Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sülh" məramlılar, yoxsa?..
"Sülh" məramlılar, yoxsa?..

Sülhməramlılar, ya da Rusiyanın Azərbaycan üzərində nəzarətini itirməməsi üçün təhkim edilmişlər!

2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan ərazisinə təhkim edilmiş, fəaliyyət müddəti 4 il 6 ay nəzərdə tutulmuş bu qüvvələrin fəaliyyətinə nəzər salanda keçən müddət ərzində Ermənistana qanunsuz silah daşımalarına yaratdıqları şəraiti və bir çox "maraqlı" əməllərini görmüşük. Təəssüf ki, bu iki il müddətində onların bu qanunsuz fəaliyyətlərinin qarşısında söz ilə etiraz etdik. Nə qədər acınacaqlı olsa da, əməli etirazımız olmadı.

Ötən günlərdə “sülhməramlıların” azərbaycanlıları Azərbaycan torpaqlarına buraxmaması, azərbaycanlı jurnaslitlərlə kobud danışması və bununla yanaşı ərazidə Ermənistan dövlət nömrə nişanlı avtomobillərin olması, Azərbaycan ərazisinə gedən yolun azərbaycanlıların üzünə bağlanması bir daha sübut etdi ki, bu qüvvələrin məramı adında olduğu kimi sülh deyil. Əslində vəzifəsi münaqişəni yatırmaq, gərginliyə son vermək olsa da, real olan budur ki, bu məramı sülhdən başqa hər nə desən olanlar Ermənistanın yenidən güclənməsinə çalışır.

Azərbaycan nə etməlidir?

“Ağ” partiyasının sədr müavini, politoloq Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 9 noyabr üçtərəfli razılaşması həyata keçəndən sonra bir əsəb oyunu gedir. Kimin əsəbi daha davamlıdır?! Bu əsəb oyununda kim təmkinli, kim daha səbrli, kim daha soyuqqanlıdırsa, o da qalib gələcək.

Əhəd Məmmədli Əhəd Məmmədli

Politoloqun fikrincə, bu əsəb oyununda Azərbaycana qarşı Rusiya və Ermənistan çoxsaylı provakasiyalarla bir yerdədirlər.

“Biz 9 noyabrdan sonra basqıya başlamalı idik. Fikir verin, məhz bu tarixdən sonra ruslar orada möhkəmlənməyə başladılar, ermənilər özlərini toparladı. Biz isə dayanıb gözlədik. Bu səhv idi. Biz indi basqılara başlamışıq. Bu basqılar davam etməlidir”,- deyə politoloq qeyd edib. O, bildirib ki, sülhməramlıların 4 il 6 ay müddəti var. Bu müddət bitməmiş ruslar Azərbaycan tərəfindən oradan çıxarılmalıdır. Buna nail olmaq üçün isə, 3 addım atılmalıdır. Birincisi, Laçın yolu bağlanılmalı, Azərbaycan tərəfi oranı tam nəzarətə götürməlidir. İkincisi, Sərsəng su anbarı nəzarətə götürülməlidir. Ancaq bu halda ermənilər tam Azərbaycandan asılı qalacaqlar. Üçüncüsü isə, Xankəndinə Azərbaycanın yurisdiksiyası təmin edilməlidir. Xankəndində Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağı dalğalanmalıdır.

“Bütün bunlar olandan sonra rusların orada qalmasının mənası itəcək. Qalsalar da, bu ermənilər və yaxud ruslar üçün ciddi şəkildə nəyisə dəyişməyəcək.

Azərbaycan bu addımları atmalıdır, əks halda ruslar orada ermənilərin hansısa provakasiyalarının nəticəsi olaraq, müddətlərini uzadacaqlar. Buna da qətiyyən yol vermək olmaz. Azərbaycan Xankəndinin ətrafına nəzarəti 4 il 6 aya qədər, yəni rusların orada olduğu müddətdə götürməlidir”.

Deməli siyasi analitiklər Azərbaycanın başqa çıxış yolu olmadığı qənaətindədirlər. Əks halda növbəti status-kvoda məsələ bir daha dondurulacaq, on illərlə uzadılacaq, yəni məqsədli.

Ermənilərə nəfəs almaq imkanı veriləcək. Bu səbəbdən də Azərbaycan istər Qarabağ, istər Xankəndi ətrafı, istər Zəngəzur və Göyçə istiqamətlərində irəliləməyə davam etməlidir.

“Əgər biz ermənilərin ağıllanıb sülh masasına oturub, Azərbaycanın tələblərini yetinə yetirməsini istəyiriksə, BMT tərəfindən Ermənistanın ərazisi tanınan yerlərə müdaxiləmizi, hərbi əməliyyatlarımızı davam etdirməliyik. Ermənilər özlərində qaçqınlıq, ərazi itirmək hissini öz içlərində hiss etməyənə qədər, onlar ağıllanmayacaq. Azərbaycanın şərtləri və tələblərini nəzərə alaraq, masa arxasına oturmayacaqlar”-deyə politoloq bildirib.

P.S. Gəlin bir keçmişə nəzər salaq. Çox uzağa deyil, 90-cı illərə. Ərazilərimizin ard-arda işğalı, bir milyon qaçqın və didərgini olan ölkə, verdiyimiz itkilər, şəhidlər, Xocalı qətliamı, bir sözlə ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi məqsədyönlü siyasət.

30 ildən sonra torpaqlarımızı qan bahasına işğaldan azad etdik. Bu savaş davam edir, ermənilər Azərbaycan torpaqlarında rus havadarlarının və İran rejiminin köməyi ilə at oynatmağa çalışdıqca davam da edəcək.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »