Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran rejiminin "hiyləgər qərar"ı etirazları sakitləşdirəcəkmi?
İran rejiminin "hiyləgər qərar"ı etirazları sakitləşdirəcəkmi?

Üç aydan çoxdur ki, İranda davam edən etiraz aksiayalarının ilkin nəticəsi kimi ötən gün ölkədə “əxlaq polisinin” ləğv edildiyi elan edilib. Belə ki,İranın baş prokuroru bildirib ki, “Əxlaq” polisinin fəaliyyətinin məhkəmə sistemi ilə heç bir əlaqəsi yoxdur və “keçmişdə yaradıldığı mənbədən bağlanıb”.

İranda əxlaq polisinin ləğv edilməsini aksiyaların ilkin nəticəsi adlandırmaq olar. Çünki ölkədə aksiyalar Məhsa Əmini adlı gənc qızın başını düzgün şəkildə balamadığına görə, əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra ölməsindən sonra başladı. Əvvəlcə hamı gənc qızın ölümü ilə balı aksiyalara qatılsa da, zamanla aksiyalarda şüarlar da dəyişdi. Belə ki, sonrakı dövrlərdə artıq İranın bütün şəhərlərində etirazçılar qadınlara azadlıq tələb edir, rejimin getməsini istəyirdi. Hətta Güney Azərbaycana aid olan şəhərlərdə “Azadlıq, Ədalət, Milli Hökümət” şüarları səsləndirilirddi. Bu dövr ərzində isə İran rejimi 20 minə yaxın etirazçını həbs etmiş, etirazçıların edam edilməsi ilə bağlı qətnamə qəbul etmiş 65-i uşaq olmaqla 400-dən çox etirazçını öldürmüşdür.

- Və əxlaq polisi ləvğ edilir... İran rejiminin bu addımı etirazları sakitləşdirəcəkmi? 

“Ana Vətən” Partiyasının sədr müavini, politoloq Yalçın Hacızadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İranda etirazların başlamasına səbəb olmuş əxlaq polisi ləğv edilib və İran rəsmilərinin açıqlamalarına görə məcburu başörtüsü ilə də bağlı yeni qaydalar hazırlanır.

Yalçın Hacızadə Yalçın Hacızadə

Politoloq hesab edir ki, molla rejimi tərəfindən mütərəqqi addım kimi qiymətləndirilən bu qərarlar cəmiyyəti aldatmağa yönəlib və etirazları dayandırmayacaq. Doğrudur, əxlaq polisinin insanların yaşayışına, davranışına böyük müdaxiləsi olurdu ki, bu da haqlı narazılıq yaradırdı. Amma İrandakı etirazların səbəbi daha genişdir və əsasən 3 faktora söykənir. Yalçın Hacızadə qeyd edib ki, bu faktorlardan birincisi dini rejimdir. İranda yaşayanların böyük əksəriyyəti din adı altında əxlaqsızlıq, rüşvətxorluq edən hakimiyyətdən, əsasən də dini qaydalardan, insanların yaşayışına, azadlıqlarına müdaxilə edən teokratik rejimdən bezib. İkincisi, sosial vəziyyətdir. Bu gün İranda sosial vəziyyət ağırdı və xalq bunun səbəbini dini hakimiyyətin apardığı yanlış siyasətdə görür. Dünyanın ən böyük enerji sərvətinə malik olan ölkənin vətəndaşı ən aşağı vəziyyətdə yaşayır. Hakimiyyətin qərb ilə gərgin münasibətləri, Yaxın Şərq regionunda gedən münaqişələrdə iştirak, yüz minlərlə silahlı qüvvələrin kənarda saxlanılması, başqa ölkələrə dini rejimin “ixracı” cəhdləri məhdud imkanlarla yaşayan xalqın sərvətinin böyük hissəsinin xərclənməsi hesabına aparılır. Ücünçü də, milli, etnik vəziyyətdir. Bilirik ki, İran xalqlar həbsxanasıdır və farslarla müqayisədə digər etniklərə qarşı böyük diskirminasiya aparılır.

Politoloq bildirib ki, İranda bu zamana qədər də müxtəlif səbəblərlə etirazlar olub, amma bu dəfəki etirazların miqyasının genişliyi və uzunmüddətli olması bu 3 faktorun birləşməsindəndir. Yəni etiraz edənlər həm rejimdən bezib, həm ağır sosial-iqtisadi vəziyyətdədirlər həm də etnik kimlikləri, hüquqları ciddi şəkildə pozulur.

“İran höküməti bu dəfə etirazları dinc yollarla yatırmaq üçün mütləq xalqın yaşayışında, sosial vəziyyətində, hüquqi sərbəstliyində hiss edə biləcəyi köklü dəyişikliyə getməlidir. Bunları da edəcəyinə inamıram, çünki rejim bu zamana qədər sərtliyi hesabına yaşaya bilib. Həm də hakimiyyət bilir ki, qaydaların yumşalması dini rejimin gücünü, təsirini azaldacaq. Sosial, iqtisadi inkişaf xalqı daha da aktivləşdirəcək. Etnik azadlıqların, hüquqların verilməsi də xalqların tələblərinin çoxalmasına, müstəqillik, azadlıq arzularının reallaşmasına gətirəcək” - deyən Yalçın Hacızadənin fikrincə, bütün bunları nəzərə alınarsa, etirazlar daha da böyüyəcək, İranıda müəyyən dəyişikliklər baş verəcək və ya böyük dəyişikliklərin təməli qoyulacaq.

P.S. Təbii ki, ölkədə rejimin dəyişməsi üçün meydanlara axışan xalqı aldatmaq üçün əxlaq polisi kimi bir qurumun ləğv edilməsi təəccüblü görünməməlidir. Amma görünən odur ki, molla rejimi hakimiyyəti əldən verməmək üçün əmmaməni tullayıb, saqqalı qırxmaa da hazırdır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »