Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada kütləvi psixoz: Stalinqrad adını geri qaytarırlar
Rusiyada kütləvi psixoz: Stalinqrad adını geri qaytarırlar

Stalinqrad uğrunda döyüşlər İkinci Dünya Müharibəsinin gedişinin dəyişməsində böyük rol oynamışdı. Müharibədən sonra SSRİ-də bu ad qəhrəmanlıq rəmzi kimi səsləndirilirdi. Amma Stalinin ölümü ilə vəziyyət də dəyişdi. 1961-ci ildən şəhər Volqoqrad adlanmağa başlandı.

Bizimyol.info xəbər verir ki, Rusiyada Stalinqrad adını geri qaytarırlar. Bununla bağlı konkret təklif irəli sürülüb. Volqoqrad Veteranlar Şurası şəhərin köhnə adının qaytarılmasının vacibliyi barədə bəyanat yayıb. Böyük ehtimalla siyasi hakimiyyətlə razılaşdırılmadan belə addım atılmayıb.

Şəhərin adının 2023-cü il fevralın 2-nə qədər dəyişdirilməsi gözlənilir. Çünki həmin gün Stalinqrad döyüşlərinin 80 illiyi qeyd olunacaq.

Şəhər 16-cı əsrin ortalarından 1925-ci ilə qədər Tsaritsın adlanıb. Yaşayış məntəqəsi Stalinqrad adını 36 il daşıyıb. Stalin kultunun ləğvi şəhərin yeni adına da zərbə endirib. Beləcə, şəhər Volqoqrad adlanmağa başlayıb.

Şəhərin qədim adının maraqlı tarixçəsi var. Buranın əsası təxminən 1555-ci ildə Volqanın sol sahilinə yaxın bir adada qoyulub. Amma şəhər tezliklə Tsaritsa çayının Volqaya qovuşduğu yerdən sağ sahilə köçürülüb. Oradan da Tsaritsın adı qalıb.

“Tsaritsa” hidronimi də öz növbəsində türkcə “sarı” və “su” ifadələrinin birləşməsindən formalaşıb. Başqa bir fərziyyə isə indiki İran torpaqlarındakı Tsitsara adasına görə şəhərin belə adlandırılmasıdır.

1961-ci il noyabrın 10-dan şəhər Volqoqrad adını daşıyır. Amma bunu yetərincə süni sayanlar var. O vaxt RSFSR Ali Soveti Rəyasət Heyəti ad barədə çox düşünməmək qərarına gəlmişdi. Volqa adının arxasına “qrad” formantı yapışdırılmışdı. Halbuki bu formantın çay adı ilə birləşməsinin rus toponimikasında heç bir analoqu yoxdur.

Stalinqrad döyüşlərindəki canlı itki ilə bağlı hələ də dəqiq rəqəmlər söylənilmir. Tərəflərin ümumilikdə azı 2.5 milyon nəfəri itirdiyini idda edən mənbələr var. Şəhərin bərpası zamanı təxminən 90 min əsirin öldüyü bildirilir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »