən Serj Sarksyanın xüsusi “nəzakətinin dəyəri”dir.

Serj Sakisyan digər cinayət ortağı Vartan Sirmakesin “xidmətlərini” də unutmayıb, onu Marseldə (Fransa) baş konsul təyin edib. 2011-ci ildə Ermənistanın 1-ci dərəcəli “Vətənə xidmətə görə” medalı ilə təltif edib.

Bu çetenin ən böyük cinayəti isə separatçı rejimin terrorçularına dəstək olması, onları silah və digər hərbi ləvazimatlarla təmin etməsi olub.

V. Sirmakesin mövcud hakimiyyətlə də sıx bağlılığı vardır. Böyük iqtisadi cinayətkar bu gün Paşinyanın ailə biznesinə də köməklik etməkdədir. Anna Hakopyanla isti münasibətləri də sirr deyil, Hakopyanın tez-tez onun yanında olması,” Franck Muller”dən bahalı hədiyyələr və böyük həcmdə maliyyə əldə etməsi adi vərdişə çevrilib.

Beləliklə,“Vallex Group” QSC, “Base Metals” və onların törəmə şirkətləri Qarabağın sərvətlərini talayaraq yüz milyonlarla dollar dəyərində valyuta qazanıblar. Onlar gəlirlərinin bir hissəsini Xankəndindəki cinayətkar rejimin büdcəsinə ödəyib, Serj Sarkisyana rüşvət veriblər, hazırda isə Paşinyanın xanımının “kuratorluğu” ilə İrəvan hökumətinə maliyyə ayırırlar. Bütün bu pulların mənbəyi isə Azərbaycanın təbii sərvətləridir.

Ancaq Azərbaycan İkinci Qarabağ müharibəsində öz ərazilərini işğaldan azad etdikdən sonra Mejlumyan və Sirmakesin “uzunmüddətli layihə və proqramları”na da “stop” qoyuldu. Azərbaycan Respublikası Baş Prokurorluğunun onlar barədə başlatdığı cinayət işinin materiallarını beynəlxalq səviyyədə rəsmiləşdirməsindən sonra bu cinayətkar şəbəkə geri çəklib. Baş Prokurorluğun Laçın, Kəlbəcər və digər rayonların ərazilərində xarici dövlətlərin erməni əsilli vətəndaşları olan şəxslərin ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları üzrə 21.10.2015 və 30.03.2018-ci il tarixlərdə Cinayət Məcəlləsinin 192.2.3 (qanunsuz sahibkarlıq) və 318.2-ci maddələri ilə (dövlət sərhədini qanunsuz keçmə) başlatdığı cinayət işinə əsasən,“Vallex Group”un maliyyə investoru, İsveçrə Konfederasiyasının vətəndaşı Vartan Sirmakes, həmçinin “Base Metals”nin rəhbəri Valeriy Mejlumyan və QSC-nin baş direktoru Artur Mkrtumyana qarşı ittiham irəli sürülüb, cinayət işi açılıb. Hər üç şəxs beynəlxalq axtarışa verilibdir.

Nəticədə, Sirmakes-Mejlumyan-Mkrtumyan cinayətkar şəbəkəsi Azərbaycan Komandosunun zəhmindən qorxaraq öz “sərmayələrini” Ruben Vardanyan vasitəsilə qorumaq qərarına gəliblər. Moskva tərəfindən Xankəndinə “dövlət naziri” təyin edilən Vardanyanın “Base Metals” şirkəti ilə razılaşdığı istisna deyil. Bu ticarətdə sülhməramlıların komandanı Andrey Volkovun ələ alınması da şübhə doğurmur. Sosial mediada Ruben Vardanyanın A. Volkova Moskvanın mərkəzində bahalı mənzil hədiyyə etməsi haqda məlumatlar yayılıb.

Onun xeyir-duası ilə sülhməramlılar cinayətkar erməni biznesmenlərinin “Qızılbulaq” mədəninin istismar edilməsinə geniş meydan verməkdədirlər. Həmin talançılıq faktları barədə videogörüntülər ictimaiyyətə məlumdur. Sözsüz ki, Azərbaycan hökuməti ən müasir texniki vasitələr, o cümlədən peyk çəkilişi vasitəsilə həmin ərazidə hərəkət edən insanların və nəqliyyat vasitələrinin hərəkətini izləmək, avtomobillərin nömrələrini görmək imkanına malikdir. Videomüşahidə materiallarından da görmək mümkündür ki, “KamAz” markalı avtomobillər erməni qeydiyyat nömrəli “Nissan Patrol” markalı avtomobilin müşayiəti ilə hər gün Laçın yolu ilə Xankəndidən Ermənistana yüklər daşıyır. Həmin yüklər Qarabağın şimalında, Ağdərə zonasında yerləşən “Qızılbulaq”, “Mehmanə”, “Dəmirli”, “Canyataq-Gülyataq”, “Heyvalı” (Drmbon) qiymətli və əlvan metal yataqlarından hasil edilən qızıl ehtiyatlarıdır.

