2020 -ci il 44 günlük Vətən müharibəsindən sonra 10 noyabr tarixli üçtərəfli razılaşmaya əsasən Rusiya Federasiyasının “sülhməramlı” kontingenti 1960 nəfər hərbçi, 90 zirehli transportyor, 380 maşın və xüsusi texnika Dağlıq Qarabağda qoşunların təmas xətti və Laçın dəhlizi boyunca yerləşdirildi.
İlkin razılaşmaya əsasən, Rusiya qoşunları tərəflər arasında sülhün təminedicisi rolunu oynayacaqdı. Amma təəssüf olsun ki, tərəfsiz kimi göstərilən “sülhməramlılar” elə fəaliyyətlərinin ilk günlərindən tərəf olduqlarını sübut etdilər. Azərbaycan torpaqlarında xidmət etdiklərini unudub, Ermənistana müxtəlif üsullarla yardım etməyə başladılar.
Qondarma mitinqlərin keçirilməsi, Azərbaycan ərazilərinə təxribatçıların buraxılması, təbii sərvətlərimizin istismarına şərait yaradılması, daha nələr, nələr - fəaliyyətlərin adı "Sülməramlılar"dır.
“Rusiya sülhməramlarının bölgədə fəaliyyəti təbii ki, mandatından kənara çıxan bir fəaliyyətdir”.
Bu barədə Bizimyol.info xəbər portalına danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, Azərbaycan tərəfi özünün siyasi iradəsi ilə onu nəzərdə tutulan istiqamətə məcbur etmək imkanına sahibdir.

“Biz sadəcə, bu prosseslərin bir az dinc məcrada irəliləməsinə maraqlı olduğumuza görə, münasibətləri çox sərtləşdirmək istəmirik. Son vaxtlar Rusiya sülhməramlılarının Qarabağ ərazisinə Azərbaycanın verdiyi dəhliz vasitəsilə İrandan gələn cəsus şəbəkəsini, başqa ölkələrdən gələn təxribatçıları buraxması, eyni zamanda Rusiyadan olan və bölgədə separatçılığın dəstəklənməsi istiqamətində çalışan qüvvələrə müəyyən imkanlar yaratması, orada mitinqlər təşkil etməsi bu mandata uyğun olmayan bir fəaliyyətdir.
Azərbaycan tərəfi də, bu fəaliyyəti çox ciddi narahatlıqla izləyir. Vəziyyət həmin ölkənin təmsilçilərinin diqqətinə çatdırılmışdır”,- deyə deputat bildirib.
Onun sözlərinə görə, Azərbaycan bu məsələdə ardıcıl addımlar atmaq niyyətindədir.
Deputat hesab edir ki, siyasi-hərbi xarakterli tələblər də qoyulmalı: “Gömrük postunun qurulması və başqa yoxlanış məntəqələrinin gözdən keçirilməsi ilə bağlı müəyyən tələblər irəli sürülüb. Bunlar reallaşdırılmalıdır”.
Onun fikrincə, Rusiyanın Ermənistan üzərindən Azərbaycanın əsas ərazisi ilə Naxçıvanın əlaqəsini bərpa etməyə səy göstərməməsi və bu istiqamətdə öhdəliyin yerinə yetirilməməsi də, bölgədəki Rusiya sülhməramlı kontingentinin gələcək taleyinə ciddi təsir edəcək. Çünki bu məsələlər üçtərəfli bəyanatda yer alıb.
“Prosses hələ ki, yenə də ehtiyatlı şəkildə getməlidir. Tələblərimiz gündəmə gətirilməlidir. Amma sonunda Azərbaycan öz siyasi iradəsini qətiyyətli şəkildə ortaya qoyacaq. Hər bir halda mandatdan kənara çıxacaq bütün addımlar Rusiya sülhməramlarının gələcək taleyinə öz təsirini mütləq göstərəcək"- deyə siyasətçi qeyd edib.
Son məlumata görə, yenə də Rusiya sülhməramlılarının nəzarət etdiyi əraziyə İrandan 13 nəfərlik qruplaşma buraxılıb. Görünən odur ki, İran Azərbaycanla Ermənistanın qardaşı kimi döyüşməyi planlayır.
İradə Cəlil, Bizimyol.info