Bu cinayətlərdə Vardanyanın Moskva ilə əlaqələrinin olmasını Rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov da istisna etmir. Politoloq bildirir ki, Vardanyan (videosujetdə 2:59-3:28 dəqiqələr) Qarabağda öz çirkin məkrli planlarının həyata keçirmək üçün bəzi siyasətçiləri ələ almağa nail olub, onun yaxın dostu Sirmakes İsveçrədəki şirkətinin qızıl ehtiyatlarını Azərbaycan ərazilərindən istismar etdiyi mədənlər hesabına təmin edir, indi Vardanyan öz səlahiyyətlərindən istifadə edərək onun xammal təminatını üzərinə götürüb.

Azərbaycan isə öz ərazilərindəki, o cümlədən Ağdərədəki qızıl yataqlarına nəzarəti bərpa edəcəyini, əraziyə müvəqqəti nəzarət edən sülhməramlıların öz hədlərini bilməsini tələb edir. Çünki həmin yataqlar rəsmi Bakı tərəfindən xarici investorlara verilib və onların fəaliyyəti təmin edilməlidir. Azərbaycan hökuməti 28 sentyabr 2021-ci il tarixində Böyük Britaniyanın “Anglo Asian Mining PLC” şirkəti ilə 1997-ci ildə imzaladığı sazişi yeniləyərək Hasilatın pay bölgüsü üzrə “Vejnəli” və “Qızılbulaq” yataqlarının istismarını bu şirkətə verib. “Anglo Asian Mining PLC” şirkəti 2022-ci ilin sentyabrında Zəngilan rayonu ərazisində yerləşən “Vejnəli” qızıl yatağında intensiv kəşfiyyat işlərinə başlayıb.

Şirkət hazırda Qarabağdakı “Qızılbulaq” və “Dəmirli” yataqlarına da dair müqavilə öhdəliklərinə başlamaq istəyir. Bir müddət əvvəl yaydığı açıqlamada bildirib ki, Qarabağ iqtisadi rayonunda yerləşən “Qızılbulaq” və “Dəmirli” yatağının işlənməsi əsas planlardan biridir və hazırda Rusiya sülhməramlılarının yerləşdiyi bu bölgəyə Şirkətin fiziki çıxışını təmin etmək üçün bütün imkanlardan istifadə ediləcəkdir.

Vaxt gözləmir, çünki “Anglo Asian Mining PLC” 5 il müddətinə kəşfiyyat və gələcək hasilat potensialının qiymətləndirilməsi işlərinin aparılması, daha sonra iki dəfə beş il uzadılmaqla 15 il müddətində inkişaf və istismar hüququna malik olduğundan Ağdərədə işlərə tezliklə start verməyi düşünür. Bu baxımdan Azərbaycan hökuməti Böyük Britaniya şirkətinin Ağdərədəki fəaliyyətini tezləşdirmək istəyir və Azərbaycanın ETSN, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” QSC-nin nümayəndələrinin dekabrın 3-də Ağdərəyə monitorinq səfəri və Yol Xəritəsinin hazırlanması qərarı da məhz bu qanunsuz iqtisadi fəaliyyətin dayandırılması, Böyük Britaniya şirkətinin “Qızılbulaq” və “Dəmirli” yataqlarında fəaliyyətinin təmin edilməsi ilə bağlıdır.

Bunun üçün bütün zəruri tədbirlərin görüləcəyi istisna deyil, hələlik Ağdərəyə mülki missiya göndərilib və nəticə göz qabağındadır. Azərbaycan artıq Laçın dəhlizində mini gömrük postları qurmağa hazırlaşır. Gömrük məntəqəsi Vardanyanın və sülhməqamlı dostlarının, eləcə də Azərbaycan hökuməti tərəfindən beynəlxalq axtarışa verilmiş Sirmakes-Mejlumyan-Mkrtumyan çetesinin talançılıq planlarını da alt-üst etmək üçün ilk həmlədir. Ekoloji anti-terror əməliyyatıdır, mini xəbərdarlıqdır.

Yol Xəritəsinin masştabı genişdir və yaxın vaxtlarda makro-postların qurulacağı, makro- əməliyyatların keçiriləcəyi istisna deyil. Bir sözlə, Azərbaycan öz ərazisində həm qanunsuz iqtisadi, həm də silahlı fəaliyyətlərin qarşısının alınması üçün bütün tədbirləri görməkdə israrlıdır.

Son xəbərlər
Bütün xəbərlər »